BolgeXeber.Com » Ölkə » Kəlbəcər RTŞ-nin müdiri ilə bağlı şok ittihamlar səsləndirildi

Kəlbəcər RTŞ-nin müdiri ilə bağlı şok ittihamlar səsləndirildi

15-05-2015, 21:26
Oxunub: 4 246 Kəlbəcər RTŞ-nin müdiri ilə bağlı şok ittihamlar səsləndirildiElmira Şükürova rayonun təhsil şəbəkəsinə daxil olan müəssisələrə istənilən səviyyədə nəzarət edə bilmir

47 saylı tam orta məktəbin direktoru Telman müəllimin adı saxta əmək kitabçası verməkdə hallandırılır

Xəbər verdiyimiz kimi, nazir Mikayıl Cabbarovun imzaladığı əmrlə Ağdam Rayon Təhsil Şöbəsinin (RTŞ) sabiq müdiri Elmira Şükürova bir müddət əvvəl Kəlbəcər Rayon Təhsil Şöbəsinə rəhbər təyin edilib. Onun iş yerinin dəyişdirilməsinin təfərrüatları barədə əvvəlki saylarımızda məlumat vermişdik. Təkrarçılığa yol verməməkdən ötrü həmin məlumatları bir daha qeyd etmək istəmirik. Kəlbəcər camaatı bu təyinatdan o qədər də nikbin deyil.

Belə ki, bizə çatan məlumatlara görə, xanım müdirin Ağdamda həyata keçirdiyi bir sıra qanundan kənar işlər Kəlbəcərin təhsil ictimaiyyətinə yaxşı məlumdur. Məhz bu səbəbdən təhsil işçiləri yeni şöbə müdirindən müsbət addımlar gözləmir. Əldə etdiyimiz yeni məlumatlara görə, adıçəkilən xanım Ağdam Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılmamışdan bir neçə gün öncə özünə məxsus Bərdə rayonu Şirvanlı kəndində yerləşən fermasını satıb: "Deyilənə görə, o fermasının satışından əldə etdiyi vəsaiti Kəlbəcər rayonuna transfer olmasına və oğlunun probleminin həll edilməsinə sərf edib. Elmira Şükürova Kəlbəcər rayonuna təhsil şöbəsinin müdiri təyin olunmamışdan əvvəl Gəncə şəhər Apellyasiya Məhkəməsində işləyən oğlu Emin Bayramov ciddi problemlə üzləşib. Anası oğlunun problemini yoluna qoymaq üçün bəzi şəxslərə minnətçi düşüb, eyni zamanda əlavə xərc çəkmək məcburiyyətində qalıb". Adı müxtəlif qalmaqallı məsələlərdə hallandırılan RTŞ müdiri ilə bağlı yeni iddialar ortaya atılıb. Etibarlı mənbələrdən aldığımız informasiyaya əsasən, E.Şükürovanın şöbə müdiri keçməsindən sonra Kəlbəcər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə böyük problemlər meydana çıxıb: "Məktəb direktorlarının yetərli hissəsi qanunazidd işlərlə məşğul olur. Bunu sübut edən faktlar da var. Belə ki, Kəlbəcər rayon 47 saylı tam orta məktəbin direktoru Telman müəllim vətəndaşlardan birinə saxta əmək kitabçası verib. Özünün dediyinə görə, bunun müqabilində 20 manat pul alıb. 1984-cü il təvəllüdlü Kəlbəcər rayon sakini 03 oktyabr 2000-ci ildə məktəb direktorunun 09 nömrəli əmri ilə gözətçi təyin edilib və 27 dekabr 2005-ci ildə 35 saylı əmrlə işdən azad olunub. Bu qanunsuz əmək kitabçası əsasında isə DSMF-unda vətəndaşa əmək pensiyası təyin edilib. Faktla bağlı aidiyyəti orqanlara məlumat verilsə də, hələlik heç bir tədbir görülməyib. Rayonun digər məktəblərində də buna bənzər neqativ hadisələr cərəyan edir. Hətta bəzi məktəblər var ki, orda müəllimlər ayın çox gününü dərsə gəlmir. Lakin buna baxmayaraq, direktorlar həmin müəllimlərlə bağlı heç bir tədbir görmür. Səbəbi isə budur ki, tədris prosesindən yayınan müəllimlər bunun müqabilində direktorlara borclu qalmırlar. Elmiraxanımın gəlişindən sonra rayonun təhsil sistemində heç bir müsbət dəyişiklik qeydə alınmayıb. Texniki işçilərin işə qəbulu yenə də köhnə qaydalar əsasında həyata keçirilir. Təhsil şöbəsinin balansında olan məktəblərdə yoxlama aparılsa, direktorların hansı qanunsuzluqlara yol verdiyi üzə çıxar. Şöbə müdiri bu kimi nöqsanları aradan qaldırmaq əvəzinə, özbaşına işlərə qol qoyur. Buna görə də hazırda Kəlbəcər məktəblərində təhsilin səviyyəsi acınacaqlı vəziyyətdədir". Kəlbəcər RTŞ-nin müdiri və 47 saylı tam orta məktəbin direktorunun barəsində səsləndirilən ittihamlara qarşı tərəflərlə aydınlıq gətirməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. Buna baxmayaraq, həm şöbə müdirinin, həm də direktorun münasibətini işıqlandıra bilərik.
gundelik-baku.com