BolgeXeber.Com » Ölkə » "Yapı Kredi Bank Azərbaycan"vətəndaşları necə aldadır? - QALMAQAL

"Yapı Kredi Bank Azərbaycan"vətəndaşları necə aldadır? - QALMAQAL

25-02-2015, 11:12
Oxunub: 6 264 "Yapı Kredi Bank Azərbaycan"vətəndaşları necə aldadır? - QALMAQALJurnalist Pərviz Əzimov faktlarla bankın fırıldaqlarını ifşa edib

Arqument.Az xəbər verir ki, P. Əzimov özünün “Facebook” hesabında bankın onu aldatdığını qeyd edib. Onun yazdığına görə, bank işçiləri onu aldadaraq məhkəməyə verib və hazırda ondan əlavə rüsum tələb edirlər: “”Yapı Kredi Bank Azərbaycan”dan bir dostum kredit götürürdü. Mən də zamin durdum. Bankın əməkdaşı gəldi ki, istəyirsinizsə, heç bir sənəd vermədən, sadəcə vəsiqənizin surəti ilə sizə “world kart” verək. Əvvəl istəmədik, sonra razılaşdıq. Heç məbləği də soruşmadım. İmza atdım və ünvan verdim ki, göndərəsiniz bura.
1 həftə sonra kart gəldi. Nəsə birdən pul lazım oldu, mən də kartdan məbləği çıxartdım. Sonra da qaydası üzrə ödəməyə başladım. Hər ay da pulu vaxtında verirdim. Aprel ayında telefonuma mesaj gəlib ki, ödəmənizin vaxtıdır. Getdim ödədim. Bankın kassasından soruşdum nə qədər ödəməliyəm? Dedi ki, bizdə ümumi borc göstərir. Həmişə də belə deyirdilər. Mən də həmin ay gələn mesajı silmişdim. Amma təqribən bilirdim ki, 70 manat civarındadır. Mən də 70 manat ödədim və çıxdım”.
P. Əzimov qeyd edir ki, hər şey bundan sonra başlayıb: “Qaydası üzrə də hər ay krediti ödəyirdim. Dekabr ayında qaldığım evə bankdan məktub gəldi. Yazılıb ki, sizin 247 manat borcunuz var və krediti 3 aydan çox gecikdirdiyiniz üçün bütün məbləği ödəməlisiniz. Əks təqdirdə, məhkəməyə veriləcəksiniz.
Məktubu da götürüb banka getdim. Dedim bəs nə gecikmə, axı mən ödəmişəm. Dedilər aprel ayında 7 manat az ödəmisiz. O 7 manat gecikmə kimi hesablanıb və məhkəmə predmeti olub. Nəsə uzun mübahisədən sonra dedilər ki, məhkəməyə verməmişik. Razılaşdıq ki, qalan 250 manatı mart ayına qədər bağlayım. Mən də razılaşdım. Çıxdım bankdan və bir neçə gün sonra razılaşdığımız kimi kreditin bir hissəsini ödədim. Bir hissəsini də o gün getdim ödəməyə. Məlum oldu ki, artıq məhkəməyə verilmişəm və məhkəmə rüsumu da gəlib üstünə. Sonra atam zəng elədi ki, evə də bankdan məktub gəlib.
Həqiqi ödəməli olduğum məbləği ödədim və çeki götürüb bankın əsas ofisinə getdim. Yaxınlaşmışam ki, bəs belə bir problem var. Mən gəlmişdim bura və razılaşmışdıq ki, məhkəməyə verilməyəcək. Qəbulda oturan xanım da xatırladı bunu və bir neçə şöbə ilə əlaqə saxladı. Heç biri qəbul etmədi. Dedilər qəbul eləmirik, getsin ödəsin.
Nə qədər dirəşsəm də, nə hüquqşunas, nə problemli kreditlər şöbəsi qəbul etdi. Hətta qəbulda oturan xanım da xatırladı onlara ki, müştəri əvvəl də gəlmişdi, qəbul eləmişdiniz. Yenə etmədilər. Dedilər getsin ödəsin, vəssalam”.
Şikayətçi qeyd edib ki, yaxında Bankı İstehlakçıların Hüquqları və Antinhisar üzrə Dövlət Agentliyinə və məhkəməyə şikayət etməyə hazırlaşır: “Məsələ məhkəmə rüsumunda deyil, onu ödəməkdə də deyil. Məsələ bir bankın öz müştərisinə qarşı bu qədər alçadıcı davranmasındadır. Kartı yalvara-yalvara verirlər adama, amma problem çıxanda yaxın belə durmurlar. Söz verirlər ki, məhkəməyə verilməyəcək. Çünki bilirlər ki, səhv özlərindədir. Sonra xəbərsiz formada məhkəməyə verirlər. İndi növbə məndədir, onları məhkəməyə verəcəm”.
İddialarla bağlı bankın da mövqeyini dərc etməyə hazırıq.