BolgeXeber.Com » Ölkə » Nazir Ziya Məmmədovla çəkişən iş adamı güllələndi

Nazir Ziya Məmmədovla çəkişən iş adamı güllələndi

12-03-2015, 09:48
Oxunub: 4 656 Nazir Ziya Məmmədovla çəkişən iş adamı güllələndiNəqliyyat şefinin müflis etdiyi şəxsin müəmmalı ölümü; Fizuli Qasımov ürəyinə açılan atəşlə dünyasını dəyişib; yaxınları onun intihar etdiyinə inanmır; nazirlə iş adamının çəkişməsinin detalları

Bakıda nəqliyyat naziri Ziya Məmmədovun ailə şirkəti, oğlu Anar Məmmədovun idarə etdiyi “Garant holdinq”lə məhkəmə çəkişməsində olan iş adamı Füzuli Qasımovun meyiti aşkarlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Yeni Müsavat”a bildirib ki, 1974-cü il təvəllüdlü Füzuli Şubay oğlu Qasımovun meyiti martın 11-də, səhər saat 11 radələrində paytaxtın Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdəki iş otağında aşkar olunub.


Odlu silahdan ürək nahiyəsinə açılmış bir atəş nəticəsində ölməsi ilə əlaqədar Yasamal rayon prokuroru, prokurorluğun əməkdaşları, prokuror-kriminalist, məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. E.Sultanov qeyd edib ki, hadisə zamanı qapı içəridən bağlı vəziyyətdə olub. Şirkətin digər əməkdaşları isə iş otaqlarında olublar. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin motivləri və başvermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Yaxınları isə onun intihar etməsinə şübhə ilə yanaşırlar. Deyirlər ki, F. Qasımovda silah olmayıb. Bu, şübhələrin heç də əsassız olmadığını söyləməyə əsas verir. F. Qasımovun tikinti obyektlərini əsasən sementlə təchiz etdiyi bildirilir. Qeyd edilir ki, onun tərəfdaşlarından biri ilə aralarında maliyyə məsələləri ilə bağlı ciddi mübahisə yaranıb. F. Qasımov tərəfdaşından yaranmış 500 min dollarlıq borcun qaytarılmasını tələb edib. Borcu ala bilməyəndə isə depressiyaya düşüb. Son günlər ciddi problemləri, daha konkret desək, bəzi biznes tərəfdaşları ilə pula görə mübahisələri yaranıbmış. Həmin tərəfdaşlarının F. Qasımova 500 min dollar borcu varmış. Mübahisə də buna görə yaranıbmış. Bu üzdən o, son vaxtlar dərin depressiyada imiş.

F. Qasımov Bakıda tanınmış iş adamlarından olub. Ona məxsus olan və Goranboyda yerləşən “Goranboy gips” 2 il əvvəl zorakılıqla əlindən alınıb, buna görə iş adamının külli miqdarda borcu yaranıb. “Yeni Müsavat” 2012-ci ildə “Nazir oğlunun şirkəti ”Goranboy Gips"i ələ keçirdi" sərlövhəli yazıda bu haqda məlumat verib. Həmin yazıdan bəzi hissələri təqdim edirik.

Həmin vaxt Füzuli Qasımov qəzetimizə demişdi: “Ziya Məmmədov milyardlarını artırmaq üçün qabağına çıxan obyektləri ələ keçirir. Müəssisəmizin işini zor gücünə dayandırdılar. Bu adamlar üçün məhkəmə qərarları sadəcə kağız parçasıdır. Bütün qanuni vasitələrdən istifadə edib bizə qarşı atılan qanunsuz addımlara qarşı mübarizə aparacağıq”.

F.Qasımovun rəhbərlik etdiyi “Goranboy Gips” ASC tikinti materialları bazarında xüsusi çəkisi olan müəssisə olub. Müəssisə 1992-ci ildə işə başlayıb, 2001-ci ildə II Özəlləşdirmə Proqramı zamanı özəlləşdirilib. 2006-cı ildə F.Qasımov qondarma ittihamla saxlanılıb, ASC-nin fəaliyyətdə olduğu ərazidəki gips karxanası iki mərhələdə F.Qasımovdan alınaraq “ZQAN Holdinq”ə (hazırda “Garant” Holdinq adlanır - E.M.) daxil olan “Azbentonit” MMC-yə verilib. Müəssisənin 50 faiz səhmi təzyiqlə ondan alınaraq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan “ZQAN”a verilib. Bir müddət əvvəlsə ASC-ni Qasımovdan tam almaq üçün qarşı tərəf addımlar atmağa başlayıb.
Nazir Ziya Məmmədovla çəkişən iş adamı güllələndi

Həmin yazıdan sitat: “F.Qasımov məhkəməyə müraciət edərək hüquqlarının bərpasına çalışdığı bir vaxtda isə ona qarşı növbəti qanunsuzluğa əl atılıb. Bu adamlar atamın imzasını saxtalaşdırıb ”ZQAN Holdinq"ə daxil olan “Bank of Azerbaijan”dan onun adına 400 min manat kredit götürmüşdü. Atam Şubay Qasımovu “Bank of Azerbaijan”da görən olmayıb. Sadəcə, onun imzasını saxtalaşdırıb pulu götürüblər. Biz də məcbur olub çətinliklə krediti ödəyirdik. Amma inzibati resurslardan istifadə edib işimizi dayandırdılar. Bizə olan borclarını da ödəmədilər. “Azbentonit” “Goranboy Gips”ə 42 min manat borcludur. Bu pulu bəhanələrlə vermədilər. Yəni o pulun ƏDV-sinə kimi ödənilib. Malımızı Gürcüstandakı əsas alıcılarımıza çatdırmaq üçün “Azərbaycan Dəmir Yolları”na pul ödəmişdik. Hamı bilir ki, bu qurum Nəqliyyat Nazirliyinin bir qoludur. Hətta malı aparacaq vaqonların kodları da alınmışdı. O daşımanın həyata keçirilməsi üçün ödənilən pul da bu günə kimi “Azərbaycan Dəmir Yolları”nda yatır. Amma malımızı alıcıya çatdırmadılar. Bizə də işləməyə imkan vermədilər. Bütün bunlara görə 400 min kreditin faizi olan 4 min manatı “Bank of Azerbaijan”a ödəyə bilmədik. Halbuki elə “ZQAN”a daxil olan “Azbentonit”də 42 min manatımız var, amma o pulu da vermirlər. “Bank of Azerbaijan” bizim şirkəti məhkəməyə verdi və “Goranboy Gips”in əmlakına həbs qoyuldu".



İş adamı deyir ki, qeyri-qanuni olaraq “Goranboy Gips” səhmdarlarının yığıncağı keçirilib: “Legitim olmayan bu yığıncaqda rəhbərliyi, yəni məni, atamı uzaqlaşdırıblar. ”ZQAN" başbilənləri bu iclası keçirməklə sübut edib ki, məhkəmə qərarlarına da əhəmiyyət vermirlər. İclasda atam Şubay Qasımovu rəhbərlikdən uzaqlaşdırıb yerinə nəqliyyat nazirinin qohumlarından olan Tərlan Məmmədovu təyin ediblər. Sonradan da “Goranboy Gips”i onun adına rəsmiləşdiriblər. Amma o adamı gətirib müəssisədə əyləşdirə bilmirdilər. Çünki faktiki olaraq müəssisədə biz işləyirdik. Oranı öz əllərimizlə tikib-yaratmışıq. Ona görə də başqa qanunsuz addımı atıb müəssisənin əmlakına həbs qoyublar ki, sonradan öz adamlarını rahat şəkildə gətirib “Goranboy Gips”də əyləşdirsinlər".

F.Qasımov demişdi ki, Gəncə İqtisad Məhkəməsinə “Bank of Azerbaijan”ın “Goranboy Gips”in əmlakına həbs qoyması haqda qərarından şikayət veriblər: “Bu adamlar icra haqda qanunu da pozublar. Biz 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib bunların səhmdar olmadığını məhkəmə qərarı ilə sübut etmək istəyirdik. Vəsatət qaldırmışdıq ki, iddiamıza baxılana kimi ”Goranboy Gips"də səhmdarların ümumi yığıncağının keçirilməsi yasaqlansın. Məhkəmə vəsatətimizi təmin etmişdi. Amma bu adamlar məhkəmə qərarını bir kənara atıb bu yığıncağı keçirib. Bu qanunsuz hərəkətdən də məhkəməyə şikayət vermişik".
Nazir Ziya Məmmədovla çəkişən iş adamı güllələndi

F. Qasımov baş verən qanunsuzluqlara görə 90 işçisinin işsiz qaldığını, qanunsuzluqlarla bağlı dövlət orqanlarına da müraciət etdiyini dilə gətirmişdi: “Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişik. Amma heç bir tədbir görülməyib. Biz dövlətimizdən ötrü canımızı fəda etməyə hazır olan insanlarıq. Necə ola bilər axı, bir nazir milyardlarını artırmaq üçün qabağına çıxan obyektləri ələ keçirir, amma dövlət buna əncam çəkmir? Ümid edirik ki, dövlət bu qanunsuzluqlara qarşı addım atacaq”.

2012-ci il iyulun 9-da “Yeni Müsavat”da “Nəqliyyat nazirinin dəstəsi obyektə basqin etdi” sərlövhəli yazıda “Goranboy Gips” sahibinin digər əmlakının zəbtinə cəhddən, Goranboy Rayon İcra Hakimiyyətinin basqınçıların istəyini icra etməsindən bəhs olunurdu.
Mövzuya qayıdacağıq.


“Yeni Müsavat”
Nazir Ziya Məmmədovla çəkişən iş adamı güllələndi