BolgeXeber.Com » Ölkə » Şok: Bakıda təhlükəli üzlüklə qablanmış klinika var imiş...

Şok: Bakıda təhlükəli üzlüklə qablanmış klinika var imiş...

22-05-2015, 11:50
Oxunub: 5 150 Şok: Bakıda təhlükəli üzlüklə qablanmış klinika var imiş... Xəstələrlə yanaşı elə həkimlər də təhlükə altındadır

Paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanında yerləşən və Vüsal Bədəlovun rəhbərlik etdiyi "Avrasiya" klinikasına müraciət edən xəstələr, eləcə də onların yaxınları adıçəkilən tibb müəssisəsində qiymətlərin digər özəl xəstəxanalara nisbətən baha olmasından şikayətlənirlər.

Bu və digər bir sıra önəmli məqamlarla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, 2007-ci ildə fəaliyyətə başlayan "Avrasiya" klinikasında allerqologiya, anesteziologiya və reanimasiya , ginekologiya, laboratoriya, otorinolarinqologiya , ozonoterapiya, radiologiya, ümumi cərrahiyyə, dermatovenerologiya , diaqnostika, hepatologiya, manual terapevt, pediatriya, stomatologiya, plazmaferez, uro-andrologiya, endokrinologiya, kardiologiya, kosmetologiya, nevrologiya və ya nevropatologiya , qastroenterologiya , terapiya, travmatologiya və ortopediya şöbələri mövcuddur.

Məlumatlı şəxs qeyd edir ki, "Sağlamlığınızı bizə etibar edin" şüarını özünün fəaliyyət kredosu seçdiyini iddia edən klinika daha çox gəlir əldə etmək məqsədi ilə "Xalq Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Buta Sığorta", "Meqa Sığorta", "Ata Sığorta", "A-Group Sığorta" və "Standard Insurance" sığorta şirkəti ilə əməkdaşlıq edir: "Deyilənlərə görə, "Avrasiya" klinikasındakı tibbi xidmətlər arasında ən bahalı olanı cərrahiyyə əməliyyatlarıdır. Xüsusilə ürək əməliyyatlarının qiyməti orta hesabla 2-10 min manat arasında dəyişir. Ginekologiya şöbəsindəki qiymətlər normal doğuşda 600-1000 manatla, qeysəriyyə əməliyyatı isə 1200-2000 manatla ölçülür. Qanın ümumi müayinələri orta hesabla 15-40 manat, ultrasəs müayinəsi 20-50 manat, tomoqrafiya müayinəsi isə 60-140 manatdır. Son zamanlar dəb halını alan plastik əməliyyatlar da "Avrasiya" klinikasının xidmətləri sırasındadır. Burada ən geniş yayılan rinoplastika, yəni burunun korreksiyası əməliyyatıdır ki, bu da 1500-2500 manat arasında dəyişir. Təkcə xəstə qəbulu, məsləhət 30-50 manata başa gəlir. Xəstəni qəbul edən həkim əcnəbi və ya elmi dərəcəlidirsə, bu qiymət hətta 100-150 manata qədər artır".

Əldə etdiyimiz bilgilərə görə, digər bir sıra özəl tibb müəssisələri kimi "Avrasiya" klinikası da xarici ölkələrdən həkim mütəxəssislər dəvət edib onların reklamı ilə də məşğul olur: "Bu mütəxəssislər isə yüksək qiymət müqabilində tibbi xidmət göstərirlər. Deyilənlərə görə, dəvət olunan xarici həkimlər çox zaman hər hansı müqavilə olmadan çalışırlar. Halbuki, mövcud qaydalara görə, xarici mütəxəssis dəvət edən özəl tibb müəssisəsi bir ay öncədən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinə bununla bağlı ətraflı məlumat verməlidir. Həmçinin, xarici mütəxəssislərin özəl müəssisədə fəaliyyət göstərəcəyi müddət, özəl müəssisə ilə mütəxəssis arasında əməkdaşlıq barədə bağlanmış müqavilənin surəti və mütəxəssis barədə məlumatlar da Səhiyyə Nazirliyinə təqdim olunmalıdır. Yalnız bundan sonra xarici mütəxəssislərin özəl klinikalarda fəaliyyətinə icazə verilir. Vüsal Bədəlovun rəhbərlik etdiyi "Avrasiya" klinikası isə bəzi məqamlarda bu mühüm tələbə əməl etməkdə maraqlı görünmür". Adıçəkilən özəl tibb müəssisəsində cərrahiyyə əməliyyatı və doğuş zamanı müəyyən əyrintilərə imza atıldığını vurğulayan məlumatlı şəxsin iddiasına görə, "Avrasiya" klinikasında çalışan bəzi həkimlər xəstənin vəziyyətinin ağır olması barədə onun yaxınlarını asanlıqla inandıraraq xeyli miqdarda pul ödətdirməyə nail olurlar: "Deyilənlərə görə, əsasən doğuş zamanı bu cür hallara daha tez-tez rast gəlinir. Çünki qeysəriyyə doğuş "Avrasiya" klinikasına daha çox gəlir gətirdiyindən həkimlər əksər hallarda müxtəlif bəhanələr gətirməklə bu üsulu seçirlər. Bunun üçün bir sıra üsullara baş vurulur. Məsələn, "Avrasiya" klinikasında qeydiyyatda olan xəstələrə doğuşdan bir həftə əvvəl xüsusi iynə vurulur ki, nəticədə doğuşun vaxtı süni yolla uzadılır. Bu zaman xəstə və onun yaxınları məcburiyyət qarşısında qalaraq qeysəriyyə əməliyyatına razılıq verir. Onu da qeyd edim ki, Vüsal Bədəlovun rəhbərlik etdiyi tibb müəssisəsində yaşanan digər problem isə yeri gəldi-gəlmədi xəstələrə firma dərmanların təyin olunması ilə bağlıdır. Belə ki, bu gün "Avrasiya" klinikasında az qala bütün dərman firmalarının nümayəndələri var və onlar həkimlərə müəyyən haqq ödəməklə təmsil etdikləri firmaların dərmanlarının təyinatına nail olurlar. Həkimlərin xəstələrdən təyin etdikləri dərmanların qablarını tələb etməsi dediklərimizi bir daha sübut edir. Deyilənlərə görə, "Avrasiya" klinikasında həkimlər xəstəyə bir neçə dəfə firma dərmanları aldırırlar. Yəni əvvəlcə xəbərdarlıq edirlər ki, bu dərmanlar istifadə edilsin, effekt verməsə, əlavə dərmanlar yazılacaq. Yenə də firma dərmanlar yazılır. Belə çıxır ki, həkimlər firma dərmanları yazmaqla həm maddi tələbatlarını ödəyirlər, həm də xəstələr üzərində eksperiment aparırlar".

Məlumatlı şəxsin sözlərinə görə, son zamanlar "Avrasiya" klinikasında göstərilən tibbi xidmətə görə tələb olunan qiymətlər artsa da, keyfiyyət getdikcə aşağı düşür: "Bu klinikada tətbiq olunan qiymətlər insanlar arasında ciddi narazılıq doğursa da, xəstələr bu ünvana məqsədli şəkildə yönəldilirlər. Çünki "Avrasiya" klinikası paytaxtın bir sıra tibb müəssisələrinin həkimləri ilə əlverişli biznes əlaqəsi qurub və bu əlaqədən külli miqdarda gəlir əldə olunur. Belə ki, klinikanın rəhbərliyi xəstələrini ora göndərən həkimlərin istiqamətverici xidmətini yetərincə mükafatlandırır. Bu səbəbdən də əksər dövlət xəstəxanalarında çalışan tibb işçiləri xəstələrə məhz "Avrasiya" klinikasını məsləhət görürlər".

Bu arada, adıçəkilən tibb müəssisəsinin fasadının penoplast üzlüklə örtüldüyünü deyən məlumatlı şəxs bildirir ki, bu, "Avrasiya" klinikasında müayinə və müalicə olunan xəstələrin, eləcə də onların yaxınlarının ciddi təlaş keçirməsinə səbəb olur: "Yaşanan acı təcrübələr göstərir ki, binaların fasadının penoplastla örtülməsi sonda ciddi fəsadlara səbəb ola bilər. Çünki bu zaman həmin bina təhlükə qarşısında müdafiəsiz qalır. Görünür, "Avrasiya" klinikasının rəhbərliyi bu cür önəmli məsələyə yetərincə əhəmiyyət vermədiyindən tibb müəssisəsinin fasadına penoplastın çəkilməsinə üstünlük veriblər. Halbuki ekspertlər penoplast üzlüklərl yaşayış binalarının, tibb və təhsil müəssisələrinin, bir sözlə mühüm obyektlərin binalarının fasadına vurulmasının yolverilməz olduğunu bildirirlər. Çünki bu üzlüklər tez alışan və yanan zaman zəhərli qazlar buraxdığından olduqca təhlükəlidir. Odur ki, aidiyyəti qurumlar tez bir zamanda məsələ ilə bağlı "Avrasiya" klinikasının rəhbərliyinə müvafiq tapşırıq versələr, yerinə düşər. Çünki sonra gec ola bilər…" gundelik-baku.com