BolgeXeber.Com » Analitika » Müstəqilliyimizin memarı

Müstəqilliyimizin memarı

13-06-2024, 10:56
Oxunub: 4 272
Məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr gərginliyi, strateji baxımdan əhəmiyyəti ilə əvvəlki dövrlərin bir neçə onilliyinə bərabər idi. Doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıdan ulu öndər Heydər Əliyev ilk əvvəl Bakıya, sonra isə Naxçıvana gələrək Qurtuluş mübarizəsini davam etdirmişdir.

Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr nə Azərbaycan dövlətçiliyini, nə də onun ayrılmaz parçası olan Naxçıvanı qorumaq iqtidarında idilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı. O vaxtkı bacarıqsız iqtidar mənsubları blokadada olan Naxçıvana kömək göstərmək əvəzinə Heydər Əliyevə qarşı mübarizəyə başlamışdılar. 1992-ci ilin oktyabrında Heydər Əliyevə qarşı qəsd həyata keçirməyə, onu Naxçıvan rəhbərliyindən devirməyə cəhd də etdilər. Lakin bu cəhdlər uğursuzluğa məhkum idi. Həmin ağır şəraitdə Heydər Əliyev böyük dövlət adamı, qətiyyətli və iradəli siyasətçi olduğunu sübut etdi
     Azərbaycanda qeyri-sabit, qarşıdurmanın ifrat həddə çatmış olduğu, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir dövrdə xalqın xahişi və təkidi ilə ümummilli liderin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizin real təhlükədən xilas olması üçün zəruri şəraiti təmin etdi, onun dönməzliyini, əbədiliyini şərtləndirdi. Müstəqilliyimizin əbədiliyinin təmin olunmasının, milli dövlətçiliyimizin qurulmasının təməli 1993- cü ilin iyunundan başlayır. Həmin tarix “15 İyun - Milli Qurtuluş Günü” müstəqillik tariximizin əbədiləşən günüdür. Ölkə daxili siyasi böhrandan qurtuldu. Belə ki, ümummilli liderin dövlətçilik təcrübəsi, düzgün seçim strategiyası və bunun fonunda atdığı zəruri addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslər mərhələli şəkildə aradan qaldırıldı.
     Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb.
     Ulu öndər Heydər Əliyev siyasətinin gücü onun milli maraqlara əsaslanmasındadır. Dövlət və cəmiyyət həyatının elə bir sahəsi, elə bir problemi olmadı ki, onun diqqətindən kənarda qalsın. Ulu Öndər cəmiyyət həyatının bütün sahələrinə dərindən nüfuz edərək, mühüm qərarlar qəbul edir, onların icrasına nail olurdu. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq sabit inkişaf yoluna çıxardı. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olundu, iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edildi. 
     Bu gün ölkəmiz öz müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və sosial baxımdan Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edib. Dövlətimizin başçısının yürütdüyü siyasətin başlıca məqsədi, atdığı bütün addımlar müstəqil Azərbaycanın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlib. 
     Qüdrətli və güclü dövlətə çevrilən Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkəsi olmuşdur. Dünya müstəqil Azərbaycanın gücünü, qüdrətini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın gördü. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazdı. Zəfər Paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, dövlətinin gücünün göstəricisi, xalqın çoxdan arzuladığı tarixi bir hadisənin təsdiqi oldu. Azərbaycanın sarsılmaz, məğlubedilməz bir ölkə olduğunu bütün dünyaya sübut etdi. Bu müqəddəs yolun, bu şərəfli missiyanın bünövrəsi 15 İyun-Milli Qurtuluş Günündən başlamışdır.
     Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi fikir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.

     Ulu öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.


      İlqar Ağabəyov,
     Salyan şəhəri, həkim - travmatoloq