BolgeXeber.Com » Analitika » Səfər Əbiyevin Aslanı....

Səfər Əbiyevin Aslanı....

31-10-2013, 07:50
Oxunub: 4 957 Səfər Əbiyevin müdafiə naziri postundan çıxarılması onun vəzifədə olarkən yumşaq desək, etdiyi qanunsuzluqların araşdırılmasına olan qeyri-rəsmi qadağaları da aradan qaldırıb. KİV-lərdə, o cümlədən “Yeni Müsavat”da belə faktlar haqda çoxsaylı materiallar dərc olunub. Bu sayımızdan etibarən sabiq nazirin vəzifədə olarkən yol verdiyi sui-istifadə hallarına nəzər salmağa çalışacağıq.




NAZİR MÜAVİNİ NAZİRİNƏ “QUYU QAZIR”

Başlayaq S.Əbiyevin kirvəsi Aslan Aslanova verdiyi qeyri-rəsmi səlahiyyətlərdən. Bu şəxs vaxtilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olub, hazırda kənd təsərrüfatı nazirinin müavinidir. Bir qədər əvvəl Nizami (Gəncə) rayonunun sabiq hərbi komissarı, hazırda axtarışda olan və bu səbəbdən xaricdə gizlənməyə məcbur olan Bəhmən Nəsibov “Yeni Müsavat”a sensasion məktub yollamışdı. Onun məktubunu olduğu kimi dərc edirik.
“Qəzetinizin internet saytında Ali Hərbi Akademiyanın dinləyicilərinin Müdafiə Nazirliyinin rəhbərliyi barəsində ifşaedici müraciətlərini oxudum. Orada göstərilən faktlarla tam razıyam. Müraciətlərin birində Azərbaycan ordusunda ”rüşvətin xaç atası" kimi təqdim olunan, kənd təsərrüfatı nazirinin müavini, faktiki olaraq Səfər Əbiyevin “qaranlıq məsələlər üzrə” məsləhətçisi Aslan Aslanovun cinayətkar hərəkətləri barədə məlumat vermək istəyirəm. Mən - polkovnik Bəhmən Nəsibov Gəncə şəhəri Nizami rayonunun sabiq hərbi komissarıyam. Hazırda axtarışdayam. Səfər Əbiyevin şəxsi göstərişi ilə saxta ittihamlarla hərbi prokurorluq tərəfindən ləkələndiyimə görə xarici dövlətlərin birində yaşayıram. Keçmiş respublika hərbi komissarı Əliağa Hüseynov təqaüdə göndərildikdən sonra hərbi komissarlıq sistemi de-fakto tam olaraq Aslan Aslanovun nəzarətinə keçdi. Aslanov məni və bir çox hərbi komissarları Bakıya yanına çağırdı. Burada mən öz başıma gələnləri yazacam. Digər komissarlar, hər halda, özləri sizə müraciət edəcəklər. Aslan müəllim mənə dedi ki, səni nazir Səfər Əbiyev vəzifədən çıxartmaq istəyir, vəziyyətin yaxşı deyil.



Həqiqətən də, bu görüşdən bir neçə gün qabaq Respublika Hərbi Komissarlığından eşitmişdim ki, nazir Əliağa Hüseynovun adamı kimi, mənim işdən çıxarılmağım barədə əmr verəcək. Aslanov mənə dedi ki, Əbiyevlə danışıb, vəzifədə qalmağın barədə xahiş edəcəm, sən get təcili 150 min manat tap gətir. Mən borc-xərc edərək 120 min manat düzəldib “müəllimə” - yəni Aslan Aslanova-o, orduda bu ləqəblə tanınır - verdim. O isə yanımdaca Səfər Əbiyevə zəng edərək “bu bizim adamdır, Əliağanın adamı deyil, hər şey qaydasındadır”, dedi. Həqiqətən məni işdən çıxarmadılar. Üç ay işləyərək növbəti çağırışı yola verdim. Çağırış bitəndən sonra “müəllim” (Aslan Aslanov) mənə zəng edərək vəziyyətimin yenə də yaxşı olmadığını, nazirin məni işdən çıxarmaq istədiyini söylədi. Mən ona hələ də 120 min manat borcu qaytara bilmədiyimi, vəziyyətimin ağır olduğunu dedim. Aslanov cavabında əlavə 100 min manat tələb edərək vəzifəmdə saxlanmağıma və yaxın aylarda Bakı şəhərinə yerimi dəyişdirəcəyinə söz verdi. Əlbəttə, əlavə xərc hesabına. Mən Rusiyada işləyən qohumlarımdan birinə zəng edərək 40 min dollar borc aldım. Onu Azərbaycan manatına çevirərək 30 min manatı Şəmkir rayon komissarına verdim ki, mənim işimi “müəllim”dən xahiş etsin. O, Aslan Aslanovun pulyığanıdır. Ancaq bir neçə gündən sonra məni vəzifəmdə saxlamaq əvəzinə, işdən çıxarılıb cəbhə bölgəsinə göndərilməyim barədə nazirin əmri gəldi. Şəmkir rayon hərbi komissarı Həsrətə verdiyim 30 min manat da belə batdı...

Az bir vaxtdan sonra Səfər Əbiyevin şəxsi göstərişi ilə hərbi prokurorluq mənim keçmiş fəaliyyətimi araşdırmağa başladı. Saxta şahidlər taparaq mənə vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətləri aşma, rüşvət maddələri ilə cinayət işi açdılar. Artıq başa düşdüm ki, Aslan Aslanovun son dəfə məndən 100 min manat pul istəyini yerinə yetirə bilmədiyim üçün barəmdə bu müdhiş qərar verilmişdir. Bunların caynağından qurtulmaq üçün doğma vətənimi müvəqqəti tərk etdim".

Bəhmən Nəsibov daha sonra yazır: “Azərbaycanda şəhər və rayon komissarı işləmək çox çətin məsələdir. Burada istənilən komissarı istənilən vaxt həbs edə bilərlər. Çünki burada təmiz işləmək mümkün deyil, onlar buna məcburdurlar. Necə təmiz işləmək olar ki, Aslan Aslanov və onun qardaşlarının, qohumlarının çoxsaylı, zəhlətökən, cinayət xarakterli sifariş və göstərişlərini yerinə yetirəndə artıq sən də cinayət əməlinə yol verirsən. O sifarişləri yerinə yetirməyəndə isə Səfər Əbiyevin qara siyahısına düşərək hər gün müxtəlif üsullarla şantaj olunursan. Aslan Aslanovun Qərb bölgəsinə səfəri bizim qara günlərimiz sayılırdı. Bizim zonadan keçib getməsi hər bir komissara, o cümlədən mənə 10 min manata başa gəlirdi. Gəncə səbətləri və çox bahalı hədiyyələrdən başqa. Bundan əlavə, Səfər Əbiyevin ad günü və digər bayramlar, Aslan Aslanovun ad günü və digər bayramlarda onlara yığılan pulların və hədiyyələrin sayı-hesabı yox idi. Bəlkə də Səfər Əbiyevin onun ad günü və digər bayramlar münasibətilə yığılan pullar və hədiyyələrdən xəbəri yox idi. Söhbət yüz minlərlə manatdan və çox qiymətli (qızıl, brilyant, digər zinət əşyaları) hədiyyələrdən gedir. Ola bilsin Aslan Aslanov Səfər Əbiyevin adından istifadə edərək bu pulların və hədiyyələrin dalına keçirmiş.

Çox maraqlıdır ki, respublika hərbi prokuroru kimsəsiz, arxasız, Səfər Əbiyevə bağlı olmayan hərbi komissarları yoxlayaraq onları həbs edir. Niyə hərbi prokurorun, Aslan Aslanovun, Səfər Əbiyevin və digər oliqarxların kölgəsinə sığınan hərbi komissarları yoxlamırlar? Məgər onlarda hər şey düzgündürmü? Niyə hərbi prokuror Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Kəpəz, Nizami, Ucar, Ağdam, Bərdə, Lənkəran, Cəlilabad, Masallı, Bakının Qaradağ, Nizami, Səbayel, Nərimanov hərbi komissarlarını yoxlamır? Əlbəttə, yoxlamazlar. Çünki onlar hərbi prokuror Xanlar Vəliyevin, Səfər Əbiyevin, Aslan Aslanovun göstərişləri ilə işləyirlər, onların istəklərini yerinə yetirirlər. Sadaladığım hərbi komissarlıqların rəhbərləri birbaşa Aslan Aslanovun adamlarıdır, əgər mən cinayətkaramsa, onlar məndən yüz qat cinayətkardır.

Aslanovun bu qanunsuz və cinayət xarakterli hərəkətləri barədə uzun illərdir cəmiyyətdə və orduda çox ciddi müzakirələr gedir. Niyə bunun hərəkətlərinə hüquqi qiymət verilmir? Niyə onu yerində oturdan yoxdur? Respublika prokurorunu və hərbi prokuroru kim məcbur edir ki, bu şəxs barəsində tədbir görmürlər? Axı illərlə həyatını orduya, hərbi xidmətə həsr edən zabitlərin səsinə səs verən yoxdur? Niyə bu hadisələr Ali Baş Komandana çatdırılmır? Axı onun ordusunu, ordunun şərəfini və Ali Baş Komandana sədaqətli zabitləri məhv edir bu Aslan Aslanov!

Mən barəmdəki saxta və qərəzli ittihamdan müvəqqəti yayınmışam və könüllü olaraq Azərbaycana qayıdıb istintaqa könüllü gələcəm. Və Aslan Aslanovun məndən aldığı 120 min manatı, Həsrətə verdiyim 30 min manatı, Aslan Aslanova çəkilmiş xərclər və hədiyyələrin haqq-hesabını tələb edəcəm. O pulları verərkən yanımda çoxsaylı şahidlərim olub. Onlar istintaqa gələcəklər. Qoy ədalət mühakiməsi mənim və Aslan Aslanovun hökmünü versin. Xahiş edirəm, mənim müraciətimi ixtisar etmədən dərc edəsiniz. Yazdıqlarımı imzamla təsdiq edirəm".