BolgeXeber.Com » Ölkə » Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında pulsuz oxumaq olmur

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında pulsuz oxumaq olmur

4-05-2015, 18:31
Oxunub: 3 201 Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında pulsuz oxumaq olmurHər sessiya öncəsi pul vermək istəməyən tələbələrə öz dilləri ilə deyirlər ki, imtahanda “sürünəcəksiniz”

Qəzetimizin ötən saylarında Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialında müşahidə olunan çoxsaylı korrupsiya hallarına dair bir neçə tənqidi material dərc olunmuşdur. Məlum olduğu kimi bu ali təhsil müəssisəsinə rəhbərlik artıq 3 ildən artıq müddətdir ki, Afaq Qasımovaya həvalə olunub. Artıq qeyd etdiyimiz kimi, Afaq xanımın bu vəzifəyə təyinatı filialın keçmiş direktoru tərəfindən çoxsaylı korrupsiya hallarına yol verilməsi və məhz bu səbəbdən həbsə düşməsindən sonra baş tutsa da, bu hadisələrin yeni direktor üçün bir ibrət olduğunu söyləmək hələ də mümkün deyil. AMİ-nin Qazax filialında olan mənbələrin təqdim etdikləri məlumatlarda isə bu ali məktəbdə vəziyyətin getdikcə gərginləşdiyi bildirilir. Almaqda davam etdiyimiz şikayət məktublarında Qazax filialında yer almış neqativ hallar, filialın direktoru Afaq Qasımovanın işindəki ciddi nöqsanlar barədə məlumatlar öz əksini tapmaqdadır. Xüsusilə diqqəti cəlb edən qanun pozuntularından biri kimi rəhbərlik tərəfindən bu tədris müəssisəsinə saxta tələbə qəbulunun həyata keçirilməsi göstəilir. Belə ki, ümumi qəbul zamanı ali məktəblərə daxil ola bilməyən tələbələrdən bəziləri Afaq xanımın köməyi ilə guya ki, Rusiya Federasiyasının və yaxud da Gürcüstan Respublikasının müxtəlif universitetlərinə qəbul olunurlar. Lakin, bütün vaxtı Azərbaycandan kənara çıxmayan tələbələr 1-2 ildən sonra birbaşa AMİ-nin Qazax filialına, II-III kurslara keçirilirlər. Məlumatlarda həmçinin Afaq Qasımovanın digər qanunsuz əməllərlə də məşğul olduğu, tələbələrin təqaüdünü mənimsədiyi, institutda işləməyən şəxslərin adlarına əməkhaqqı yazıb əlavə qazanc əldə etdiyi barədə iddialar da yer almışlar. Təəssüflər olsun ki, bu məlumatlarda təqdim olunan faktlar artıq “köhnəlsə” də, onların aradan qaldırılması üçün müvafiq qurumlar tərəfindən hələ də heç bir tədbir görülməyib. Yuxarı instansiyaların məsələyə belə münasibətindən məharətlə yararlanan filial direktoru isə öz sərvətini artırmaqda davam edir. Bu xüsusda dərc etdiyimiz ötən materiallarda biz artıq qeyd etmişdik ki, aldığımız məlumatlarda Afaq Qasımovanın əldə etdiyi “gəlirləri” olduqca rasional şəkildə investisiya etməsinə dair maraqlı açıqlamalar təqdim olunur. Məsələn, bildirilir ki, bir müddət əvvəl filial direktoru Bakının Badamdar qəsəbəsində dörd mərtəbəli bir villanın mülkiyyətçisi olmuşdur. Digər tərəfdən də Afaq xanım təkcə şəxsi “Mersedes - GL” markalı avtomobilinin saxlanmasına hər ay 2000 manatdan artıq vəsait xərcləyir. Həm də bu xərclər filial direktorunun aldığı aylıq 400 manat məbləğində məvacibindən ödənilməlidir. Bu arada isə AMİ-nin Qazax filialında təhsil alan tələbələrin təqdim etdikləri yeni məlumatlarda bütün bu sərvətin necə əldə olunmasına dair açıqlamalar təkrar-təkrar öz əksini tapmaqdadır. Məsələn, özünü Gülnar Məmmədli kimi təqdim etmiş bir xanımın bu filialda baş verənlərə dair bu günlərdə verdiyi açıqlamalarda deyilir: “Bu institutda anormallıq bas alib gedir. İmtahan vaxtı tələbələrin fəryadı göyə qalxır. İmtahan biletində olan beş sualın beşini də cavablandırmış tələbəni də “kəsirlər” ki, Afaq xanım qiymət yazmağa icazə vermir, yoxsa bizə (müəllimlərə) tohmet veriləcək. Hər imtahana görə 50 manatdan 1 qəpik də yenmirlər, açıq bazardı. Hətta müəllim tələbəyə obyektiv qiymət yazsa da, dekanlıq imkan verməyəcək. Hər sessiya öncəsi pul vermək istəməyən tələbələrə öz dilləri ilə deyirlər ki, imtahanda “sürünəcəksiniz”. Allah eləsin, bu filial bağlansın, amma tələbələr başqa təhsil müəssisəsinə köçürülsün...”