BolgeXeber.Com » Analitika » Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir

Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir

13-03-2024, 12:37
Oxunub: 3 992

Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb. Bu münasibətlərin müsbət inkişaf dinamikasıdır. Almaniya neytrallıq nümayiş etdirir. Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir.


Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller və “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens daxildir.

Dövlətimizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd etdi.

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Ralf Horlemann nümayəndə heyətinin adından İlham Əliyevin yenidən Prezident seçildiyi vaxtda qəbula görə minnətdarlığını bildirdi. Səfir Prezident İlham Əliyevin Münxen səfəri zamanı Almaniya Kansleri ilə keçirdiyi görüşlərinin təəssüratı altında olduqlarını dedi. O, eyni zamanda, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün bu gün Berlində keçirilməsindən məmnunluqlarını ifadə etdi və ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini vurğuladı.

Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi. Eyni zamanda, Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğuladı. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd etdi. Belə ki, Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.

“Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər.

Prezident İlham Əliyev bildirdi ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Dövlətimizin başçısı bir məsələni də təəssüf hissi ilə qeyd etdi ki, Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. “Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm”, - deyən Prezident İlham Əliyev bunu həmin yazıların müəlliflərinin özlərinin də yaxşı bildiyini vurğuladı və qeyd etdi ki, Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Almaniya səfiri də ölkəmizdə gedən proseslərin şahididir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Dövlətimizin başçısı dedi: “Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! Xeyr! Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük”.

Almaniyanın ölkəmizdəki səfiri verilən məlumatlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və qeyd etdi ki, həqiqətən ölkəmiz haqqında təəssüratlara malik olmaq üçün buradakı prosesləri öz gözləri ilə görmək vacibdir və elə nümayəndə heyətinin səfərinin məqsədlərindən biri də bundan ibarətdir.

Mixael Harms Münxendəki görüşdən az müddət sonra yenidən Azərbaycan Prezidentinin qəbulundan şərəf hissi keçirdiklərini bildirdi və buna görə minnətdarlığını ifadə etdi. Qonaq ölkəmizə infrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər sahələrlə məşğul olan 40-dan artıq şirkətin rəhbəri və nümayəndələri ilə gəldiklərini vurğulayaraq, Azərbaycanda səmərəli görüşlər keçirdiklərini bildirdi. O, müzakirələr zamanı belə bir nəticəyə gəldiklərini qeyd etdi ki, Azərbaycan iqtisadi islahatlarla bağlı böyük işlər həyata keçirir. Digər nəticə bundan ibarətdir ki, ölkələrimizin yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanları var.

O vurğuladı ki, Almaniya biznes dairələri Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirir və bu da öz növbəsində bütün regionda müsbət inkişafın əsasını qoya bilər.


 

Gülər Seyidli - Bərdə rayon M.Seyidov adına Mehdixanlı kənd tam orta məktəbin direktoru