BolgeXeber.Com » Ölkə » Montində yeni falçı peyda olub – Şikayət var…

Montində yeni falçı peyda olub – Şikayət var…

18-04-2015, 10:00
Oxunub: 7 241 Montində yeni falçı peyda olub – Şikayət var…Bütün qınaqlara və hətta dinimizdə falçılığın haram buyurulmasına baxmayaraq, Hacı Zöhrə Pirxanımın qəbuluna düşmək istəyənlərin sayı kifayət qədərdir

Qəzetimizin ötən saylarında biz xalqımızı cəhalətə sürükləyən və bu yolla da daha böyük fəlakətlərə yol açan falçılığın geniş təbliğatına qarşı çıxaraq, dəfələrlə tənqidi materiallar dərc etmişik. Həmin materiallarda biz müxtəlif informasiya portallarında və xüsusən də bəzi televiziya kanallarında müəyyən şəxslərin ekstra qabiliyyətləri, reallaşmış öncəgörmələri və bir çox başqa bu kimi cəfəngiyyatların sürəkli təbliğ olunması məsələsinə toxunaraq belə bir fəaliyyətin aşkar neqativ fəsadlarını göstərməyə cəh etmişik. Həmçinin biz bu cür əla tərtib olunmuş təbliğat kampaniyasının mahiyyət etibarı ilə yüksək qazanclı falçılığın reklamından başqa bir şey olmadığını da xüsusi olaraq qeyd etmişdik. Başqa sözlə desək, bu gün biz cəmiyyətin üzvləri olan müəyyən vətəndaşların faktiki olaraq aldadılması, dolandırılması və pullarının aldatma yolu ilə alınması kimi ciddi hüquq pozuntuları ilə müşayiət olunan bir fəaliyyət növünün leqal marketinqi ilə üz-üzəyik. Eyni zamanda təqdirəlayiq hal olaraq belə bir faktı da qeyd etmək lazımdır ki, son vaxtlar ölkəmizdə hüquq-mühafizə orqanları tərəfindən falçılığa qarşı mübarizə tədbirlərinin də nisbətən genişləndirildiyini müşahidə etmək olur. Məlum olduğu kimi təkcə son iki ildə öz qulluq mövqeylərindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olan bir neçə şəxsin həbsi həyata keçirilmişdir. Lakin görülmüş tədbirlərin cəmiyyətimizin bu bəladan tam xilası üçün hələ də yetərli olmadığı göz qabağındadır. Təəssüflər olsun ki, bəzi hüquq-mühafizə orqanları tərəfindən hələ də faktiki dələduzluq əməllərinin aşkar şəkildə törədilməsi hallarına göz yumulur. Həmçinin ötən materiallardan birində qeyd etdiyimiz kimi, bu gün Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən də bu rayonda falçılıq fəaliyyəti ilə məşğul olan konkret şəxslərə qarşı hələ də heç bir tədbir görülmür. Bu xüsusda aldığımız məlumatda qeyd olunur ki, Hacı Zöhrə Pirxanım adlı bir qadın Nərimanov rayonu ərazisində, “Montin bazarı” kimi tanınan ticarət mərkəzinin arxasında yerləşən həyət evlərinin birində, saat 9:00-dan 13:00-a qədər qəbul edir. Həm də bir seansa görə müştəridən 20 manat alan bu falçının qəbuluna düşmək üçün əvvəlcədən qeydiyyata alınmaq lazımdır.

Göründüyü kimi bütün qınaqlara və hətta dinimizdə falçılığın haram buyurulmasına baxmayaraq, Hacı Zöhrə Pirxanımın qəbuluna düşmək istəyənlərin sayı kifayət qədərdir. Bu isə o deməkdir ki, “Montin baxıcısı”nın fəaliyyəti artıq əməlli-başlı kütləvi xarakter alıb. Bəs belə olan təqdirdə, görəsən Nərimanov RPİ-nin rəhbərliyi hansı səbəbdən bu rüsvayçılığa son qoymaq üçün hələ də heç bir tədbir görmür? Bu barədə müxtəlif mülahizələr irəli sürmək olar. Məsələn, ola bilsin ki, Hacı Zöhrə Pirxanım polis əməkdaşlarına onların aça bilmədikləri cinayət işlərinin açılmasında yardım edir. Niyə də yox? Bu gün bir çox xarici ölkələrdə bu kimi təcrübələr geniş tətbiq olunur. Və yaxud da, digər bir ehtimal. Bəlkə “Montin baxıcısı” əraziyə nəzarət edən polis əməkdaşlarının dil-ağızlarını “bağlayıb”? Məlum olduğu kimi, bizim falçılar xüsusilə gəlin-qaynana münasibətlərinin tənzimlənməsində bu üsuldan istifadə etməyə çox üstünlük verirlər. Nə isə… Səbələr müxtəlif ola bilər. Amma nəticə göz qabağındadır. O da bundan ibarətdir ki, hələlik Hacı Zöhrə Pirxanıma Nərimanov rayonunda “gözün üstə qaşın var” deyən yoxdur. Deyilənə görə hazırda “Montin baxıcısı” intensiv şəkildə ingilis dili öyrənməyə başlayıb. Mənbələr iddia edirlər ki, falçı Azərbaycanda keçiriləcək I Avropa Oyunları münasibətilə paytaxtımıza gəlişi gözlənilən çoxsaylı əcnəbi turistlər arasında da özünə müştəri “tutmaq” niyyətindədir.bizimdovr.az