BolgeXeber.Com » Ölkə » “Kontakt Home" mağazalar şəbəkəsinin dollar bəhanəsi

“Kontakt Home" mağazalar şəbəkəsinin dollar bəhanəsi

13-03-2015, 17:08
Oxunub: 6 133 “Kontakt Home" mağazalar şəbəkəsinin dollar bəhanəsiŞəbəkə rəhbərliyi mövcud qanunları kobud şəkildə pozur, kredit ödənişlərinin böyük hissəsi kassa aparatına vurulmur və nəticədə külli miqdarda vəsait vergidən yayındırılır

Məmurlardan birinin nəzarətində olan şirkət müştərilərini çıxılmaz vəziyyətdə qoyub

Dolların bahalaşması xeyli insanı çıxılmaz vəziyyətdə qoyub. Belə ki, ayrı-ayrı banklardan dollarla kredit götürən vətəndaşlar hazırda həmin pulları geri qaytarmaqda böyük çətinlik çəkirlər. Düzdür, bəzi banklar bu məsələdə vətəndaşlara güzəştlər təklif edir. Məsələn, banka borcu olan vətəndaşın ödəniş müddəti artırılır və əlavə faizlər hesablanmır. Amma bütün bunlara baxmayaraq, dolların bahalaşması vətəndaşların yetərli hissəsinə sarsıdıcı zərbə vurub. Dolların bahalaşmasını fürsət bilən bir sıra iri ticarət obyektlərinin sahibləri isə vətəndaşları əməlli-başlı soyub soğana çevirirlər. Dünən redaksiyamıza müraciət edən bir qrup şəhər sakini "Kontakt Home" mağazalar şəbəkəsində mövcud olan özbaşınalıqlardan şikayətlərini dilə gətirdilər.

Şəhər sakini Kamal müəllim deyir ki, iki ay əvvəl şəbəkənin "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında yerləşən mağazasından kreditə telefon götürüb: "Telefonu almamışdan qabaq "kontakt.az" saytına girib qiymətlərlə maraqlandım. Saytda yerləşdirilən məhsulların hamısının qiyməti manatla göstərilmişdi. Mən də buna inanıb mağazaya üz tutdum və üç ay müddətinə "İphone6" mobil telefonu götürdüm. Telefona görə 150 manat ilkin ödəniş verdim. Hər ay isə 165 manat ödəməli idim. Bu günlərdə mağazadan mənə zəng gəldi ki, kreditin vaxtı çatıb gətirin pulu ödəyin. Mağazaya gedəndə öyrəndim ki, sən demə, ödənişi dollarla etməliyəm. Buna etirazımı bildirdim. Filialın rəhbərliyi isə müqavilənin məhz dollarla bağlandığını bildirərək ödənişi dolların yeni kursu ilə etməli olduğumu söylədi. Vallah, camaatın başına oyun açırlar. Halbuki, telefonu alanda satıcı və kassada oturan məsul şəxs bu haqda mənə heç bir məlumat verməmişdi. Yəni deməmişdilər ki, ödənişi dollarla etməlisən. İndi qalmışam çıxılmaz vəziyyətdə. 165 manat əvəzinə 220 manat ödəməliyəm. Mənim kimi yüzlərlə insan var. Onlar da eyni problemlə üzləşiblər. "Kontakt Home" mağazalar şəbəkəsinin rəhbərliyinə də öz iradımı bildirdim, amma onlar məni səhv çıxardılar. Üstəlik bildirdilər ki, əgər krediti ödəməsən, səni məhkəməyə verib pulu artıqlaması ilə alacağıq. Qəzet vasitəsilə əlaqədar dövlət qurumlarından xahiş edirəm ki, yaranmış problemi yoluna qoysunlar". Digər şikayətçi Nazilə xanım isə bildirdi ki, "Kontakt Home" mağazalar şəbəkəsinin "İnşaatçılar" metrostansiyasının yaxınlığındakı mağazasından aldığı "LG LED 29MT45V" model 400 manatlıq televizor ona təxminən, 900 manata başa gələcək: "Mağazanın müdiriyyəti ödənişi dollarla etməyimi tələb edir. Mənə deyirlər ki, müqavilədə aylıq ödənişin dollarla edilməli olduğu göstərilib. Açığı televizoru alanda müqaviləyə baxmadım. Çünki ölkə ərazisində bir çox məhsulların satışı məhz milli valyuta ilə həyata keçirilir. Görünür, "Kontakt Home"un rəhbərliyi dolların bahalaşacağından əvvəlcədən xəbərdar olub. Elə buna görə də müqavilədə aylıq ödənişləri dollarla göstəriblər. Məni bir məsələ maraqlandırır, əgər mağazalar şəbəkəsi dollarla alış-veriş edirsə, niyə ilkin ödənişi manatla alırlar, yaxud nəyə görə saytlarında bütün qiymətləri manatla göstərirlər? Belə çıxır ki, "Kontakt Home" şirkətinin rəhbərliyi dolların bahalaşmasından istifadə edərək vətəndaşları soyur". Məsələyə aydınlıq gətirmək üçün 012 533 01 01 nömrəsinə zəng etdik. Dəstəyi qaldıran xanım rəhbərlikdən heç kimin olmadığını bildirərək dəstəyi üstünə asdı. Bu arada, araşdırmalar nəticəsində öyrəndik ki, "Kontakt" mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir: "Kontakt" mağazalar şəbəkəsinin Bakı şəhərində 42 mağazası fəaliyyət göstərir. Mağazalar şəbəkəsinin gündəlik dövriyyəsinin 230 min manata yaxın olduğu bildirilir. Satışın demək olar ki, 90 faizi kredit vasitəsi ilə həyata keçirilir. Kreditlə satılan malların üstünə isə dəyərindən 2 dəfə artıq qiymət qoyulur. Yəni faktiki olaraq "Kontakt Home" mağazalar şəbəkəsi çəkdiyi xərcin 100 faizi, bəzən daha çox gəlir əldə edir. Bundan başqa alıcılarla həyata keçirilən alış-veriş barədə kredit müqaviləsi birbaşa "Kontakt" mağazalar şəbəkəsi ilə bağlanılır ki, bu da mövcud qanunvericiliyə ziddir. Çünki ölkə qanunvericiliyinə görə kreditləri ancaq banklar və bank olmayan kredit təşkilatları verə bilər. Bu halda "Kontakt" mağazalar şəbəkəsinin alıcılarla olan müqaviləsi də heç bir hüquqi status daşımır. Həmçinin "Kontakt" mağazalar şəbəkəsi kredit müqavilələrini avadanlıqlara görə dəyişir. Məsələn, telefon kredit müqaviləsi "ABC-Telekom" MMC ilə bağlanılır.

Alıcılar hər ay kredit borclarını adı-çəkilən şəbəkənin mağazalarına ödəyirlər ki, bu da "Kontakt" mağazalar şəbəkəsinə vergidən yayınmaq üçün tam şərait yaradır. Banklardan kənar kredit satışı həyata keçirən şirkət faktiki olaraq öz satışını dövlətdən gizlətmək üçün heç bir çətinliklə üzləşmir". Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, şirkətə Elnur Məmmədov rəhbərlik edir: "Ümumilikdə isə "Kontakt Home" yüksək rütbəli məmurlardan birinin nəzarətindədir. Buna görə də şirkətin mağazalarında mövcud olan vergidən yayınma halları və digər qanun pozuntuları asanlıqla ört-basdır edilir". Sonda Vergilər və İqtisadiyyat və Sənaye nazirliklərinin rəhbər şəxslərindən "Kontakt Home"də yoxlama aparıb mövcud nöqsanları aradan qaldırmalarını xahiş edirik.gundelik-baku.com

Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.