BolgeXeber.Com » Ölkə » "Unibank"dan 80 min dollar kredit götürən vətəndaşın başı dərddə - PROBLEM

"Unibank"dan 80 min dollar kredit götürən vətəndaşın başı dərddə - PROBLEM

31-03-2015, 11:17
Oxunub: 5 684 "Unibank"dan 80 min dollar kredit götürən vətəndaşın başı dərddə - PROBLEMMərkəzi Bankın qərarı ilə manatın dollar və avro da daxil bir çox xarici valyuta qarşısında kəskin ucuzlaşması dollarda banklardan götürülmüş kreditlərin hansı məzənnə ilə ödəniləcəyini gündəmə gətirib. Götürülən borcun kredit götürülən zaman mövcud olmuş məzənnə ilə, yoxsa yeni məzənnə ilə ödəniləcəyi geniş müzakirə olunur.

Qeyd edək ki, bu münasibətlər Mülkü Məcəllə və bank ilə borcalan arasında bağlanılan müqavilə ilə tənzimlənir. Əgər müqavilədə borcun məzənnə dəyişikliyi baş verərsə, yeni məzənnə ilə ödəniləcəyi barədə bir maddə nəzərdə tutulmamışdırsa, borc, kredit götürülən zaman mövcud olmuş məzənnə ilə ödənilməlidir. Yox, müqavilədə borcun ödənişlər həyata keçirilən zaman mövcud olan məzənnə ilə ödənilməsi barədə maddə varsa, təbii ki borc yeni məzənnə ilə icra edilməlidir. Bəzi banklar manatın devalvasiyasını fürsət bilərək müştərilərinin hüquqlarını pozur. Dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi keçid 2, ev 8 ünvanında yaşayan Həmidov Zeynal Həmzə oğlu "Unibank"dan şikayətçi olduğunu bildirdi. O deyir ki, işləri ilə əlaqədar olaraq bankdan 80 min ABŞ dolları məbləğində kredit götürüb: "Borcun müəyyən hissəsini, daha dəqiq desəm 26 492 dollarını banka ödəmişəm. Banka ödənişlərin əsas mənbəyi mənim icarə əsasında işlətdiyim daş karxanasından əldə edilən gəlirlər hesabına olub. Hazırda daş karxanasında bir sıra çətinliklərlə bağlı olaraq istehsal dayanıb. Qış aylarında karxanada istehsal elə də yüksək olmur. Bundan başqa, karxana mütəmadi olaraq elektrik enerjisi ilə təchiz olunmayıb. Bazarda alıcılıq qabiliyyətinin və qiymətlərin aşağı düşməsi çətinlikləri yaradan digər səbəblərdəndir. Daşın bir ədədi əvvəllər 35 qəpiyə satılırdısa, bu gün 22 qəpiyə satılır. Bu da maya dəyərinin xeyli miqdarda baha başa gəlməsinə səbəb olur. Bütün bu amillər mənim banka olan borcumun vaxtında ödənilməsinə mənfi təsir göstərir. Müvəqqəti çətinliklərin aradan qaldırılmasına qədər bankın aylıq ödənişlərinin dayandırılmasına ehtiyacım var". Zeynal Həmidov bildirir ki, bank rəhbərliyinə daş karxanasında istehsalın başlanmasına, yəni yay aylarına qədər aylıq ödənişlərin dayandırılması üçün müraciət edib: "Bankdan gəlib karxanada yoxlama apardılar və dediklərimin həqiqət olduğunu gördülər. Amma müraciətimə müsbət cavab verilmədi. Sonra məni baş idarəyə çağırdılar. "Sənə heç bir kömək edə bilmərik, get evini sat" deyə bildirdilər. Bildiyiniz kimi, dolların məzənnəsi yüksəlib. Bu isə mənə ikiqat zərbə vurdu. Ödənişin vaxtından bir ay keçəndən sonra mənə dedilər ki, sənin məsələn bankın problemli kreditlər şöbəsinə verilib. "Unibank"ın problemli kreditlər şöbəsindən mənə zəng edib dedilər ki, mütləq banka gəl. Zəng vuran şöbənin Hafiz adlı əməkdaşı idi. O mənimlə yüksək səs tonunda, eyni zamanda hədə-qorxu ilə danışırdı. Mən rayonda olduğum üçün gələ bilməyəcəyimi, vaxtım olan kimi banka yaxınlaşacağımı dedikdə gözləmədiyim cavab aldım. Hafiz adlı şəxs mənə kobud formada "mütləq bura gəlməlisən, yoxsa başqa cür olar" deyərək qışqırdı. Daha sonra "saat 2 tamamda burada olmalısan" dedi. Bir sözlə, mənimlə sanki kriminal aləmin üzvü olan insanların dilində danışırdı. Telefon danışığından sonra bankın baş ofisinə yollandım. Lakin məni çağıran şəxsləri tapa bilmədim. Daha sonra Xarici Dillər Universitetinin arxasında yerləşən tanımadığım bir ünvana gəlməli olduğumu bildirdilər. Atam Həmzə Həmidovla birlikdə deyilən ünvana getdim. Burda üzərində heç bir idarənin adı yazılmayan binada bizi qarşıladılar. Bankın Hafiz adlı əməkdaşı üstümə qışqıraraq onun zənginə niyə cavab vermədiyimi soruşdu. Telefonda olduğu kimi yenə də mənimlə hədə-qorxu ilə danışmağa başladı. Ondan kreditin faiz dərəcəsinin aşağı salınmasının mümkün olub-olmadığını soruşdum. O isə "mənə rüşvət təklif edirsən" deyib, səs-küy saldı. "Unibank" rəsmiləri mənə heç bir köməklik göstərmədi. Bankın sədri cənab Faiq Hüseynova yazdığım müraciət cavabsız qalıb. Yaranmış müvəqqəti çətinliyin aradan qaldırılmasına qədər bankın aylıq ödənişlərinin dayandırılmasına ehtiyac var. Buna baxmayaraq, "Unibank"ın səlahiyyətli şəxsləri məni başa düşmür. Sizin vasitənizlə yaranmış problemin yoluna qoyulması üçün əlaqədar dövlət qurumlarının rəhbər şəxslərindən kömək istəyirəm". Məsələyə aydınlıq gətirmək məqsədilə bankın əməkdaşı Hafiz müəllimlə əlaqə saxladıq. O isə, barəsində deyilən ittihamlarla razılaşmadı və bankın müştərisi ilə hədə-qorxu ilə danışmadığını bildirdi: "Biz Zeynal Həmidova kömək etmək istəyirdik. Amma o deyir ki, banka olan borcunu dolların köhnə məzənnəsi ilə ödəyib bağlasın. Bu isə mümkün olan iş deyil".