BolgeXeber.Com » Analitika » Gülər Əhmədova:“Emzar Qocayev, adam kişi olar”

Gülər Əhmədova:“Emzar Qocayev, adam kişi olar”

11-11-2013, 10:35
Oxunub: 6 645 Proses yeni başlayıb, amma şahidlərin əksəriyyəti müstəntiq təzyiqi ilə üzləşib; onun ünvanına “Adam kişi olar” sözləri niyə səslənib...

Məlum olduğu kimi, sabiq deputat Gülər Əhmədovanın məhkəməsi oktyabrın 21-dən etibarən başlanıb. Sürətli keçən prosesə sabiq deputatın səs-küylü açıqlamaları ilə yanaşı, ilginc şahid ifadələri də damğa vurub. “Yeni Müsavat” qəzeti və musavat.com hər proses barədə sizi ətraflı reportajla tanış etdiyi üçün təfərratlara varmırıq.
Amma prosesin yeni başlanmasına baxmayaraq, artıq şahidlərin işi aparan müstəntiq Emzar Qocayevdən şikayətləri, sonuncunun onlara göstərdiyi mənəvi təzyiq üsulları diqqət çəkir. Məlum olub ki, müstəntiq işi istədiyi istiqamətə yönləndirmək üçün şahidlərin ibtidai istintaqa verdiyi ifadələrinə onların adından müəyyən əlavələr edib.

Bəzi şahid açıqlamalarını yada salaq. Gülər Əhmədovanın deputat kimi köməkçisi, “Mərkəz” qəzetində isə katibəsi işləmiş Adilə Əlihüseynli məhkəməyə ifadəsində bildirmişdi ki, ibtidai istintaqda ifadə verən zaman müstəntiq ona təzyiq edib. Müstəntiq Emzar Qocayev “onsuz da səndən əvvəl ifadə verənlər hər şeyi təsdiqləyiblər”, deyib: “Müstəntiq deyirdi ki, onsuz da Gülər içəridədir. Başın ağrıyacaq sənin. Mən də iki aylıq körpəmlə getmişdim ora. Uşağım gözümün qabağına gəldi və dediklərini elədim”.

Adilə Əlihüseynlinin bacısı Günay Vəliyeva da ibtidai istintaqa təzyiq altında ifadə verdiyini bildirmişdi. Onun sözlərinə görə, ifadə zamanı müstəntiq E.Qocayev tez-tez otağa girərək “bunu hələ tutmamısınız”, “səni “Sultan” restoranında Sevinc Babayeva ilı birgə görüblər”, deyərək ona psixoloji təzyiq göstərirmiş.

Daha bir şahid Rüfət Hüseynovun ibtidai istintaqa ifadəsində isə göstərilmişdi ki, mərhum Sevinc Babayevaya bileti G.Əhmədovun oğlu Toğrul Əhmədovun göstərişi ilə alıb. Ancaq şahid məhkəmədə bunu təsdiq etmədi və bildirdi ki, bu barədə zamanında müstəntiq Emzar Qocayevə də bildirib: “O da dedi ki, gələcəkdə bunu bildirərsən. Amma bu dəyişiklik edilmədi. Mən buna etirazımı ərizə yazaraq bildirdim”.

Tavat Şirinova adlı şahid isə ifadəsində ciddi dəyişiklik edildiyini, məhkəmədən çıxan kimi işi aparan müstəntiq Emzar Qocayevin yanına gedib bunun hesabını soruşacağını demişdi.

G.Əhmədova elə həmin şahidin dediklərinə replika verərək, “müstəntiq mənim kimi 3 dəfə deputat olmuş bir şəxsin ifadəsini belə təhrif edibsə, bunlara da edərdi” bildirmişdi.

Sonuncu prosesdə sabiq deputat həmçinin E.Qocayevə hiddətlənərək, məhkəmə vasitəsilə “Emzar Qocayev, adam kişi olar” mesajını yollamışdı. Sabiq deputatın iddiasına görə, müstəntiq onun dostcasına dediyi bəzi sözləri şahid ifadələrinə əlavə edib.

Prosesin bu günə qədərki gedişi onu göstərir ki, məhkəmə G.Əhmədovaya normal davransa da – hakimlər onun danışığına şərait yaradır, istəklərinə sayğı ilə yanaşır - ibtidai istintaqın ssenarisi fərqli olub. İbtidai istintaq G.Əhmədovanın Elşad Abdullayevdən Sevinc Babayeva vasitəsilə pul aldığını və sonuncunun sabiq deputat tərəfindən ölkədən çıxarıldığını sübuta yetirmək istiqamətində addımlar atıb. Prosesin bundan sonrakı mərhələsində nələr olacaq, bu da ibtidai istintaqın özü qədər sirlidir.
Bolgexeber.com