BolgeXeber.Com » Analitika » Münasibətlər yüksələn xətlə inkişaf etdirilir

Münasibətlər yüksələn xətlə inkişaf etdirilir

Dünən, 16:49
Oxunub: 0
Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu getdikcə artırır, dostluq körpüləri daha möhkəm təməl üzərində dayanır. Qeyd edək ki, bu strateji xəttin ən parlaq nümunələrindən biri də Mərkəzi Asiya istiqamətində atılan ardıcıl və məqsədyönlü addımlardır. Xüsusilə, Özbəkistanla münasibətlər yüksək səviyyədə inkişaf etdirilir. Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, keçirilən görüşlər təkcə protokol tədbirləri yox, həm də xalqlar arasında mənəvi bağların, ortaq tarixin və taleyin təntənəsidir.
Əsrlərin dərinliklərindən boylanan münasibətlər bu gün dövlətlərarası səviyyədə yeni mərhələyə qədəm qoyur. Azərbaycan və özbək xalqları ortaq mədəniyyət, eyni dil ailəsinə mənsubiyyət, dini dəyərlər və milli ənənələrlə bir-birinə bağlıdır. Bu bağlar tarixlə, gen yaddaşı ilə möhkəmlənib. Məhz 1995-ci ilin 2 oktyabrında qurulan diplomatik əlaqələr bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında mədəni, iqtisadi, sosial sahələrdə qarşılıqlı əlaqələr genişlənir. Azərbaycanla Özbəkistan beynəlxalq müstəvidə çiyin-çiyinə irəliləyir. Türk Dövlətləri Təşkilatından BMT-yə qədər müxtəlif platformalarda hər iki dövlət bir-birini dəstəkləyir, ortaq maraqları müdafiə edir. Hər addımda səsləri bir, mövqeləri eynidir. Özbəkistanın Azərbaycanın haqq savaşında - 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi qətiyyətli mövqe isə qardaşlıq əlaqələrinin təcəssümüdür. Özbəkistan münaqişənin tarixə qovuşmasında Azərbaycanın ədalətli mövqeyə daim açıq və birmənalı dəstək verib. Özbək diplomatiyası beynəlxalq təşkilatların tribunalardan Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən çağırışlar səsləndirib, qardaşlıq və prinsipiallığın rəmzinə çevrilib.
Bu gün Türk dünyasında, eləcə də Avrasiya məkanında sabitliyin, inkişafın və birliyin əsas sütunlarından biri olan iki qardaş ölkə birgə addımlamaq əzmini ortaya qoyur. Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər hövzəsi birləşərək vahid geosiyasi məkan kimi formalaşır. Hər iki ölkənin liderlərinin son illərdə qarşılıqlı səfərləri əməkdaşlığın nə qədər dinamik, məqsədyönlü və strateji mahiyyət daşıdığını bir daha nümayiş etdirir.
Qeyd edək ki, dünən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə arasındakı bağların daha da gücləndiyini bir daha təsdiq edir. Prezidentlərin təkbətək görüşü, həmçinin cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, sənədlərin mübadiləsi münasibətləri daha da möhkəmləndirir.
Bir məqamı da diqqətə çatdırmaq yerinə düşər ki, hər iki ölkə başçısının iştirakı ilə Bakıda Özbəkistanın Azərbaycandakı səfirliyinin inzibati binasının açılış mərasimi də keçirilib. Müasir üslubda ərsəyə gətirilən bina qardaş ölkələr arasında əlaqələri daha da genişləndirəcək. İqtisadi əlaqələrə nəzər salaraq qeyd edək ki, iki ölkə arasında, xüsusilə Mərkəzi Asiya ilə Azərbaycanın olduqca interaktiv iqtisadi əməkdaşlıq prinsipi mövcuddur. Bu ilin ilk beş ayında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artaraq 200 milyon dollarlıq sərhədi aşıb. Azərbaycan və Özbəkistan rəhbərləri artıq daha böyük hədəfləri müəyyən ediblər. 2030-cu ilə qədər ikitərəfli ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması planlaşdırılır. Bu isə strateji tərəfdaşlığın göstəricisidir. Bu hədəfə çatmaq üçün ticarətlə yanaşı, investisiya və sənaye kooperasiyasının da sürətlə genişləndirilməsi zəruridir. Hazırda hər iki ölkə bu istiqamətdə ciddi addımlar atır. Müxtəlif sahələr üzrə icra olunan birgə layihələr, qarşılıqlı investisiya təşəbbüsləri artıq real nəticələr verir. Özbəkistan bu gün Azərbaycan investorları üçün ən perspektivli və etibarlı tərəfdaşlardan biri kimi çıxış edir. Digər tərəfdən, özbək sahibkarlarının da Azərbaycan bazarına artan marağı diqqətdən yayınmır. Bu marağın konkret təzahürlərindən biri də Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılmasıdır. 500 milyon dollar nizamnamə kapitalına malik bu şirkət artıq iqtisadi münasibətlərin lokomotivinə çevrilməkdədir. Onun fəaliyyəti nəticəsində birgə layihələr reallaşır, sənaye parklarında canlanma müşahidə olunur, kənd təsərrüfatından tutmuş logistika və energetikaya qədər müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaranır. Keçən il Bakı və Daşkənd arasında imzalanan "yaşıl enerji" sahəsində birgə istehsal və Avropaya ixracı da nəzərdə tutan 20 əsas istiqamət üzrə əməkdaşlıq proqramı əhəmiyyətli dönüş nöqtəsidir. Bu proqram gələcək enerji gündəliyini formalaşdıran sənədlərdən biri olmaqla yanaşı, alternativ enerjiyə olan ortaq baxışı resursların dayanıqlı istifadəsinə yönələn iradəni nümayiş etdirir. Eyni zamanda, hər iki ölkə üçün həyati strateji önəm daşıyan nəqliyyat-logistika dəhlizlərinin inkişafı gündəmdə xüsusi yer tutur. Cənubdan şimala, qərbdən şərqə uzanan bu yollar artıq ticarət üçün sadəcə tranzit marşrutları deyil, Azərbaycanla Özbəkistanın geoiqtisadi baxımdan nə qədər əhəmiyyətli mövqe tutduğunu sübut edən arteriyalardır. İki ölkə liderləri tərəfindən imzalanmış Müttəfiqlik Münasibətləri haqqında Saziş isə bu strateji xəttin siyasi möhürüdür. Tarixi səciyyə daşıyan sənəd Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətlərini rəsmi şəkildə zirvəyə daşımaqla yanaşı, həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiyanın bütövlükdə Avrasiya ilə əlaqələrinin inkişafına yeni nəfəs verdi. Bu sənəd regional əməkdaşlığın yeni geosiyasi arxitekturasında önəmli yer tutur. İki ölkə arasında iqtisadi münasibətlərin statistikası da bu yüksəlişi tam əks etdirir. Son 8 ildə ticarət dövriyyəsinin 8, birgə istehsal həcminin isə 5 dəfə artması bu sahədə atılan addımların səmərəliliyindən xəbər verir. Azərbaycan və Özbəkistan iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə xüsusi önəm verir. Hazırda prioritet istiqamətlər arasında üçüncü ölkələrdən idxalın əvəzlənməsi, iki iqtisadiyyatın bir-birini tamamlayan imkanlarının tam səfərbər edilməsi əsas yer tutur. Bu yanaşma xüsusilə qlobal qeyri-sabitlik və tədarük zəncirlərindəki pozuntular fonunda olduqca aktualdır. Belə bir dönəmdə iki ölkənin birgə iqtisadi gücünü səfərbər etməsi yalnız milli maraqlara deyil, eyni zamanda regional sabitliyə və iqtisadi təhlükəsizliyə də xidmət edir.
İki ölkə arasındakı sarsılmaz qardaşlıq bağlarına ən dəyərli nümunə kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birlikdə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva azad Füzuli torpağında təhsil ocağının, ümid və gələcəyin ünvanında bir araya gəlməsini qeyd etmək olar. Onlar 2023-cü il avqustun 23-də Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər. Beş korpuslu təhsil kompleksi Özbəkistanın ərməğanıdır. Ulu Türk coğrafiyasının böyük bir dövlətin işğaldan azad edilmiş Qarabağ torpağına - Füzuliyə uzatdığı mehriban əl, bir canın digər cana verdiyi paydır. Bu məktəb Füzuliyə yalnız sinif otaqları yox, həm də gələcəyə güvən, sabaha inam, birlik və dostluq gətirib. Burada yetişəcək hər bir şagird, keçiriləcək hər bir dərs zəngi Özbəkistan-Azərbaycan qardaşlığının sədasına çevriləcək. Bu divarlar elm və maariflə yanaşı, dostluq nəfəsi, hər pəncərədə bir ümid görünəcək. Zaman keçəcək, nəsillər dəyişəcək, lakin bu məktəb - bu qardaşlıq yadigarı yaddaşlarda yaşamaqda davam edəcək. Özbəkistanın Füzuliyə bəxş etdiyi təhsil incisi, əslində, coğrafiyalar arasındakı məsafəni, könüllər arasındakı yaxınlığı sübut edir. Bu, sönməyən xatirə, silinməyən iz, vətən torpağında həkk olunan dostluq abidəsidir.