BolgeXeber.Com » Ölkə » Kliniki Tibbi Mərkəzə qarşı korrupsiya ittihamı - Nazirin adından sui-istifadə olunur?

Kliniki Tibbi Mərkəzə qarşı korrupsiya ittihamı - Nazirin adından sui-istifadə olunur?

26-02-2015, 14:41
Oxunub: 4 728 Kliniki Tibbi Mərkəzə qarşı korrupsiya ittihamı - Nazirin adından sui-istifadə olunur?Qəzetimizin ötən saylarında Kliniki Tibbi Mərkəzdə (keçmiş “Semaşko” xəstəxanası) müşahidə olunan bir sıra neqativ hallara dair tənqidi materiallar dərc olunmuşdu. Həmin materiallarda biz göstərmişdik ki, bu xəstəxananın daha çox kommersiya əsasları üzərində qurulmuş fəaliyyəti sürəkli olaraq qanun pozuntuları ilə müşayiət olunmaqdadır. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, xəstəxananın baş həkimi Tərlan Bəbirovun personala qarşı irəli sürdüyü qanundankənar tələbləri sözügedən səhiyyə müəssisəsində ciddi fəsadlara yol açmaqdadır. Məlum olduğu kimi son vaxtlar ümumiyyətlə dövlət səhiyyə müəssisələrində xəstələrə göstərilən tibbi xidmətlərə görə pul tələb olunması ictimaiyyəti ciddi şəkildə narahat edən problemə çevrilmişdir. Əldə etdiyimiz məlumatlarda da qeyd olunur ki, bu gün Kliniki Tibbi Mərkəzdə ödənişlər bilavasitə baş həkimin təyin etdiyi qiymətlər cədvəlinə müvafiq olaraq müəyyənləşdirilir. Məsələ ilə bağlı redaksiyamıza məlumatları təqdim edən mənbə vurğulayır ki, adıçəkilən səhiyyə ocağında tətbiq olunan qiymətlər yüksək olduğundan, baş həkim istədiyini ala bilmədiyi şöbə müdirlərindən və həkimlərdən işdən çıxmaları haqqında ərizə yazmağı tələb edir. Belə ki, hər bir xəstənin müalicəsinə və vətəndaşların müayinəsinə birbaşa özü nəzarət edən Tərlan Bəbirov Kliniki Tibbi Mərkəzə müraciət edənləri xüsusi siyahıya alır. Daha sonra daxil olan məlumatlarda bildirilir ki, bu tibb müəssisəsində saxta arayışların verilməsi müntəzəm olaraq həyata keçirilir və baş həkim Tərlan Bəbirov bu işləri müavini Adil Salahova həvalə etmişdir. Lakin bu maxinasiyalar barədə biz bir müddət dərc etdiyimiz materialda artıq ətraflı bəhs etmişdik. Qeyd etmək lazımdır ki, ölkənin əksər kütləvi informasiya vasitələrində dərc olunan materiallarda da belə bir məqam hər zaman vurğulanır ki, bu xəstəxanada xəstələrin pulsuz müayinə və müalicəsi demək olar ki, mümkün deyil. Elə xəstəxanada çalışanlar da etiraf edirlər ki, onlar xəstələrdən pulu rəhbərliyin tələbilə alırlar. Şöbələrə konkret haqq qoyulub və hər həftə şöbə müdirləri, həkimlər Tərlan Bəbirova aldıqlarının hesabatını verirlər. Bu xüsusda bəzi mənbələr iddia edirlər ki, baş həkimin əməlləri artıq Kliniki Tibbi Mərkəzin kollektivini də narahat etməkdədir. Bundan başqa isə müxtəlif mənbələrin təqdim etdikləri məlumatlarda xüsusi olaraq diqqət mərkəzinə çəkilir ki, bu tibb müəssisəsində xəstələrə dövlət hesabına heç bir dərman preparatları və ərzaq verilmir. Halbuki dövlət büdcəsindən xəstəxanaya dərman və dərman preparatları, tibbi avadanlıqlar, həmçinin ərzaq da ayrılır. Demək olar ki, bütün şöbələrdə vətəndaşlara pulsuz verilməli olan dərmanlar pulla satılır. Hər əməliyyatdan baş həkimə müəyyən məbləğdə pul ödənilir. Məsələn, qeysəriyyə doğuşundan Tərlan Bəbirova 100 manat, təbii doğuşdan 50 manat, cərrahiyyə laparoskopik əməliyyatlardan 200 manat, sadə əməliyyatlardan 50-100 manat, qəbul şöbəsində hər xəstədən 20 manat, rayon xəstələrindən 100 manat alınır.Göründüyü kimi Kliniki Tibbi Mərkəzdə mövcud durumun son dərəcə böhranlı hala çatdığı artıq heç bir şübhə doğurmur. Bütün bu baş verənlərin fonunda isə ölkənin Səhiyyə Nazirliyi tərəfindən hələ də vəziyyətə müdaxilə olunmaması, təbii ki, ictimaiyyət tərəfindən anlaşılan bir mövqey kimi qəbul edilə bilməz. Bu arada isə Tərlan Bəbirov öz əməkdaşlarına mətbuatda onun və rəhbərlik etdiyi müəssisənin fəaliyyəi barədə dərc olunan tənqidi materiallara əhəmiyyət verməməyi tövsiyyə edir. Baş həkimin sözlərinə görə, Səhiyyə naziri cənab Oqtay Şirəliyevlə olan dostluq münasibətləri onu bütün “arzuolunmaz” vəziyyətlərdən kifayət qədər sığortalayır...bizimdovr.az