BolgeXeber.Com » Ölkə » Aslan Aslanovun oğlunu öldürməkdə təqsirləndirilmiş Vüqar Əliyev aclığa başlayır - AÇIQLAMA

Aslan Aslanovun oğlunu öldürməkdə təqsirləndirilmiş Vüqar Əliyev aclığa başlayır - AÇIQLAMA

1-05-2015, 10:21
Oxunub: 3 285 Aslan Aslanovun oğlunu öldürməkdə təqsirləndirilmiş Vüqar Əliyev aclığa başlayır - AÇIQLAMAŞəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu öldürməkdə ittiham olunaraq ömürlük həbs cəzası almış Vüqar Əliyev aclıq aksiyasına başlayır

Bu barədə Modern.az saytına Vüqar Əliyevin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məlumat verib.

O, yaxınlarda Vüqarla görüşdüyünü qeyd edib: “Vüqarla görüşdüm, heç də yaxşı deyil. Artıq hər şeydən bezib və qəti olaraq aclıq aksiyası keçirmək qərarına gəlib. Buna səbəb günahsız yerə 12 ildən artıq həbsdə saxlanılmasıdır. O, hesab edir ki, qanunsuz həbs olunub”.

Adəm Məmmədov onu da deyib ki, Ruslan Aslanovu öldürməkdə təqsirli bilinərək həbs olunan, bu yaxınlarda Baş Prokurorluğun verdiyi protestlə azadlığa çıxan digər şəxs Lamiyə Quliyeva Vüqara baş çəkməyib: “Ümumiyyətlə, onun Vüqara baş çəkməsi düzgün deyil və onların yenidən görüşməsi baş tutmaz. Çünki Vüqar ailəlidir, Lamiyənin də öz həyatı var”.

Vəkil bildirib ki, Lamiyə istintaq zamanı 5 fərqli ifadə verib: “Təcrübə göstərir ki, şübhəli qismində saxlanılan şəxs ilkin ifadəsində səmimi olur. Lamiyə də ilkin ifadəsində Ruslanı tək öldürdüyünü deyib, sonra təzyiqlər nəticəsində ifadəsini dəyişib. İifadələrin dəyişdirilməsi təzyiq tətbiq edilməsinə şübhə doğurmur”.

Vəkil qeyd edib ki, Vüqarın işini araşdırarkən yeni materiallar əldə edib:

“Materiallara baxış keçirərkən məlum olur ki, məsələ tamamilə siyasiləşdirilir. Ali təhsili olmayan, sadə həyat tərzi keçirən Vüqarın atası İbrahim bəyi guya radikal siyasətlə məşğul olmaqda ittiham edilməsi üçün sənədlər toplanıb, rəy formalaşdırılıb. Guya Vüqarın atası hansısa siyasi partiyanın üzvüdür. Hətta Şəmkirin keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şöbə rəisinə prokurorluq tərəfindən sorğu göndərilib. İcra hakiminin birinci müavini, köməkçisi məxfi məlumat verib ki, guya Vüqarın atası pozuculuqla məşğuldur. Dövlətə, hakimiyyətə qarşı çıxır, təxribata cəhd edir və s. Məsələ burasındadır ki, rəsmi məlumatları verən şəxslər Aslan Aslanovun tabeliyindəki işçilər olublar. Onlar bununla məişət zəminində olan cinayəti tam siyasiləşdirmək istəyiblər”.

Vüqar Əliyev 2003-cü ildə Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinərək ömürlük həbs cəzası alıb. O, Qobustan qapalı həbsxanasına saxlanılır. Hadisədə onunla birlikdə həbs edilərək 12 il həbs cəzası alan Lamiyə Quliyeva Baş Prokurorluğun verdiyi protestlə azadlığa buraxılıb.