BolgeXeber.Com » Ölkə » "Badi-Kubə" MTK-nın sədri payçıları kimlərin dəstəyi ilə həbs etdirdi?

"Badi-Kubə" MTK-nın sədri payçıları kimlərin dəstəyi ilə həbs etdirdi?

17-03-2015, 18:47
Oxunub: 7 854 "Badi-Kubə" MTK-nın sədri payçıları kimlərin dəstəyi ilə həbs etdirdi?Tikinti şirkəti rəhbərlərinin vətəndaşların başına oyun açdığının çox şahidi olmuşuq. Eyni mənzilin bir neçə nəfərə satılması, külli miqdarda pulun mənimsənilməsi kimi problemlərlə tez-tez rastlaşırıq. Amma "Badi-Kubə" MTK-nın təsisçisi və sədri Ədalət Qəmbərov nəinki sadə vətəndaşlara, hətta payçılarına da kələk gəlməyi, onları aldatmağı, son olaraq isə onları həbs etdirməyi bacarıb.

"Badi-Kubə" MTK-nın Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində tikdiyi binanın ətrafında yaranan qalmaqalla bağlı qəzetimizdə vaxtilə yazılar dərc etmişdik. Amma hazırda Ədalət Qəmbərovla bağlı şok sənədlər əldə etdiyimizdən yenidən bu mövzuya qayıtdıq.

Bildirək ki, qəsəbədə yerləşən "Altun" istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel Əsədullazadə "Badi-Kubə" Mənzil-Tikinti Kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq MTK-nın işçisi Samid Məmmədovu öldürüb. Sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi və sədri Ədalət Qəmbərovu isə ağır yaralayıb.

Qeyd edək ki, 2003-cü ildə təsis edilən "Badi-Kubə" alqı-satqı müqaviləsi əsasında 2007-ci ildə Ədalət Qəmbərov tərəfindən alınıb. O, kooperativ tərəfindən Yeni Günəşlidə 0.40 ha torpaq sahəsindəki yaşayış binasının inşasını davam etdirib. Bu torpaq sahəsinin, eyni zamanda, qonşuluqda yerləşən "Altun" istirahət mərkəzinin sahibi Asif Əsədullazadə "Badi-Kubə"nin təsisçisinə müraciət edərək MTK-nın əvvəlki sahibi ilə aralarında olan şifahi razılaşmanı xatırladaraq, bina tikilib istifadəyə verildikdən sonra həmin ərazinin sahibi kimi ona hazır binadan 3500-4000 kv.m yaşayış sahəsi verilməli olduğunu bildirib. MTK rəhbəri isə yeni sahib kimi bu şərtlə razılaşaraq binanın tikintisini davam etdirib. 2008-ci ilin avqust-sentyabr aylarında binanın tikintisi üçün əlaqədar təşkilatlardan müvafiq sənədlər alınmadığından kooperativ sədri ilə Asif Əsədullazadənin arasında mübahisə yaranıb. Nəticədə xoşagəlməz cinayət işi baş verib.

Qeyd edək ki, Ədalət Qəmbərov tikintisi başa çatdırılmamış binada mənzilləri 101 vətəndaşa təkrarən sataraq 3.883.332 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq edib. Cinayət Məcəlləsinin 178, yəni dələduzluq maddəsinə görə, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ədalət Qəmbərovun törətdiyi dələduzluq əməlinin miqdarı isə təxminən 4 milyon manata yaxındır. Buna baxmayaraq, hüquq-mühafizə orqanları "Badi-Kubə" MTK-nın rəhbərini cinayət məsuliyyətinə cəlb etmirlər. MTK rəhbəri barədə bu günə kimi heç bir cəza tədbiri görülməyib. Halbuki, Ədalət Qəmbərov qeyd olunan dələduzluq əməlinə görə ən azından 7-8 il müddətinə azadlıqdan məhrum edilməli idi. Amma əksinə olaraq, Ədalət Qəmbərovu müdafiə edən qüvvələr nələrinsə müqabilində digər payçıları hədəf seçərək onlar barəsində qanunsuz ölçü götürür. Hazırda payçılar Əfqan Məmmədov və Elşən Qasımov barəsində iş Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. Guya adları çəkilən payçılar Əfqan və Elşən dələduzluq ediblər və Ədalət Qəmbərova 100000 manat pul atıblar. Amma əslində, Ədalət Qəmbərov tərəfindən qurulan oyunun nəticəsidir ki, adıçəkilən şəxslər barəsində cinayət işi açılıb və Qəmbərov MTK-nın sədri olaraq bildiyi hərəkəti edir və böyük milyonlar qazanır.

Ədalət Qəmbərov özünü Sudan quru çıxarmağa çalışsa da, onunla bağlı, daha doğrusu, bu vaxta kimi gizli saxladığı və payçı Elşən Qasımovla aralarında bağladıqları maliyyə arayışlarını əldə etmişik. Onlardan bir neçəsi ilə sizləri tanış edirik: "Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" massivində yerləşən çoxmərtəbəli 13M saylı yaşayış binası "Badi-Kubə" MTK-nın təsisçilərinin və "Payçı"ların vəsaiti hesabına inşa edilir.

Bu binanın 1-2-3-4 girişlərindən, ümumi sahəsi 800.00 kv.m olan 40 ədəd qarajların (1-2 girişlərdən qaraj ¹7-27; 3-4 girişlərdən qaraj ¹35-53) ümumi dəyəri 240 min AZN "Payçı" Qasımov Elşən Eldar oğlu tərəfindən ödənilmişdir". Digər eyni məzmunlu maliyyə arayışında ümumi sahəsi 1200 kv.m olan ticarət mərkəzinin 1 milyon 800 min AZN "Payçı" Qasımov Elşən Eldar oğlu tərəfindən ödənilmişdir.

Maliyyə müqaviləsini, "Badi-Kubə" MTK-nın sədri Qəmbərov Ə.N və baş mühasib Lətifov N.M imza ediblər. Göründüyü kimi, Ədalət Qəmbərova payçılar tərəfindən milyonlar verilsə də, onun bununla gözü doymamış və payçıları ilişdirmək üçün plan qurmuşdur.