BolgeXeber.Com » Analitika » Səlim Müslümov siftə elədi

Səlim Müslümov siftə elədi

29-10-2013, 11:50
Oxunub: 5 375 Elnur Kələntərli işdən çıxarıldı, onun yerinə isə Əjdər Cəbiyev təyin olundu

Yaxın günlərdə nazir müavini İlqar Rəhimov və bir neçə şöbə müdirinin də vəzifədən azad edilməsi gözlənilir

Qəzetimizin 25 oktyabr 2013-cü il tarixli sayında (http://gundelikbaku.com/index.php?newsid=16020#.Um4uvfnxrR8) «Füzuli Ələkbərovun sabiq komandası parçalanır» başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yeni rəhbəri Səlim Müslümovun həyata keçirəcəyi kadr islahatlarından xəbər vermişdik. Bildirmişdik ki, nazir müavini İlqar Rəhimov və Aparat rəhbəri Elnur Kələntərli öz vəzifələrini tezliklə itirməli olacaqlar. «Ehtimallara görə, Elnur Kələntərlinin yerinə Dövlət Sosial Müdafiə Fondunun Aparat rəhbəri işləyən Cəbiyev Əjdər Feyzulla oğlu təyin edilə bilər. O, 2004-cü ilin oktyabrından bu vəzifəni tutur. Səlim Müslümovun ən sadiq kadrlarından biri kimi tanınır», deyə məqalədə vurğulanırdı.

Etibarlı mənbələrin bu yöndə bizə verdiyi məlumatlar özünü doğrultmaqdadır. Belə ki, dünən Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı həyata keçirib. Bizim də qeyd etdiyimiz kimi, nazirin müvafiq əmri ilə Əjdər Feyzulla oğlu Cəbiyev ƏƏSMN Aparatının yeni rəhbəri vəzifəsinə təyin olunub. İndiyə qədər bu vəzifəni icra edən Elnur Kələntərli isə işdən uzaqlaşdırılıb. Əldə etdiyimiz məlumatlara görə, sabiq nazir Füzuli Ələkbərovun sayəsində bu vəzifəyə qədər yüksəlməyi bacaran Elnur Kələntərli bundan sonra nazirliyin maliyyə idarəsinin rəis müavini kimi fəaliyyət göstərəcək. Məlumat üçün qeyd edək ki, nazirliyin yeni Aparat rəhbəri Əjdər Cəbiyev filologiya, hüquq və maliyyə-kredit ixtisasları üzrə ali təhsil alıb.

Karyerası ərzində 1979-1985-ci illərdə müəllim, 1985-1986-cı illərdə Azərbaycan Dəmir Yolu Bakı hissəsinin mülki hissəsində təşkilatçı, 1986-1988-ci illərdə Azərbaycan Respublikası Nəşriyyat Komitəsində kiçik redaktor, 1988-1990-cı illərdə Yazıçıların Yaradıcılıq evində direktor müavini, 1990-1992-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında təşkilatçı vəzifələrində çalışıb. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatının milli siyasət şöbəsində məsləhətçi, 1994-2002-ci illərdə Maliyyə Nazirliyində mətbuat xidmətinin rəhbəri, mətbuat və protokol bölməsinin rəisi vəzifələrində işləyib. O, 2002-ci ilin dekabrından Dövlət Sosial Müdafiə Fondunun Kadr və Hüquq departamentinin direktoru, 2004-cü ilin oktyabrından isə Aparatın rəhbəri vəzifələrində fəaliyyət göstərib.

Məlumatlı mənbənin sözlərinə inansaq, nazirlikdə yeni kadr təyinatları davam etdiriləcək: «Yaxın günlərdə nazir müavini İlqar Rəhimovun da dəyişdirilməsi gözlənilir. Onun yeninə ən real namizəd Səlim Müslümovun Dövlət Sosial Müdafiə Fondunda müavini olmuş Elman Mehdiyevdir. Həmçinin Dövlət Əmək Müfəttişliyi və Dövlət Məşğulluq xidmətlərində də rəhbər dəyişiklikləri baş tuta bilər. Bundan başqa, nazirliyin iqtisadiyyat, kadrlarla iş, əmək siyasəti və ümumi şöbələrinin müdirləri də vəzifədən gedəcək. Çox güman ki, nazir həmin vəzifələrə Dövlət Sosial Müdafiə Fondunda onunla uzun müddət çiyin-çiyinə işləmiş inandığı kadrları təyin edəcək». Mənbə həmçinin onu da qeyd etdi ki, nazirliyə tabe olan Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) da təmizləmə işlərinə start veriləcək: «Yəqin ki, yaxın bir həftə ərzində bu məsələyə tam aydınlıq gətiriləcək. Yayılan xəbərlərə görə isə ilk olaraq Samux TSEK-in sədri, anası milliyyətcə erməni olan Əmirxan Aslanov və Yevlax TSEK-in rəhbəri Şahin Hüseynov tutduqları vəzifələrdən çıxarılacaqlar. Hər iki komissiya sədrinin nazirlikdəki «krışası» İlqar Rəhimovdur. İlqar Rəhimov işini itirəndən sonra avtomatik olaraq kadrları da vəzifədən azad ediləcək».

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.