BolgeXeber.Com » Ölkə » “Laçın"da işləyən sahibkarların bir neçəsi müflis ola bilər

“Laçın"da işləyən sahibkarların bir neçəsi müflis ola bilər

24-02-2015, 16:44
Oxunub: 4 874 “Laçın"da işləyən sahibkarların bir neçəsi müflis ola bilərManatın ucuzlaşması sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara əməlli-başlı problem yaradıb

Çünki ticarətlə məşğul olan şəxslərin bir çoxu müxtəlif banklardan krediti dollarla götürüblər. Ekspertlərin fikrincə, gələcəkdə manatın məzənnəsi aşağı düşərsə, o zaman kreditlərin geri qaytarılması ilə bağlı çətinlik yarana bilər: "Hal-hazırda kommersiya banklarının əksəriyyəti öz kreditlərini dollarla təklif etməkdədir. Manatla kredit təklif edən bankların sayı azdır.

Mərkəzi Bank nəzarət etməlidir ki, bankların kredit təklifi onların aktivlərinin valyuta strukturuna uyğun olaraq həyata keçirilsin. Bankların krediti dollarla göstərib vətəndaşa manatla kredit verməsi, qanuna ziddir. Bank kredit müqaviləsində göstərdiyi valyutaya düzəliş etməlidir". Sözsüz ki, dolların bahalaşması iqtisadiyyatın bəzi sahələrinə mənfi təsir göstərəcək. Belə bir həssas dövrdə paytaxtın Nizami rayonunda yerləşən "Laçın" Ticarət Mərkəzində yeni gərginlik əmələ gəlib. Belə ki, əldə etdiyimiz məlumatlara görə, bazarın sahibi Maqsud adlı iş adamı yer pullarını qaldırmaq barədə fikirləşir. Bu haqda redaksiyamıza məlumat verən mənbənin iddiasına əsasən, dolların bahalaşması ticarət mərkəzində işləyən bəzi sahibkarların büdcəsinə ciddi ölçüdə ziyan vurub, hətta onları müflis olmaq həddinə gətirib çıxarıb: "Ticarət mərkəzində yüzlərlə dükan fəaliyyət göstərir. Dükanların demək olar ki, hamısı işlək vəziyyətdədir. Bir müddət əvvəl birinci mərtəbədəki dükanları təmir edib, sahəsini bir qədər genişlətdilər. Kvadratın artırılması yer pullarının qiymətinə avtomatik olaraq təsir göstərir. İndiki vəziyyətdə aylıq icarə pulu ilə yanaşı, digər ödənişləri də veririk. İşıq, zibil, mühafizə pulu və sair. Son günlər alver tamamilə zəifləyib. Bəzən elə olur ki, siftə edə bilmirik. Bazarda işləyən şəxslərin əksəriyyətinin banklara borcu var. Çoxumuz həmin kreditləri dollarla götürmüşük. Dolların bahalaşması bizi çıxılmaz vəziyyətdə qoyub. Bütün problemlər bir-birinə qarışıb. Başımızı itirdiyimiz bir vaxtda Maqsud müəllimin adamları gəlib deyir ki, hazırlıqlı olun mart ayından yer pulları qaldırıla bilər. Belə deyirlərsə, həqiqətən də artım olacaq. Qorxumuzdan etiraz edə bilmirik. Çünki etiraz səsimizi ucaldan kimi ticarət mərkəzinin qolu zorlu təhlükəsizlik xidmətinin əməkdaşlarını üstümüzə göndərib dükanları boşaltdırırlar. Bəzi sahibkarlar icarə haqqının artacağı xəbərini eşidib dükanları indidən boşaltmağa başlayıblar". Etibarlı mənbənin bildirdiyinə görə, dolların bahalaşması, başqa sözlə desək, manatın dəyərdən düşməsi "Laçın"ın sahibinə heç də mənfi təsir göstərməyib: "Manatın dəyərdən düşməsi bizim kimi bankdan kredit götürüb iş görmək istəyən insanlara çox pis təsir edib. Maqsud müəllimin milyonları var. "Laçın" Ticarət Mərkəzi ilə yanaşı, şəhərin bir sıra mərkəzi yerlərində ticarət obyektləri fəaliyyət göstərir. Rahat şəraitdə yaşadığına görə maddi sıxıntının, banka kredit ödəməyin, yaxud manatın dəyərdən düşməsinin nə olduğunu bilmir. Əlimizdə beş-on manat pul var idi, onu da itirmək təhlükəsi ilə üz-üzə qalmışıq. Bu gedişlə "Laçın"da ticarətlə məşğul olan insanların bir hissəsi müflis ola bilər. Bunun bir səbəbi manatın dəyərdən düşməsidirsə, digər səbəbi Maqsud müəllimin il ərzində yer pullarını bir neçə dəfə qaldırmasıdır. Əgər mart ayının 1-dən yer haqları qaldırılsa, o zaman böyük narazılıq yaranacaq". Qeyd edək ki, "Laçın" Ticarət Mərkəzinin sahibinin Türkiyədə də böyük biznes şəbəkəsinin mövcud olduğu və onun "AST Telman" kimi tanınan milyarder Telman İsmayılovla bəzi şərikli layihələr həyata keçirdiyi də yayılan xəbərlər arasındadır. Fikrimizcə, belə bir ərəfədə ticarət mərkəzində yer pullarının artırılması bazarın sahibinə ciddi problemlər yarada bilər. Odur ki, iş adamı bu fikrindən vaz keçməlidir.

Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.