BolgeXeber.Com » Ölkə » Bakıda parkomatlarda edilən fırıldaq

Bakıda parkomatlarda edilən fırıldaq

31-03-2015, 19:18
Oxunub: 4 163 Bakıda parkomatlarda edilən fırıldaqBu duruma kimlər şərait yaradır?

Bu gün böyük şəhərlərdən, meqapolislərdən əskik olmayan problemlər çox təəssüflər olsun ki, Bakıdan da yan keçmir. Hamını narahat edən belə problemlər sırasında isə paytaxtda avtomobillərin sayının sürətlə artması fonunda nəqliyyatın normal hərəkətinin və avtomobillərin şəhərin küçə və prospektlərində park olunmasının təşkilinin xüsusi çəkisi var.

Yəqin ki, çoxumuzun qarşılaşdığı mənzərə idi-avtomobillərin park edilməsinə əlinə çubuq alıb, qoluna qırmızı lent bağlayan, harada işləmələri məlum olmayan şəxslər nəzarət edirdi. Belə vəziyyət paytaxtın müasir mənzərəsinə xələl gətirməklə yanaşı nəqliyyatın və piyadaların normal hərəkəti üçün də ciddi əngəllər yaratmışdı. Məsələnin ciddiliyini nəzərə alan prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən il aprelin 13-də keçirilən iclasındakı çıxışında Bakının küçə və prospektlərindəki qanunsuz parkinqlə bağlı iradlarını bildirdi. Dövlət başçısının iradından sonra sözügedən sahədəki problemlərin aradan qaldırılması üçün müvafiq addımlar atıldı. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "Bakı şəhərində avtodayanacaqların təşkili haqqında" sərəncam verildi. Ardınca şəhərin küçə və prospektlərində, parkların və metro çıxışlarının ətrafında və digər ərazilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qanunsuz yaradılmış duracaqlar ləğv edildi. Əvəzində nəqliyyatın hərəkətinə maneçilik törətməyən ərazilər hesab edilən yerlərdə yeni duracaqların yaradılması işinə başlanıldı. Belə duracaqlarda ödənişlərin elektron formada həyata keçirilməsi üçün ilkin olaraq Fransadan müasir tipli 1000 aparat-parkomat gətirildi və 5 ay ərzində onların 500-ü müəyyən edilmiş müvəqqəti duracaqlarda quraşdırılıb sürücülərin ixtiyarına verildi. Bu sistemin tətbiq edilməsinin şəhər nəqliyyatının hərəkətinə və özbaşına parklamanın qarşısının alınmasına necə təsir etməsinə keçməzdən öncə parkomatın texniki imkanları və ondan istifadə haqqında sizləri məlumatlandırmaq istərdik. Belə ki, paytaxta gətirilən parkomatlar müasir tələblərə uyğundur və bu sahədə istifadəyə verilən son model aparatlardır. Bunlar nağd ödənişlə bərabər SMS bildiriş sistemi və "şəhər kartları" ilə işləyir, qəpikləri rahatlıqla götürür. Həmçinin günəş panelləri hesabına təmin olunur. Aparatdan istifadə isə çox sadədir. Sürücülər müəyyən olunmuş ərazidə avtomobili saxladıqdan sonra parkomata yaxınlaşıb öncə müvəqqəti durma vaxtını seçməli, pulunu ödəməli və aparatdan ödənişə görə götürdüyü qəbzi avtomobilinin şüşəsinin görünən hissəsində yerləşdirməlidir. Parkomatların quraşdırıldığı müvəqqəti duracaqlarda aparılan ödənişlər şəhərdə I, II və III zonalara bölünür. Xidmətin haqqı müvafiq olaraq I zonada (mərkəzi küçə və prospektlərdə) saatı 1 manat, II zonada ("Elmlər Akademiyası", "Gənclik", "Nəriman Nərimanov" metro stansiyalarının ətrafı və digər ərazilər) 50, III zonada ("20 Yanvar", "Qara Qarayev", "Xalqlar Dostluğu" metro stansiyalarının yaxınlığı, Bakıxanov və Bayıl qəsəbələrinin əraziləri) 30 qəpikdir. Və bütün zonalar üzrə 4 saatdan artıq dayanmaq qadağandır. Avtonəqliyyat vasitələrinin duracaq yerlərinə yaxın yerlərdə yaşayan, parkomatın ərazisində pasport-masa qeydiyyatında olan şəxslərə isə avtomobillərini duracaqda saxlamaq üçün ayda 15 manat ödəməklə aylıq abunə kartı verilir. Xüsusi təyinatlı nəqliyyat vasitələrinin (təcili yardım, yanğınsöndürmə xidməti, inkassasiya, qaz, işıq və s.) dayanacaqda parklanmasına görə hər hansı ödəniş tələb olunmur. Eyni zamanda əlil vətəndaşların idarə etdiyi avtomobillər (7-17 əlillik nişanı ilə işarələnmiş) üçün də duracaq istifadəsi ödənişsizdir. Yeri gəlmişkən qeyd edək ki, dünyanın əksər ölkələrində ödənişli duracaqlardan geniş istifadə olunur və bu xidmətə görə ödənişlər də tam fərqlidir. Məsələn, keçmiş postsovet ölkələrindən olan Qazaxıstanda parkinqin 1 saatı təxminən 5 dollar təşkil edir. Qonşu Türkiyədə bayram və özəl günlərdə duracaqlardan istifadə pulsuz olmaqla, digər günlərdə hər saatına 80 qəpiyə yaxın ödəniş aparılır. Avropanın inkişaf etmiş ölkələrində isə bu xidmətə görə ödəniş daha yüksəkdir. Göründüyü kimi, Bakıda da ödənişli duracaqlardan istifadə haqqında qaydalar tərtib olunub və hətta xüsusi təyinatlı nəqliyyat vasitələri üçün güzəştlər də mövcuddur. Hər bir halda əksər sahələrdə sürətli inkişafı ilə fərqlənən Azərbaycanda pullu dayanacaqların olması və elektron ödəniş sisteminin bu sahəyə tətbiq edilməsi təqdirəlayiqdir. Lakin bir şeyi də nəzərinizə çatdıraq ki, bu gün bəzi fırıldaqçılar bu sahədən də pul qazanmağın yollarını tapıblar. Belə ki, vətəndaşlar maşınları saxlayıb parkomatlarda ödəniş etmək istəyən zaman, həmin parkomatların yanında nəzarətçilər vətəndaşlardan pulları alır, amma ödəniş etmirlər. Və beləliklə, vətəndaşlardan alınan pullar nəzarətçilər tərəfindən yığılır. Qeyd edək ki, bu kimi variantlar artıq bir çox yerlərdə və bir çox nəzarətçilər tərəfindən həyata keçirilir. Həmin nəzarətçilər vətəndaşları əmin edirlər ki, arxayın ol mən burdayam və avtomobilinizə nəzarət edirəm. Yəni bir növ həmin şəxslərə nəzarət edilmədiyindən bu kimi hallar daha geniş vüsət almaqdadır. Ümidvarıq ki, bu kimi fırıldaqlar və vətəndaşların aldadılması tez bir zamanda aradan qaldırılacaq.
gundelik-baku