BolgeXeber.Com » Analitika » Azadlığın əbədi olsun Cəbrayıl

Azadlığın əbədi olsun Cəbrayıl

4-10-2023, 10:30
Oxunub: 5 448

1990-cı illərdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin qurbanı olan rayonlarımızdan biridə Cəbrayıl olmuşdu. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. Ermənistan digər işğal etdiyi ərazilər kimi Cəbrayılda da soyğunçuluq və talançılıq əməlləri həyata keçirməyə başladı. Bu işğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil oldu.

Öz dədə-baba torpağından didərgin düşərək məcburi köçkün həyatı yaşayan cəbrayıllılar 58 rayonun 2000-dək yaşayış məntəqəsində, həmçinin qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar. İşğala məruz qalmış digər rayonlarımız kimi Cəbrayılda öz təbii sərvətləri ilə seçilirdi. Belə ki Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngin idi. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan ölkəmizin digər təbii sərvətləri ilə yanaşı bu qiymətli tikinti materiallarını da talamaqla məşğul idi.

İşğaldan əvvəl rayonun əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Rayonda elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat var idi. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi. Cəbrayıl rayonunun sadalanan bütün bu infrastrukturu hamısı işğal dövründə Erməni vandalizminin qurbanı oldu. Bütün bunlarla yanaşı onlarla tarixi-mədəni abidələr, türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.

Yalnız 5 yanvar 1994-cü il tarixində Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi və strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. Ordumuzun tarixi Zəfərinin başlanğıcı olan 2016-cı il aprel döyüşləri zamanı əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Amma çox təəssüflər olsun ki, bütün bu ərazilər işğal altında olan ərazilərimizin çox az bir qismi idi. Uzun illər ərzində Azərbaycan-Ermənistan Dağlı Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparılsada heç bir nəticəsi olmadı. Ermənistan öz işğalçılıq siyasətindən və təxribatçı əməllərindən əl çəkmədi. 2020-ci il sentyabr ayının 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi növbəti təxribata əks-hücümla başlanan Vətən müharibəsi Azərbaycan xalqının dəmir iradəsinin təcəssümü idi. Müzəffər Azərbaycan Ordusu öz Ali Baş Komandanı cənab İlham Əliyevin vahid komandalığı altında qəhrəmanlıq salnaməsi yazdı. 30 ilə yaxın erməni vandalizminin qurbanı olmuş tarixi Azərbaycan torpaqları azadlığa qovuşdu. Müharibənin ilk anlarında düşmən tapdağından azad edilən ərazilər içərisində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də var idi. Beləliklə, 44 gün davam edən Vətən müharibəsində digər ərzailərimiz kimi Cəbrayıl şəhəri və onun 90 kəndi də işğaldan azad edildi. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi və siyasi hadisədir.

Həmçinin, Cəbrayıl ərazi baxımdan mühüm strateji əhəmiyyətə malikdir. Belə ki Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Bundan sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak etmiş zabit və əsgərlərimiz şəxsi igidlik və şücaət nümayiş etdirmişlər. Müharibə bitdikdən sonra ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə rayonların azad edilməsinə görə medallar təsis edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. I Qarabağ müharibəsində Cəbrayılın 6 nəfər sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

İşğaldan azad edilmiş digər ərazilər kimi Cəbrayılda da bərpa-quruculuq işləri sürətlə həyata keçirilməkdədir. Ölkə başısının birbaşa nəzarəti və tez-tez işğaldan azad edilmiş ərazilərə səfəri bu ərazilərin ən qısa zamanda dirçəldilməsi məqsədinə xidmət edir. Cəbrayılın enerji təminatı üçün Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Həmçinin rahat gediş-gəlişi təmin etmək üçün 4-6 zolaqlı yolun çəkilməsinə başlanılması rayonun sürətli inkişafına imkan yaradacaq. Növbəti atılacaq adımlardan biri Cəbrayıl rayonunda 240 meqavat gücə malik elektrik enerjisi stansiyasının inşası olacaq. SOCAR BP şirkəti ilə rayonda 240 MVt-lıq günəş elektrik stansiyanın tikintisinə yaxın vaxtlarda başlayacaq.

Vətən müharibəsindən əvvəl rayonlarımızın düşmən tərəfindən işğal edildiyi günlər Anım Günü kimi qeyd edilirdi. Tarixi Zəfərimizə səbəb olan Vətən müharibəsi bütövlükdə regionda yeni reallıqlar yaratdı. Ölkəmizin region üçün əsas sülh təminatçısı olduğunu hər kəsə nümayiş etdirdi. Qazanılan bu tarixi qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə Şəhər Günləri təsis edilmişdir. Həmçinin 04 oktyabr Cəbrayıl şəhəri Günü kimi müəyyən olub.

Əziz Cəbrayıl sən azadsan! Biz qayıtmışıq səni dirçəltmək üçün...

Səbinə Yusifova – Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin direktoru