BolgeXeber.Com » Ölkə » Bakını yandıran süni üzlük zavodu hansı məmura məxsusdur? - İDDİA

Bakını yandıran süni üzlük zavodu hansı məmura məxsusdur? - İDDİA

14-04-2015, 12:42
Oxunub: 4 222 Bakını yandıran süni üzlük zavodu hansı məmura məxsusdur? - İDDİAXətai RİH sakinlərin yerləşdirilməsi üçün niyə yer ayırmadı?

Məlum olduğu kimi, aprelin 10-da Bakıda Xətai rayonu, Zığ şossesi-16 ünvanında doqquzmərtəbəli yaşayış binasında baş verən güclü yanğında zərər çəkən vətəndaşların köçürülməsi davam edir. Binanın fasadı və yanan mənzillər Bakı şəhəri İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən təmir olunur. Artıq əraziyə tikinti materialları gətirilib və işə başlanılıb. Evləri yanan 60 ailənin hər birinə 500 manat kirayə pulu verilib. Yanmayan evlərin sakinləri üçün isə binada yaşayış bərpa edilib.
Ərazidə olan Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri nəzarət qaydasında işləyirlər və problemin tezliklə yoluna qoyulmasına səylər edilir. Amma...

Xətai RİH sakinlərin yerləşdirilməsi üçün niyə yer ayırmadı?

Aprelin 11 və 12-də yanan binaya baş çəkdik. Sakinlər hələ də baş vermiş yanğının şokunu yaşayırlar. Bircə şeyə sevinirlər ki, ölüm-itim olmayıb. Amma öyrəndik ki, təxliyyə olunmuş sakinlərin yerləşdiriləcəynə söz verilsə də, Xətai rayon İcra Hakimiyyəti onların yerləşdirilməsi üçün lazımi şərait yaratmayıb və vəd edilən tədbirlər görülməyib. Şəhərdə qohum-tanışı olanlar istisna olaraq, qalanlar isə elə küçədə gecələməli olub. Bəziləri isə yanmış evlərində qalmalı olublar. Ərazi İcra nümayəndəsi sakinlərin bir-bir qeydiyyata alındığını və hər birinə 400-500 manat məbləğində kirayə haqqının ödəniləcəyini desə də, sakinlər buna etiraz etdilər. Rəsul adlı sakin dedi ki, uşaqlarını qohumugilə göndərib, amma özü burada qalıb: “Oğurluq olması barədə məlumat almışdım. Çünki artıq yataqxana tipli bu bina sahibsiz idi. Kirayə qalmaq üçün bir neçə yerə müraciət etdim, evini girayə verənlər qabaqcadan pulunu istədi, mənim isə pulum yox idi. İcra hakimiyyəti isə 500 manat veriləcəyini demişdi, amma nə vaxt veriləcək, bilinmir... İkincisi də, kirayə ev bazarında dərhal mənzil tapmaq da mümkünsüzdür. Xətai icra hakimiyyəti boş mənzilləri və ya sığınacaqları özü təklif etməli idi. Bir də axı niyə Bakıda binaları kütləvi surətdə süni üzlüklə bəzəyən şirkətin rəhbərliyini tapıb məsuliyyətə cəlb etmir? Adi bir tikinti gedəndə FHN əməkdaşları da daxil olmaqla, yüz cürə sənəd tələb edirlər. Niyə bu şirkətdən yanğın təhlükəsizliyinə dair təmin istənilməyib? Artıq bildiyimizə görə bir dəfə də Xəzər rayonunda belə bir bina yanmışdır. Həmin şirkət isə indi Bakının bütün küçələrində üzlük vurmaqda davam edir. Bunun qarşısı alınmalıdır. Əgər yanğına qarşı təminat yoxdursa, bu kimə lazımdır?

Millət vəkilindən yanğın narahatlığı

Xatırladaq ki, Bakıda binaların fasadının yanmaya həssas süni üzlüklə bəzədilməsi artıq ictimai narahatlıqla müşaiyət olunur... Millət vəkili Fazil Mustafa sosial şəbəkədəki səhifəsində yazdığı qeydlə aidiyyatı qurumları kəskin tənqid edib: “Nobel prospektində 9 mərtəbəli binanın yanıb, kül olması təsadüfi hadisə deyil. Vətəndaşların bu cür iztirabını görmək üzücüdür. Kiminsə axmaq metodlarla pul qazanması üçün bu qədər insanı belə ağır bir problemlə üz-üzə qoydular. Yadıma Qabriel Qarsia Markesin illər öncə oxuduğum “Gözlənilən bir qətlin tarixçəsi” əsəri düşdü. Hamı bu qətli gözləyirdi, bilirdilər ki, Santyaqo Nasarı öldürəcəklər. Ancaq önləmək üçün tədbir görməyi düşünmək o əyalət qəsəbəsinin sakinləri üçün yad idi. Çünki hamının başı pul qazanmağa qarışmışdı. Davamsız materiallarla üzlənmiş Bakının bütün köhnə binalarının bu cür yanma risqi olduğunu ağlı başında olan hər kəs bilir. Xüsusilə də intensiv küləyin olduğu şəhərdə bu risq daha da artır. Ancaq nə etməli? Kiminsə gətirdiyi mal əlində qalmayacaq ki..? Hələ bəlkə də bu hadisəyə sevinənlər də tapılacaq... Aha, təmir pulunu xərcləməyə bir bina da gəldi! Hələ bir açıqlama da verirlər ki, “zərərçəkmiş ailələrdən kim istəsə, sığınacaqla təmin olunacaq”. Görəsən bu “istəsə” sözünü təmir etməzdən öncə bina sakinlərindən soruşmaq olmazdımı? Yəni “siz vətəndaşlar istəyirsinizmi, bu oda davamsız materialdan binanızı üzləyək?” sualını verən olubmu? Gec də olsa, bütün bu tipli yanğın risqi olan səfeh üzləmə kampaniyası dərhal dayandırılmalı, oda davamsız materialdan üzlənmiş binaların təhlükəsizliyi barədə ciddi tədbirlər görülməlidir.”
Tanınmış vəkil Aslan İsmayılov da sosial şəbəkədəki səhifəsində hadisəyə sərt reaksiya verib: “Bu gün alkopon tipli sintetik üzləmə ilə qaplanmış, Xətai rayonundakı evin bir neçə saniyənin içində külə dönməsi yüzlərlə insanı evsiz-eşiksiz, gündəlik həyat üçün illərlə topladığı əşyasız qoydu. Yəqin ki, hakimiyyət bunu da hansısa texniki xəta ilə əlaqəndirəcək və bir JEK işçisini məsuliyyətə alacaq. Halbuki, həmin üzləmə materiallarının tərkib etibarı ilə kimyəvi, şüa buraxan, insan həyatı üçün zəhərli, yanğına meylli olduğundan təhlükəli olması hamıya bəlli idi. Ancaq həmin material istehsal edilən zavod “yuxarı”lara bağlı olduğundan, onsuz da vətəndaşının həyatını heçə sayan məmurlar cınqırlarını belə çıxarmadılar. Heç olmasa, indi orada yaşayan vətəndaşlar, həyatınızın təhlükədə olduğu dövrdə səsinizi çıxarın, etiraz edin!”.
Xətai rayonunda onlarla bina yanma təhlükəsi ilə üz-üzə deyilmi?
Əməkdaşlarımız Bakının təkcə Nobel prospektində, yanan binanın qonşuluğunda 20-yə yaxın fasadı süni örtüklə bəzədilmiş binaları sayıb. Fotolardan da görünür ki, hündürmərtəbəli binalar dörd tərəfdən bu üzlüklə bəzənib. Bəs görəsən, baş verənlər dərs olmayıbmı? Gec də olsa, bu məsələ dövlət səviyyəsində həllini tapmalıdır. Çünki məlum üzlüyü istehsal edən zavod işləməkdə, Bakının küçə və meydanları bu üzlüklə bəzədilməkdədir. Təsəvvür edirsinizmi, qızmar havalarda bu üzlük materialların yanğın təhlükəsi nə qədər yüksək olacaq...
tezadlar.az