BolgeXeber.Com » Ölkə » Heydər Babayevin biznesinin insanlara zərərli təsiri-"Çudo Peçka"-nın məhsullarından şikayət

Heydər Babayevin biznesinin insanlara zərərli təsiri-"Çudo Peçka"-nın məhsullarından şikayət

7-03-2015, 10:27
Oxunub: 5 212 Heydər Babayevin biznesinin insanlara zərərli təsiri-"Çudo Peçka"-nın məhsullarından şikayətƏhmədlidəki "Çudo Peçka"da satılan məhsulların əksəriyyəti sağlamlığımız üçün təhlükəlidir

İstehlakçıların hüququnu pozan MMC barədə niyə müvafiq tədbirlər görülmür?

Hazırkı dövrdə insanların qida rasionunda ayaqüstü qidalar üstünlük təşkil edir. Əvvəllər təbii məhsullardan bişirilən və süfrə ətrafında yeyilən yeməkləri hazırda mənşəyi bəlli olmayan süni qidalar əvəzləməkdədir. Son illər ofislərdə, təhsil ocaqlarında, istirahət və əyləncə mərkəzlərində, restoranlarda, parklarda süni qidalar, başqa sözlə desək, "fast-food" məhsullarının ticarəti geniş yayılıb. Bu cür yeməklər verilən və daha çox gənclərin sevimli məkanı olan şəbəkələrdən biri də "Çudo Peçka" MMC-nin mağazalarıdır. Məlumat üçün bildirək ki, "Çudo Peçka" bir neçə il əvvələ kimi iş adamı Çingiz Cəlilovun nəzarətində olub. Lakin sonradan iş adamının banklara külli miqdarda borcu yaranıb və biznes şəbəkəsi ondan alınaraq sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin nəzarətinə keçib. Sözügedən ticarət şəbəkəsi hazırda "Bank Standard"ın nəzarəti altında fəaliyyətini davam etdirir.

Mətbuatdan da izlədiyiniz kimi, "Çudo Peçka" MMC-nin şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mağazalarında tez-tez qanun pozuntularına yol verilir, həmçinin burda müştərilərə təklif edilən yeməklərin içindən qurd belə çıxır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmiləri dəfələrlə "Çudo Peçka"nın mağazalarında reyd keçirib, qanunsuzluqları aşkara çıxarsalar da, problem hələ də mövcudluğunu qoruyub saxlayır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Əhmədlidəki "Çudo Peçka"da satışa çıxarılan məhsulların əksəriyyəti insan orqanizmi üçün təhlükəlidir: "Burda satılan kremli məhsulların, xüsusilə də tortların istehsal tarixi, yararlılıq müddəti, tərkibi üzərində göstərilmir.Heydər Babayevin biznesinin insanlara zərərli təsiri-"Çudo Peçka"-nın məhsullarından şikayət Kremli məhsulların hamısı marqarin yağından hazırlanır. Bir dəfə burada yoxlama aparılanda bu, aşkar edilmişdi. Amma yenə də əvvəlki qaydada bişirilir. Reklamda bildirirlər ki, guya tortların bişirilməsində yaşıl çay, zəncəfil, karamel, kakao yağı kimi təbii məhsullardan istifadə edilir. Halbuki tortların bişirilməsində bunların heç birindən istifadə edilmir. İstifadə edilən məhsulların hamısı keyfiyyətsiz olur. Peraşkilər qalırsa, onu təkrar emal edərək yenidən xəmirə qatırlar. Bulkalara çoxlu miqdarda köpürdücü vurulur. Bu da onun rezin kimi şişməsi üçündür. Tərəvəz və meyvə məhsullarının hamısı xarab olur. Bazarlarda ucuz qiymətə satılan göy və tərəvəzlər alınır, mağazanın anbarında günlərlə saxlanılır. Sonra da məhsulların hazırlanmasında istifadə edilir. Məhsulların təsdiq olunmuş resepturaları, texnoloji təlimatları yoxlamaya təqdim edilmir. Tort məhsullarının qablaşdırılmasında sanitar normalar pozulur, tozlu qablaşdırma materiallarından istifadə olunur. Bundan başqa, anbarda xammalların saxlanma rejiminə riayət olunmur. Belə ki, xəmir mayası 0-4 dərəcə, mayonez 0-10 dərəcə, qatılaşdırılmış süd 0-10 dərəcə temperaturda saxlanılmalı olduğu halda, faktiki 20-25 dərəcədə saxlanılır. Müəssisə tərəfindən istehsal olunan tortların bəzədilməsində və hazırlanmasında da normalara əməl olunmur. Məsələn, "Kriolla" tortunda 400 qr şanti kreminin istifadəsi nəzərdə tutulduğu halda müəssisədə bu, gözəyarı və normadan artıq istifadə olunur. Həmçinin tort bəzədilməsində mənşəyi məlum olmayan boyaq maddələrdən istifadə olunur. Anbarda saxlanılan tortların istehsal tarixi yalnız satış şəbəkələrinə göndərildikdə yazılır. Kulinar məmulatların hazırlandığı sexdə xammallar antisanitar vəziyyətdə saxlanılır. Belə ki, çiy ət, bişmiş toyuq və mal ətinin yarımfabrikatları ilə bir soyuducuda üst-üstə yığılmış vəziyyətdə saxlanılır". Əhmədlidəki "Çudo Peçka"nın rəhbərliyinin istehlakçıları aldatdığını deyən məlumatlı mənbənin iddiasına görə, uzun müddətdir vaxtı keçmiş məhsulların əhaliyə satışı həyata keçirilir: "Bu, artıq müəssisədə oturuşmuş sistemə çevrilib. Əhali bilməlidir ki, tortların saxlanma müddəti 36 saatdır. Şirniyyat məhsullarının istehsalında tək un və şəkər tozu deyil, müxtəlif komponentlərdən istifadə olunur. Həmin kimyəvi qatqılar bir sıra hallarda normadan artıq qatılır. Nəticədə şirniyyatlar kimyalaşır. Məhsulun ömrünü nə uzadırsa, o, insan ömrünü bir o qədər qısaldır. Mağazada satılan məhsulların bir çoxunun gigiyenik sənədi yoxdur. Mətbəxdəki vəziyyətdən isə danışmağa dəyməz. Yaz və yay aylarında üfunət iyindən mətbəxə girmək olmur. Vaxtı keçmiş ət və toyuq məhsullarını müxtəlif yeməklərin hazırlanmasında istifadə edirlər. Bəzi hallarda qida məhsullarının saxlandığı anbarda siçan ölüsü və digər həşəratlara rast gəlinir. Neçə dəfə burda satışa çıxarılan məhsulların içindən müxtəlif həşəratlar, taxta qırıntısı və qurd çıxıb. Müştərilərin etirazına baxmayaraq, mağaza rəhbərliyi mövcud nöqsanları aradan qaldırmır". Ekspertlər isə hesab edir ki, "Çudo Peçka" MMC-nin mağazalarında satışa çıxarılan yeməklər insanda piylənmə və müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur: "Belə yeməklər daha çox zərərləri ilə xarakterizə olunur. Məsələn, daha çox xolesterinin, istifadə edilən yağların problemli olması ilə yaddaşda qalır. Heydər Babayevin biznesinin insanlara zərərli təsiri-"Çudo Peçka"-nın məhsullarından şikayət"Çudo Peçka"nın mağazalarına diqqət yetirsək, görərik ki, kartof çubuqlarını dalbadal eyni vaxtda qaynayan yağa qoyurlar. Bu yağ da səhərdən qaynanmağa qoyulur və ondan axşama qədər dəfələrlə istifadə olunur. Müəyyən edilib ki, yağlar yandıqda xərçəng xəstəliyinə səbəb ola biləcək maddələr əmələ gətirir. Ona görə də bu, çox ciddi məsələdir. Nəzərə alsaq ki, "fast-food"lardan daha çox uşaqlar və gənclər istifadə edirlər, bu, çox böyük narahatçılıq doğurur. Bu gün həddən artıq piylənmənin, bəzi xəstəliklərin yaranmasının arxasında bu "fast-food"lar dayanır". Yəni burda söhbət insan sağlamlığına vurulan zərbədən gedir. Odur ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları təcili olaraq Əhmədlidəki "Çudo Peçka"da yoxlamalara başlamalı və yol verilən qanunsuzluqları aradan qaldırmalıdır. Əks təqdirdə, bura gələn insanların həyatı təhlükə altına düşə bilər.
gundelik-baku.com
Məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. Buna rəğmən, MMC rəsmilərinin də cavab haqqını tanıyırıq.