BolgeXeber.Com » Ölkə » Azərbyacanda 1 May qeyd edilməlidirmi?

Azərbyacanda 1 May qeyd edilməlidirmi?

1-05-2015, 09:50
Oxunub: 3 499 Azərbyacanda 1 May qeyd edilməlidirmi?Fazil Mustafa: “Xüsusi bir gün olaraq qeyd olunmasında bir məna görmürəm”

1 may artıq 121 ildir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir.

1 may ötən illərin ən gurultulu bayramlarından biri idi. Tarixdə bu bayramın keçirilməsi 1889-cu ilin iyulunda, Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi.

1 may 1890-cı ildə ilk dəfə Avstriya-Macarıstanda, Belçikada, Almaniyada, Danimarkada, İspaniyada, İtaliyada, ABŞ-da, Norveçdə, Fransada və İsveçdə keçirilib. 1891-ci ildə isə Brüssel konqresinin qərarı ilə hər ölkədə bayramın keçirilmə qaydaları müəyyənləşdirilib. 1917-ci ildən Rusiyada 1 may bayramı müstəqil olaraq qeyd edilib. 1918-ci ildə bayram rəsmiləşdirilib. 1933-cü ilin 1 mayında ilk dəfə Moskvada Qırmızı meydanda parad keçirilib. Həmin vaxtdan başlayaraq İkinci Dünya müharibəsinə qədər hər il parad keçirilib.

Azərbaycanda isə 1 may 1920-ci ildən başlayaraq bayram günü kimi qeyd olunub. SSRİ tərkibində olanda 1 may bayramı rəsmi bayram sırasında ən yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirilən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı. SSRİ-nin dağılmasından sonra isə 1 may bayramının keçirilməsi bəzi ölkələrdə ləğv edildi. 1992-ci ildə keçmiş prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyulub.

Maraqlıdır, 1 mayın ölkəmizdə yenə də rəsmi bayram kimi bərpa edilməsini istəyənlər varmı?
Deputat Fazil Mustafa 1 mayın xüsusi bir gün olaraq qeyd olunmasının tərəfdarı olmadığını bildirdi: “1 may çox sosialist arentasiyalı bir tədbirdir. Müasir dövrümüzdə zəhmətkeş sözünün mənası xeyli dəyişib. Ona görə də konkret olaraq bir proletar kimi zəhmətkeşi götürmək doğru deyil. Əslində hansısa menecer fəaliyyəti də zəhmətkeş fəaliyyəti sayılır. Ona görə də konkret olaraq işçi, fəhlə kateqoriyasına aid edilmir. Bu baxımdan da 1 mayın xüsusi bir gün olaraq qeyd olunmasının bir mənasını görmürəm. Bu funksiyanı yerinə yetirən və ayrı-ayrı sahələri təmsil edən həmkarlar ittifaqları var. Bu həmkarlar ittifaqları güclü olmalıdır ki, işçinin hüququnu qorusun. Bunun ayrıca gün kimi qeyd olunmasını o qədər anlamlı hesab etmirəm. Əgər insanlar bunu qeyd etməyə təşəbbüs göstərərlərsə, buna normal yanaşıram. Amma siyasi məzmun etibarı ilə 1 mayın xüsusilə də Azərbaycan cəmiyyətində hansısa faydalı bir hadisə olduğunu düşünmürəm”.

AXP sədri Pənah Hüseyn isə əksinə, 1 mayın əmək və həmrəylik günü kimi rəsmiləşdirilməsinin tərəfdarı olduğunu dedi: “Azərbaycanda işçilərin, əməkçilərin hüquqlarının, həmkarlar ittifaqının inkişaf etməməsi bu günün ölkəmizdə də rəsmiləşdirilməsini zəruri edir. Çünki belə bir günün rəsmiləşdirilməsi insanların əmək hüquqlarının qorunması, onların həmrəy şəkildə özlərinin müdafiəsini təşkil etmək üçün müsbət rol oynaya bilər. Buna görə də bunun dövlət bayramı kimi yox, əmək və həmrəylik günü kimi rəsmiləşdirilməsinin tərəfdarıyam. Azərbaycanda xüsusən həmkarlar ittifaqı hərəkatı üçün bunun əhəmiyyətinin mühüm olduğu qənaətindəyəm”. (musavat.com)