BolgeXeber.Com » Ölkə » Məmurlarımız niyə cəzasız qalır?

Məmurlarımız niyə cəzasız qalır?

11-04-2015, 11:52
Oxunub: 4 654 Məmurlarımız niyə cəzasız qalır?Bir neçə gündür Hesablama Palatasının 2014-cü il üçün dövlət büdcəsinin icrası ilə bağlı hesabatı ictimaiyyətə təqdim olunur

Bu il də rayon, şəhər icra hakimiyyətlərində Milli Elmlər Akademiyasında və başqa dövlət qurumlarında dövlət əmlakının külli miqdarda talanmasına yol verilib.

Hesablama Palatasının sədri yaxın günlərdə parlament qarşısında hesabat verəcək. Qurumdan verilən məlumata görə, bir neçə korrupsiya cinayətləri ilə bağlı Baş Prokurorluğa müraciət olunub. Bir qayda olaraq dövlət qurumlarında maliyyə cinayətlərinin aşkarlanmasına baxmayaraq, cinayət məsuliyyətinə cəlb edilənlər barədə məlumat verilmir. Dövlət əmlakını mənimsəyən məmurlara ən yaxşı halda şiddətli töhmətin verilməsinin, ya da hansısa adi ştat işçisinin məsuliyyətə cəlb edildiyinin şahidi oluruq. Hesablama Palatasının monitorinqlərinin, hesabatlarının nəticəsi olmur.

BOLGEXEBER.COM xəbər verir ki, iqtisadçı-ekspert Akif Nəsirli "Bizim Yol"a bildirib ki, Hesablama Palatası hökumət strukturu olduğuna görə müəyyən bir limiti var: "Əgər real yoxlamalar aparılsa, bütün dövlət strukturlarının korrupsiya bataqlığında olduğunu görərik. Bunun üzə çıxması hökumətin siyasətini ləkələyən bir məsələdir. Ona görə də bəzi icra hakimiyyətlərində, kiçik dövlət qurumlarında xırda yeyintiləri aşkarlayıb, cərimələr yazırlar. Əslində rayonlar üçün büdcədən ayrılan vəsaitlər yerlərə çatmır. Hesablama Palatasının hesabatından məlum olur ki, hansısa rayonun icra hakimiyyətinə müəyyən məbləğdə pul ayrılıb və onun kiçik bir hissəsi mənimsənilib. Reallıqda isə həmin vəsait rayona gedib çatmayıb. Həmin vəsait hesabına görülən işlər isə sahibkarlardan toplanan puldur".

A.Nəsirli vurğuladı ki, bütün bunları üzə çıxarmaq üçün Hesablama Palatasında siyasi iradə lazımdır. Siyasi iradə yoxdursa, ciddi maliyyə nəzarətinin həyata keçirilməsi tələbi qoyulmursa, Hesablama Palatasının monitorinqlərinin heç bir effekti olmayacaq".

Hüquqşünas Müzəffər Baxışov isə bildirdi ki, Azərbaycanda cinayətkarlığa qarşı mübarizə, ümumiyyətlə, zəif aparılır: "Ölkədə baş verən cinayətlərin araşdırılması işi olduqca zəifdir. Xüsusilə, dövlət qurumları tərəfindən dövlət əmlakının mənimsənilməsi məsələsi adi bir hala çevrilib.

Hesablama Palatasının hesabatına gəlincə, orada göstərilir ki, hansısa icra orqanında filan qədər vəsait artıq xərclənib, yaxud təyinatı dəyişib, ştat vahidləri artırılıb. Qanunvericiliyə görə, bunların hamısı dövlət əmlakının mənimsənilməsi hadisəsidir. Bu əməllərə görə Cinayət Məcəlləsində 7 ildən 12 ilə qədər cinayət məsuliyyəti nəzərdə tutulur. Amma maliyyə cinayətlərinin aşkar olunmasına baxmayaraq, həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilmir".

M.Baxışov əlavə etdi ki, mənimsəmə faktında iştirak etmiş məmurların cinayət məsuliyyətinə cəlb edilməsi üçün Prezident Administrasiyasından göstəriş verilməlidir: "Belə bir göstəriş verilməsə, prokurorluğun səlahiyyəti yoxdur ki, mənimsəmə cinayətinə görə hansısa kiçik məmuru belə məsuliyyətə cəlb edərək məhkəməyə təqdim edə bilsin.

Hələ Hesablama Palatasının açıqladığı faktlar kiçik maliyyə cinayətləridir. Tikinti layihələrində ondan da böyük həcmli mənimsəmə halları araşdırılsa, dəhşətli faktlar üzə çıxar.

Hüquq-mühafizə orqanları mənimsəmə cinayətlərinin araşdırılmasında maraq göstərmir. Hesablama Palatasının hesabatlarının daha effektiv olması üçün hüquqi dövlət sistemi möhkəmləndirilməlidir".