BolgeXeber.Com » Analitika » Məmurla mətbuatın dostluğu...

Məmurla mətbuatın dostluğu...

1-11-2013, 09:35
Oxunub: 3 986 Bütün səmavi kitablar buyurur ki, təkcə Yer üzərində deyil, bütövlükdə kainatda nə varsa, nə baş verirsə hamısı Uca Allahın nəzarətində-kontrolundadır. Yəni müasir dillə desək Tanrının gözündən yayınmaq, radarına düşməmək, monitorundan gizlənmək mümkün deyil. Bu bir ilahi izləyici-güdükçü sistemdir. Və sonda radar açılanda kimlərsə əməllərinə görə ilahi mükafat, kimlərsə cəza alır. Ancaq uca Allahın səbri və rəhmi sonsuz olduğu üçün yol hərəkəti qaydalarını pozan sürücünün, yaxud vətəndaşları günlərlə süründürən rüşvətxor məmurun, ədalətsiz hakimin nə vaxtsa Tanrı tərəfindən cəzalandırılacağını oturub gözləsək cəmiyyət bir saatda xaosa çevrilər. Yaxud hər şeyi insanların vicdanının və imanının öhdəsinə buraxsaq çətin ki ürəkaçan mənzərənin şahidi olaq. Ona görə də ağıllı cəmiyyətlər boş-boş moizə oxumaqdansa ciddi mexanizmlər üzərində düşünüblər. Və sonda elə mükəmməl mexanizmlər, izləyici-güdükçü-dinləyici sistemlər yaradıblar ki, ən ağır problemlər çox asanlıqla həllini tapıb.

Hər gün milyonlarla insanın minib-düşdüyü Bakı metropolitenini gözünüzün qabağına ğətirin. Metronun girişində quraşdırılmış sadə bir mexanizm olan saxlayıcı qurğu olmasa təssəvvür edirsiniz nə baş verər? İmanlı-imansız, ziyalı-ziyasız, kəndli-şəhərli, sünni-şiyə-vəhabi...fərq etməz orda elə bir dəhşətli vəziyyət yaranar ki, qarşısını Quran oxumaqla da almaq olmaz. Milyonlarla sərnişinin ən çoxu 1-2 faizi gediş haqqını ödəyər. Bir müddətdən sonra o 1-2 faiz də yəqin ki, əriyib kütləyə qoşular. Yəqin xırda bir dəmir parçasının-mexanizmin fövqəladə gücünü az-çox təsəvvürünüzə gətirdiniz.

Mən başa düşürəm ki, nəinki dövlətin vətəndaşı güdməsi, hər yerə burnunu soxması, hətta sıravi vətəndaşların bir-birini izləməsi təkcə insan haqlarına qarşı deyil, həm də müəyyən mənada Allaha şərik qoşmaqdır. Çünki hər şeyi izləmək yalnız uca Allaha məxsusdur. Amma nə etməli? Təkcə Quran oxumaqla, maarifçiliklə cəmiyyətdəki problemləri həll etmək, "Donuzu darıdan çıxarmaq” mümkün deyil. Əlqərəz, ciddi mexanizmlər olmadan cəmiyyətdə sahman yaratmaq olmur.

Dördüncü hakimiyyət adlanan müasir kütləvi informasiya vasitələri, o cümlədən qəzetlər də yuxarıda qeyd etdiyim ciddi mexanizmlərdən biri olub cəmiyyətin aynası-monitoru rolunu oynayır. Qəzetlər haqlı olaraq artıq öz ilk missiyasından-maarifçilik xəttindən uzaqlaşıb cəmiyyətin güdükçüsünə çevrilib. M. F. Axundov demişkən: "Moizə oxumaqla cəmiyyəti tərbiyə etmək mümkün olsaydı Sədi və Hafiz Şirazilərin 100 minlik beytləri İranı çoxdan tərbiyə etmişdi”. Bu mənada cəmiyyətə əxlaq dərsi keçməkdən, moizə oxumaqdan uzaqlaşıb cəmiyyətin aynası rolunu oynayan mətbuat həm də Allahın köməkçisidir. Bu gün dünyada ən çox öldürülən, qətlə yetirilən, döyülüb- söyülənlərin siyasətçilər, biznesmenlər yox, məhz qəzetçi olması da təsadüfi deyil.

Qəzetçilərin hədəfi isə daha çox məmur təbəqəsidir. Bu da təbiidir. Çünki məmurun əlində cəmləçən böyük səlahiyyətlər və resurslar ona həm böyük "yaxşılıq”lar, həm də dəhşətli "pislik”lər etməyə imkan verir. Hansı ki bu imkanlar adi vətəndaşda yoxdur. Yəni məmurlardan fərqli olaraq sıravi insanların həm "yaxşılıq”, həm də "pislik” etmək resursları çox məhduddur. Ona görə də Allah qarşısında məmurların cəzası daha ağırdır. Və unutmaq olmaz ki, yuxarıda dediyim səbəbdən cəmiyyət üçün ən qorxulu təbəqə məmur təbəqəsidir. Məmur təbəqəsi həm də ona görə qorxuludur ki, plastilin cəmiyyəti gec-tez öz xasiyyətinə uyğunlaşdırır, özü kimi oğruya, dələduza çevirir. Böyük filosof Nəsirəddin Tusi əbəs yerə deməyib ki, cəmiyyət onu idarə edənlərə oxşayır. Ona görə də həqiqi mətbuat həmişə bütün cəmiyyətlərdə maradyor məmur ordusu ilə üz-üzə gəlir. Bir sözlə, məmurun həqiqi mətbuatla dost olması mümkün deyil.



Kamran MƏHƏRRƏMLİ