BolgeXeber.Com » Analitika » Önəmli əməkdaşlıq istiqaməti

Önəmli əməkdaşlıq istiqaməti

13-12-2023, 08:54
Oxunub: 6 216

Önəmli əməkdaşlıq istiqaməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də "Euronews" televiziyasına müsahibə verib. Müsahibə dekabrın 9-da "Euronews"da yayımlanıb.

İlham Əliyev; Avropa Yenidənqurma və İnkişaf Bankının 2023-cü il üzrə hesablamalarına görə Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri ciddi iqtisadi inkişafa nail olublar. Bu güclü inkişaf sanksiyalar altında olan Rusiyadan miqrasiya və oradan daxil olan pul vəsaitləri ilə əlaqələndirilir. Azərbaycan haqqında danışarkən deməliyəm ki, bizim iqtisadi inkişafın təməlində sizin sadaladığınız amillər deyil, əsasən tərəfimizdən aparılmış islahatlar dayanır. Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir.

Biz, həmçinin xarici borcumuzun səviyyəsinin azaldılması istiqamətində fəal işlədik və bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Biz ümid edirik ki, gələn il iqtisadi artım daha böyük olacaq. Lakin həmin rəqəmlər, əslində, iqtisadiyyatın səmərəliliyi və insanların yaşayış standartlarının 100 faizini əks etdirmir. Elə ölkələr var ki, iqtisadi artımı olduqca aşağı səviyyədədir, lakin iqtisadiyyatı çox inkişaf etmişdir.

Son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb.

2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir.

Əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır.

Yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır.

Əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı olub. Növbəti 5-6 ildə 10 qiqavat həcmində günəş və külək enerjisinin istehsalı planlaşdırılır.

Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır.

Hətta işğal dövründə iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Genişmiqyaslı iqtisadi islahatlar aparılır ki, büdcədə daha çox vəsait toplansın. Gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirilib.

Bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacaq. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözləyirik. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir.

Önəmli əməkdaşlıq istiqaməti. Son iki ildə Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri arasında və Mərkəzi Asiya ölkələrinin özləri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir.

Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadratkilometr olan ərazi dağıdılıb.

Sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil.

Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırlayıb: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması. Beləliklə, bu, beynəlxalq norma və standartlara əsasən hüquqi bir prosesdir. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan çoxmillətli ölkədir və Azərbaycandakı heç bir etnik qrupun dini və etnik zəmində heç vaxt heç bir problemi və ya narahatlığı olmamışdır. Azərbaycanı tanıyan istənilən kəs bunu təsdiqləyə bilər. Yeri gəlmişkən, bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır. Ermənilər və azərbaycanlılar Rusiyada bir yerdə yaşayırlar, Ukraynada bir yerdə yaşayırlar və Gürcüstanda hətta eyni kəndlərdə yaşayırlar. Nəyə görə onlar Azərbaycanda və yaxud Ermənistanda bir yerdə yaşaya bilməsinlər? Hesab edirəm ki, onlar bir yerdə yaşaya bilərlər.

Bərdə Tarix-diyarşünaslıq Muzeyinin direktoru Kəmalə Rəfibəyli