BolgeXeber.Com » Analitika » Sevinc Babayevanın sağlığında yolladığı mesajların pərdəarxası...

Sevinc Babayevanın sağlığında yolladığı mesajların pərdəarxası...

1-12-2013, 12:25
Oxunub: 3 843 Sabiq deputat Gülər Əhmədovanın məhkəmə prosesi yekunlaşmaq üzrədir. Noyabrın 26-da keçirilmiş prosesdə təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov çıxış edərək müvəkkili üçün bəraət tələb etdi. Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək növbəti məhkəmə prosesində isə Gülər Əhmədovanın özünə son söz veriləcəyi və hökm oxunması gözlənilir.



Hafta.az prosesin gedişatı ilə bağlı Elşad Abdullayevin şikayəti əsasında, eyni ittiham üzrə həbs olunmuş iş adamı Arzu Kazımovun vəkili Ramiz Zeynalovla əlaqə saxlayıb.

Vəkil “hökmün verilməsində presedent hüququndan istifadə oluna bilərmi?” - sualına belə cavab verib:

“Prokurorun 4 il azadlıqdan məhrumetmə iddiası absurd xarakter daşıyır. Gülər Əhmədovanın əməlində cinayət tərkibi olmadığına görə ona bəraət hökmü verilməlidir. Hesab edirəm ki, Gülər Əhmədova barəsində məhkəmə kollegiyasının bəraət hökmü çıxarmaqdan başqa yolu yoxdur. Yalnız bu halda ona qarşı olan haqsızlıq aradan qaldırıla bilər və onun hüquqları bərpa olunar. Həm Arzu Kazımovun, həm də Gülər xanımın işi böhtan, yalan məlumatlar üzərində qurulub. Amma bu iki işi birləşdirən yeganə məsələ odur ki, ittihamlar qisas almaq məqsədi daşıyır. Elşad Abdullayevin qardaşını öldürməsi barədə etdiyi etirafı Arzu Kazımov DİN nazirinin müavininə çatdırmışdı. Bundan sonra da E.Abdullayev ondan qisas almaq məqsədilə aralarında olan kommersiya xarakterli müqavilələr üzrə verdiyi pulları guya oğurlanmış qardaşının geri qaytarılması üçün verdiyi pullar kimi qələmə verərək, onun haqqında böhtan xarakterli məlumatlar yaydı. Və həbsinə nail oldu”.

Ramiz Zeynalov Gülər Əhmədovanın birbaşa məhkəmə zalından azadlığa buraxılmalı olduğunu hesab edir: “Hakim əldə olunan sübutlar və onlara qiymət verərkən Konstitusiyanın maddələrini rəhbər tutaraq düzgün qiymət verməlidir. Həm Gülər Əhmədovanın, həm də mənim müdafiəm altında olan Arzu Kazımovun əməlində heç bir cinayət tərkibi yoxdur və bu iş istintaqda və məhkəmə istintaqında öz əksini tapıb”.

***
Sevinc Babayeva: “Ölüb eləsəm, pullarımı ondan al...”

G.Əhmədovanın sonuncu məhkəmə iclasında vəkili Əfsər Talıbov müdafiə çıxışında ilginc məqamlara toxunmuşdu. Əməkdaşımız Ə.Talıbovun müdafiə çıxışında xüsusən də mərhum Sevinc Babayevanın yolladığı mesajları cümlə-cümlə diqqətinizə çatdırır:

Babayeva Sevinc Telman qızının 26.09.2012-ci il tarixində (ölkəni tərk etdiyi gün) müxtəlif vaxtlarda Əhmədova Gülər Mikayıl qızına və Şirvanova Tavat Bayram qızına göndərdiyi 7 mesaj:

1. 26.09.2012, 13:57 Tavat Bayramovaya:
“Ürəyim çox pis ağrıyır. Allah Elşadın evini yıxsın. Alçaq gör nə həyasızdır ki, qalıb bizim pulumuzu qaytarmaqdan, şər-böhtan atır. Mən onu mütləq tapacam”.

2. 26.09.2012, 05:14:00 T.Bayramovaya:
“Ya o yaşamalıydı, ya da mən. Evim yox, borcun içində batıram. O, soyub bizi. Ölüb eləsəm pullarımı ondan al. Oğlum yazıqdı, yetimdi. Heç kimdən qorxma”.

3. 26.09.2012, 05:14:00 T.Bayramovaya:
“Qorxma. Yazıq Gülər də bizə görə ...-a düşüb. Allah bizə kömək olsun”.

4. 26.09.2012, 06:16:09 G.Əhmədovaya:
“Nə isə bağışla gecə vaxtı səni narahat etdim. Bu işdə sənlik heç nə yoxdur. Bizi tək qoyma, Tavat da yazıqdı. O biri yetimlər də, sabaha qədər”.

5. 26.09.2012, 06:16:10 G.Əhmədovaya:
“Yaşasam Elşadın vayına oturacam”.

6. 26.09.2012, 07:15:41 T.Şirinovaya:
“Sən mənə deyəndə Elşad ilan bicbaladı, mən inanmırdım. Allahdan qorxmur. Qardaşı Eldəniz, Mahir bu alçağa dərs olmadı”.

7. 26.09.2012, 07:15:41 T.Şirinovaya:
“Ürəyim çox pis tutub. Sabah borclulara nə deyəcəyəm bilmirəm. Bu əclafdan pullarımı ala bilsəm rahat olardım”.

Gülər Əhmədova:

“3 otaqlı mənzilimi girov qoyuram - qiyməti 300-500 min, ya da bir milyondur”
Bu arada vəkili çıxışında G.Əhmədovanın Qazax sərhədində saxlanılan vaxt yaşananları və onun məlum 1 milyon dolları qaytarmaq təklifi ilə bağlı detalı da açıqlayıb: “16 dekabr 2012 - ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhərindən Qazax rayonu istiqamətində yola düşmüş və onlar 17 dekabr 2012 - ci il tarixdə, saat 9:30 radələrində Gürcüstanla Azərbaycan Respublikasının sərhəddi Qırmızı körpüyə çatmışlar. Sərhəd keçid məntəqəsində Əhmədova Gülər Mikayıl qızına "Dayan" əmri verildiyindən onu sərhəddən buraxmadılar.

Qeyd etmək istəyirəm ki, G.Əhmədovanın ona “Dayan” əmri verildiyi və bu barədə ona istintaq aparan Bakı Şəhər Prokurorluğu tərəfindən məlumat verilməmiş və yazılı xəbərdarlıq edilməmişdir. Təxminən 1 - 1,5 saat yarım sərhəddə qaldıqdan sonra Sərhəd Qoşunlarının nümayəndəsi gəlib onları sərhəd məntəqəsinə aparır, orada da təxminən 1,5 saat qaldıqdan sonra həmin məntəqəyə Qazax rayon prokuroru və Qazax rayon Polis idarəsinin rəis müavini gəldikdən sonra onların istifadə etdiyi avtomaşına, onların üst - başına baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Təxminən 2 saatdan sonra onları ayrı-ayrı maşınlarda birbaşa Bakı Şəhər Prokurorluğuna gətirmişlər. Təxminən 22 - 23 radələrində onlar Bakı şəhər prokurorluğunda olmuş və onlardan ayrı-ayrı otaqlarda ifadə alınmışdır.

Nəzərə alınmalıdır ki, təxminən 30 saatadək yuxusuz, yolda olduqları müddətdə heç bir istirahət etmədən, ac - susuz, əsəb gərginliyi, şəkər və təzyiqi qalxmış vəziyyətdə onlardan ifadə alınmağa başlanmışdır. Gülər Əhmədovanın xəstə olması ilə əlaqədar onun dəfələrlə təkidinə baxmayaraq heç bir yardım göstərilməmiş və hətta təcili yardım da çağırılmamışdır. Xəstəliyi, yorğunluğu, yuxusuzluğu, aclığı səbəbindən Gülər Əhmədova prokurorluq işçilərindən xahiş etmişdir ki, ertəsi gün vəkili ilə birlikdə gəlib ifadə verə bilər. Lakin onun bu xahişi nəzərə alınmamış, özlərinin dəvət etdikləri vəkillə ondan ifadə alınmış və alınan ifadə də təhrif olunmuşdur. Belə ki, Gülər Əhmədova istintaqa verdiyi ifadəsində demişdir:

“Mən nəinki Elşaddan, heç kimdən pul almamışam. Heç kimə də pul verməmişəm. Heç kimə də deputat seçilməyi ilə bağlı vəd verməmişəm. Mənə yox, Elşad Abdullayevə inanırsızsa, Ulu Öndər Heydər Əliyevin mənə bağışladığı 3 otaqlı mənzili sizə girov qoyuram, mənzilin qiymətini isə bilmirəm. 300.000, 500.000 və yaxud 1.000.000 - dur. Elşad Abdullayev gəlsin üzləşək, mənə sübut etsə ki, pul verib, həmin mənzili qiymətindən asılı olmayaraq ona bağışlayaram. Mənim başqa pulum yoxdur”. Hətta Gülər Əhmədova prokurorluqda bildirmişdir ki, şahid qismində olduğu halda mənə heç bir məlumat verilmədən “Dayan” əmri verilməsinə baxmayaraq, Elşad Abdullayev barəsində bir neçə cinayət işi olduğu halda ona “Dayan” əmri verilmir və o şantaj məqsədilə çəkdiyi videolarla Azərbaycan sərhədindən rahatca keçir. Prokurorluqda isə buna heç bir əhəmiyyət verilmədi".