BolgeXeber.Com » Ölkə » «Azəriqaz»da «5-lər» idarəçiliyi

«Azəriqaz»da «5-lər» idarəçiliyi

29-03-2015, 17:56
Oxunub: 4 928 «Azəriqaz»da «5-lər» idarəçiliyiYaxud Əkbər Hacıyev və müavinlərinin kiçik padşahlığı

Azəriqaz” İstehsalat Birliyinin (İB) sabiq sədri Əlixan Məlikov vəzifədə olanda ictimaiyyət qazla bağlı yaranan bütün problemlərə görə onu tənqid edirdilər. Bir dəfə görməmişdik ki, kimsə onun müavinlərini, yaxud qurumda təmsil olunan başqa vəzifə sahiblərini təqsirli bilsinlər. Ən xırda problemin məsuliyyəti də Ə.Məlikovun üzərində qalırdı. Daimi oxucularımız artıq bir neçə nömrədir dərc olunan araşdırma yazılarından xəbərdardır. Xəbəri olmayanlar üçün qısaca deyək ki, nazirliklərdə, komitələrdə, ASC-lərdə, həmçinin başqa dövlət orqanlarında idarəçilikdə birinci şəxslərdən başqa müavinlərin nə işlə məşğul olmasını araşdırırıq. Bu dəfə araşdırma mövzumuz “Azəriqaz”İB-dir.
Qeyd edək ki, dövlət qurumları içərisində idarə heyətinin sayına görə, İB xüsusi fərqlənir. Birliyin baş direktoru Əkbər Hacıyevin nə az, nə çox düz beş müavini var. Bu yazıda qurumun sədri və onun müavinlərinin nə işlə məşğul olmasını diqqətinizə çatdıracağıq. İlk olaraq “Azəriqaz” sədrinin özündən başlamaq istəyirik. Mətbutda dəfələrlə adıçəkilən Əkbər Hacı oğlu Hacıyev 1972-ci ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1993-cü ildə Sankt-Peterburq İnşaat Mühəndislər İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsini bitirib.
Ə.Hacıyev əmək fəaliyyətinə 2004-cü ildən Məişət Maye-Qaz Açıq Tipli Səhmdar Cəmiyyətində başlayıb. O,həmin Cəmiyyətdə sədr müavini, sonra isə sədr vəzifələrində çalışıb. 2006-cı ildən 2009-cu ilin iyul ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru vəzifəsində işləyib. Həmçinin “Neftçi” futbol klubunun da prezidenti olub. 2009-cu ilin iyulundan “Azəriqaz”a rəhbərlik edir. Əvvəla qeyd edək ki, İB rəhbərinin qaz sahəsindən anlayışı yoxdur. Çünki ixtisası bu sahə ilə bağlı deyil. Ona görə də paytaxtın qazla təminatında tez-tez problemlər yaranır. “Neftçi”yə rəhbərliyi müddətində adı bir neçə dəfə futbol oyunlarında, oyun alqı-satqısında da hallanıb. Lakin “Azəriqaz”a keçməklə özünə qarşı yuxarılardan gələ biləcək təhlükəni sovuşdura bilib. Məlumatlara görə, 40 yaşlı sədrin ən yaxın qohumlarından biri metal biznesi ilə məşğul olur. Onun maliyyələşməsinə isə baş direktor baxır.
Ə.Hacıyevin özü ilə bağlı faktlar yetərincədir. Amma bizə və sizə maraqlı olan onun müavinlərinin kimliyi və nə işlərlə məşğul olmasıdır ki, cumhuriyyet.az olaraq təqdim etdiyimiz araşdırma da bu haqdadır. Baş direktorun birinci müavini Səmədzadə Nazim Hüseynağa oğludur. “Azəriqaz” QTSC kimi fəaliyyət göstərəndə N.Səmədzadə vitse-prezident işləyirdi və Ə.Məlikova yaxın adam kimi tanınırdı. Bəziləri Hacıyevin gəlişi ilə onun qurumdan ayrılacağını düşündüyü vaxtda, sabiq vitse-prezident birinci müavin keçdi. Haqqında indiyə qədər demək olar ki, yazılmayıb. Araşdırmalar isə göstərir ki, birinci müavin “Azəriqaz”da ən gəlirli sahəni öz əlinə alıb. Belə ki, onun razılığı olmadan İB-in yerlərdəki idarələrinə heç bir təyinat ola bilməz. Bu həm sıravi, həm də rəhbər işləmək istəyənlərə aiddir.
Baş direktorun satış və istismar üzrə müavini isə Məmmədov Qamət Dadaş oğludur. Əvvəllər Ə.Əmirov adına NQÇİ-nin rəisi işləyib. “Azəriqaz” İB-yə çevriləndən sonra Əkbər müəllim onu özünə müavin gətirib. Məlumatlarda qeyd olunur ki, sabiq NQÇİ rəisi yerli qaz istismar idarələrinin satış şöbələrinin müdirlərindən hər ay “hesabat” alır. Vaxtlı-vaxtında bunu etməyənlər isə işlərini itirməli olurlar. İşdən kənar fəaliyyətə gəlincə, Q.Məmmədovun Bakıda bir neçə şadlıq evinin olduğu deyilir. Hətta deyilənə görə, hazırda Bəkir Çobanzadə küçəsində tikilməkdə olan şadlıq sarayı da ona məxsusdur. Baş direktorun ümumi işlər üzrə müavini Ziyad Cəlilovdur. “Azəriqaz”da bu insanı Hacıyevin qohumu kimi tanıyırlar. Müavin vəzifəsinə təyin olunanda Z.Cəlilov hamıya deyib ki, baş direktor yaxın qohumumdur. Bundan sonra birlikdə baş qaldırmaq istəyənlər ondan çəkinməyə başlayıb. İdarəetmə işlərində bir o qədər də bacarığı olmayan müavinəsasən biznes fəaliyyəti ilə məşğuldur. Özü də biznesini kənarda yox, elə “Azəriqaz”ın özündə qurub. İB direktorunun əsaslı tikinti üzrə müavini Seyfullayev Qağaməli Höküməli oğlu da az qazanmır. İdarənin ən gəlirli sahəsinə rəhbərlik edən Q.Seyfullayev çörəyini “Azəriqaz”ın tikinti sektoruna ayırdığı pullardan çıxarır.
Yəni qaz xətlərinin dəyişdirilməsi, xaricdən sayğacların alınması və idarələr üçün binaların tikilməsi kimi mühüm işlərə hər il milyonlar ayrılır. Amma Qağaməli müəllim bu pulları təyinatı üzrə xərcləmir və baş direktora xüsusi hesabat təqdim edərək gördüyü bəzi işləri ört-basdır edir. Amanov Aydınbəy Bayramqulu oğlu isə baş direktorun əməyin mühafizəsi üzrə müavinidir. “Azəriqaz”da və ona tabe olan idarələrdə çalışan şəxslər iş zamanı hər hansı bədbəxt hadisə ilə üzləşsələr, bu şəxs onlara maliyyə yardımlarının ayrılmasına və müalicələrinə şərait yaratmalıdır. Təəssüf ki, qaz idarələrində çalışan və müxtəlif xəsarətlər alan şəxslər bu günə kimi A.Amanovun köməyini görməyib.
Qanunda birdəfəlik pul yardımlarının verilməsi, xüsusi güzəştlər nəzərdə tutulsa da, müavin bunlara məhəl qoymur. Bizim sizlərə çatdırmaq istədiklərimiz hələlik bu qədərdir. Gələn saylarımızda “Azərsu”nun idarə heyəti barədə yazı ilə görüşünüzə gələcəyik. Yazıda adları çəkilən şəxsləri də dinləməyə hazırıq.