BolgeXeber.Com » Analitika » Əyilməz döyüş ruhu

Əyilməz döyüş ruhu

13-11-2023, 11:01
Oxunub: 7 688

Noyabrın 8-də, Azərbaycanda qeyd olunan Zəfər Günü münasibətilə Xankəndi şəhərində hərbi parad keçirilib. İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər. Azərbaycanda Zəfər Günü prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncama əsasən qeyd edilir. Həmin tarix 2020-ci ildə 44 gün davam edən Azərbaycan ordusunun erməni separatçılarının nəzarətində olan əraziləri geri alınması şərəfinə qeyd edilir. Həmin döyüşlər 2020-ci ilin 10 noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəslə dayandırıldı. Atəşkəsdən 2 gün öncə - 8 noyabr tarixində Azərbaycan ordusu ölkə üçün əhəmiyyətli hesab edilən Şuşa şəhərinə nəzarəti bərpa etmişdi. Zəfərin Gününün tarixi də məhz bununla bağlıdır. Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, qırx dörd gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, qırx dörd günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi şəraitdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir. Əziz şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Biz bununla bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik.

Dörd il bundan əvvəl, Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi. Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim yüz mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin.

Biz xalq olaraq beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə öz yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü. Bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olaraq qalacaq.



Leyla Mehdiyeva - Bərdə Rayon İcra Hakimiyyətinin başçısı aparatının baş mütəxəssisi