BolgeXeber.Com » Ölkə » Aslan İsmayılovdan AZAL prezidentinə şok ittiham

Aslan İsmayılovdan AZAL prezidentinə şok ittiham

30-03-2015, 11:16
Oxunub: 4 134 Aslan İsmayılovdan AZAL prezidentinə şok ittihamTanınmış vəkil Aslan İsmayılov "Facebook" səhifəsində AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərovu sərt tənqid edib

Vəkilin statusunu təqdim edirik:

"Bir çox valideynlər kimi mən də Novruz Bayramını oğlumla birgə keçirmək istəyirdim, ancaq “AZAL” Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun nəfsindən, minlərlə valideynlər kimi bu istəyim alınmadı. C.Əsgərov bu günə qədər bir çox aviaşirkətlər kimi Macarıstana məxsus “Wizz Air” şirkətini də Azərbaycana buraxmadı. Bu məlumatı səhifəmdə paylaşdıqda insanların illər ərzində yığılmış "AZAL"dan olan narazılığını və C.Əsgərova olan nifrətini gördüm. Bununla bağlı C.Əsgərovun "dədə malı" kimi istifadə etdiyi, dövlətə məxsus Azərbaycan Hava Yolları QSC ilə maraqlandım. Araşdırmalar məni dəhşətə gətirdi. İnsan nə qədər özünə əmin olmalıdır ki, bu qədər özbaşınalıq, qanunsuzluq etsin, Azərbaycan vətəndaşlarına düşmən kəsilsin?! Bir balaca vicdanı olan insan gördüklərimi edə bilməz ki, ayıbdır. Bir də ki bu sözü bilən kəs öz işçiləri ilə söyüşlə, təhqirlə danışmaz.

C.Əsgərova “ayıb”, “vicdan” sözlərinin yad olduğunu hələ təxminən 2000-ci ilin əvvəllərində bildim. O vaxt bir nəfər indi adı yadımda qalmayan Leninqrad blokadasının iştirakçısı, uşaqları olmayan bir yaşlı xanımın qohumu mənə yaxınlaşıb bildirdi ki, onun qohumu Leninqrad blokadasının ildönümü ilə bağlı orada keçiriləcək tədbirlərə dəvət almış, həmin tədbirlərdən sonra isə Dərbənddə yaşayan qohumlarının təkidi ilə ora getmişdir. Bu müddət ərzində Vaqif - Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 5 mərtəbəli yaşayış binasının qalan sakinləri də köçürülmüş və ev uçurulmuşdur. Uzun müddət evi uçuran şirkətin sahiblərinin kimliyini araşdırdıqdan sonra bəlli oldu ki, bir neçə təsisçi sırasında C.Əsgərovun həyat yoldaşı da var. Həyat yoldaşının adı məhkəmə sənədlərində hallanmasın deyə C.Əsgərovun köməkçisinə müraciət etdim. Bir gündən sonra aldığım cavab çox qısa oldu: ”Cahangir müəllim deyir ki, getsinlər nə istəyirlər etsinlər”. Məhkəmələrə müraciət etsək də C.Əsgərovun müdaxiləsi nəticəsində rədd cavabı aldıq və eləcə də yaşlı, sonsuz bir qadın, öz evi ola-ola Dərbənddə qohumlarının evində rəhmətə getdi...

İndi isə Azərbaycan Hava Yollarının xalqa və dövlətə vurduğu ziyanla bağlı qısa fikirlərimi bildirim. Bilet qiymətləri ilə bağlı qısa araşdırmalar göstərdi ki, Azərbaycan Hava Yolları bu sahədə inhisarçıdır və istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə təxminən iki dəfə bahadır. Bakıya uçan başqa ölkə reysləri də “AZAL”ın diktəsi ilə biletləri qat-qat baha qiymətə satmağa məcbur edilir.

Bayram gunləri “AZAL”ın qiymətləri qaldırmasına görə Türk Hava Yolları da məcburən qiymətləri qaldırır. Novruz bayramı ərəfəsində Bakı-Istanbul-Bakı reysi 600 avro olur. Təxminən eyni məsafə olan Tbilisi-İstanbul-Tbilisi isə 200 avrodur.

Bakıdan Kiyevə uçan reyslərdə qiymətlər 450-600 avro olur. Ukrayna Hava Yollarının eyni məsafədə olan digər ölkələrə uçuş qiyməti 200 avro civarındadır.

Məsələn, təxminən eyni məsafə olan Kiyev-Tbilisi-Kiyev reysinin gediş, dönüş qiyməti 180-220 ABŞ dollarıdır. Bakı-Riqa-Bakı reysi 500 avrodan artıq olduğu halda Tbilisi-Riqa-Tbilisi reysinin gediş dönüş qiyməti 250 avrodur.

Xaricə uçan reyslərin baha qiymətlərinə uydurma bəhanələr ola bilsin tapıla, bəs daxili uçuş qiymətlərinin baha olmasını necə izah edərlər? Məsələn, 1444 km məsafəsi olan İstanbul-Kars reysinin qiyməti 50 manatdır, iki dəfə qısa məsafəsi olan Bakı-Naxçıvan reysinin qiyməti də 50 manatdır. Hamıya da bəllidir ki, məhz bu reysə əlavə olaraq dövlətdən milyonlarla manat subsidiya ayrılır.

Yay vaxtları vətəndaşlarının rahatlığı üçün Türk Hava Yolları ABŞ-ın müxtəlif şəhərlərinə 12 saatlıq uçuşu olan reyslərə 400-500 manat reyslər təşkil edir, C.Əsgərov isə yay vaxtları 2 saatlıq uçuşu olan Bakı-Antalya, Bakı-Bodrum reyslərinin qiymətini 1000 manata qaldırır. Bu öz vətəndaşına zülm etmək deyil, nədir?!

Bakıya ucuz reyslər təşkil etmiş bütün şirkətlər bağlandı, yenilərinə isə “AZAL” icazə vermir. Şəxsən mənə bir neçə il öncə Air Arabia şirkətinin nümayəndəsi müraciət edib bildirdi ki, dövlətlər arası müqavilələri olsa da C.Əsgərov onların uçuşlarına icazə verməyib. Təkidli tələblərindən sonra isə ancaq hər sərnişin üçün onların rüşvəti veriləndən sonra icazə verəcəklərini bildirmişlər. Xarici şirkətlərin Bakıya təşkil etdikləri reyslərin qiymətlərinin bahalığı da məhz sərnişin başına verilən xərracların nəticəsidir.

“AZAL” əməkdaşlarının sərnişinlərə göstərdikləri xidmət isə milyonlar hesabına tikilmiş gözəl binaların, infrastrukturanın effektini sıfıra endirir.

Nəticədə alınan odur ki, Azərbaycan vətəndaşları Bakıdan Gürcüstana hava limanından digər ölkələrə uçmaq üçün gedirlər. Məhz buna görə Gürcüstana keçid məntəqələrində yüzlərlə vətəndaşlar saatlarla gözləməli olurlar.

C.Əsgərovun bu qanunsuzluqları tək vətəndaşlara zülm gətirmir, həm də ölkə iqtisadiyyatına ciddi ziyan vurur. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu yaxınlarda üstüörtülü olsa da bu məqama toxunmuşdu. Milyardlarla vəsait turizmin inkişafı üçün xərclənsə də belə tiplər bunun effektini sıfıra endirir. Çünki, istənilən turizmi inkişaf etdirmək istəyən ölkə birinci növbədə ölkəyə gediş-gəliş qiymətlərinin ucuzlaşdırmağa çalışır ki, turistlərin sayı çoxalsın. Bu cür gediş-gəliş qiymətləri olan ölkədə heç vaxt turizm inkişaf etməz.

Yüz milyonlarla pul qazanan "AZAL" QSC-nin dövlətə heç milyonlarla da vergi ödəməsini eşidən olmayıb. Bu barədə aparılan araşdırmalara isə heç bir cavab verilmir, hərçənd ki, dövlət müəssisəsinin dövlətdən aldığı pullar və dövlətə ödədiyi vergi barədə məlumat almaq hər bir vətəndaşın haqqıdır. Əgər pu pullar C.Əsgərovun cibinə yox, "AZAL"ın inkişafına yönəlmiş olsaydı, yenə susmaq olardı.

İnkişaf göstəricisi sərnişin daşımalarla ölçülür. Maraqlananlar üçün əhalisi və ərazisi Azərbaycandan da az olan, Qatara məxsus Qatar Airways və Birləşmiş Ərəb Əmirliklərinə məxsus Emirates Airline (hər ikisi "AZAL" ilə eyni dövrdə yaradılıb) şirkətlərinin göstəricilərinə nəzər yetirib müqayisə etmələrini xahiş edirəm.

Ən acınacaqlısı isə odur ki, həm vətəndaşlar, həm də məhz bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, müstəqil ekspertlər sanki bu məsələyə toxunmaqdan qorxurlar. Bir şeyi bilmək lazımdır ki, nə qədər biz bu cür biabırçılığa etiraz etməyəcəyik cahangir əsgərovlar bizləri talayıb təhqir etməkdə davam edəcəklər".