BolgeXeber.Com » Ölkə » Əhməd Əhmədzadəyə Qazaxdan məktub: “Suya görə dava-dalaş da olur…”

Əhməd Əhmədzadəyə Qazaxdan məktub: “Suya görə dava-dalaş da olur…”

23-03-2015, 17:26
Oxunub: 5 473 Əhməd Əhmədzadəyə Qazaxdan məktub: “Suya görə dava-dalaş da olur…”Qazax rayonunun bir qrup sakini “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə müraciət edərək yay aylarında qarşılaşdıqları su probleminin həll edilməsini istəyirlər

Qazax rayonu, I Şıxlı kənd sakinləri – müəllimlər Fəxrəddin Vəliyev, Lətif Əhmədov və həkim İsmayıl Kazımovun adından virtualaz.org saytınınredaksiyasına göndərilən məktubda deyilir:

“Hörmətli Əhməd müəllim, bizi sizə müraciət etməyə məcbur edən səbəb “Sınıq körpü”dən başlayan 18 km uzunluğundakı Şıxlı su kanalında yaranmış vəziyyətdir.

Məlumunuz olsun ki, Şıxlıda su kanalı əvvəlcə 1947-ci ildə, ikinci dəfə 1961-ci ildə çəkilib.1961-ci ildə çəkilmiş kanal torpaq kanaldır. Şıxlı su kanalının suyu ilə II Şıxlıda 800 hektar, I Şıxlıda 220 hektar, Aslanbəyli kəndində 300 hektar həyətyanı və pay torpaqları suvarılır. Bildiririk ki, Şıxlı su kanalı başlanğıcını Gürcüstandan Xram çayından götürür. Həmin kanalın “Sınıq körpü”yə qədər hissəsi tam betonlaşdırılıb.

“Sınıq körpü”dən bəri bütün Şıxlı kanalı torpaq kanalı halında qalır. Su kanalı mütəxəssislərinin dediyinə görə, bu kanala saniyədə 800 litr su vurulur. Həmin suyun öz mənzilinə cəmi 45-40 faizi gəlib çatır. 18 km uzunluğunda olan kanal həddən artıq yararsız vəziyyətdə, genişlənmiş, dərin quyular, keçilməz qamışlıqlar halında olduğuna görə suyun mənzilə çatmasında böyük problemlər yaranır.

Yay aylarında su çatışmır, həyətyanı sahələr, pay torpaqlarında olan məhsullar susuzluqdan yanır. Neçə illərdir ki, yaranmış bu vəziyyət kənddə böyük narazılıqlar yaradır, hətta dava-dalaşlar da olur.

Hörmətli Əhməd müəllim, sizə bildiririk ki, Şıxlı su kanalında olan vəziyyəti, suyun böyük itkiyə getməsini İPAD-ın nümayəndələri 2011-ci ildə gəlib yoxlayıb, bizim fikirləri onlar da təsdiqləyiblər. Onlar belə qənaətə gəliblər ki, Şıxlı su kanalına verilən suyun 50 faizi itkiyə gedir.

Onu da bildiririk ki, yay aylarında Xramdan su gəlmədikdə Şıxlı su kanalına II Şıxlı, I Şıxlı, Aslanbəyli su nasosları ilə Kür çayından su vurulur. Kanala vurulan 1 saniyədə 250-300 litr suyun yarısı da itkiyə gedir. Xülasə, Şıxlıda su kanalında vəziyyət olduqca dözülməzdir.

Sizdən artıq dərəcədə xahiş edirik ki, bu gün çiçəklənən Azərbaycanın bir guşəsi olan Qazağın Şıxlı su kanalında da betonlaşma işləri aparılsın. Şıxlının su problemi həll olunsun”.
BOLGEXEBER.COM