BolgeXeber.Com » Ölkə » Səlim Müslümov öz kadrına belə etibar etməmək zorundadır

Səlim Müslümov öz kadrına belə etibar etməmək zorundadır

3-06-2015, 10:45
Oxunub: 3 236 Səlim Müslümov öz kadrına belə etibar etməmək zorundadır Yasamal ƏSMM-də nə baş verir – İlginc gəlişmələr...

Keçən günlərdə Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş verən ilginc olaylarla bağlı faktları diqqətinizə təqdim etmişdik. Məlum olurdu ki, nazir Səlim Müslümovun (düşünək ki, xəbəri olmadan –red.) nəzarəti altında rəsmən özbaşınalıqlar həyata keçirilir.

Vətəndaş Akif Mahmudovun göndərdiyi həmin müraciətdə qeyd olunurdu ki, Mərkəzdə qanunsuzluqları həyata keçirən direktor müavini Salahova Gülnarə Şaban qızıdır. Onun sözlərinə görə, G.Salahova qanunsuz yolla direktor müavini təyin olunub. Belə ki, əvvəl müqavilə ilə həmin vəzifəyə yerləşdirilib. Qanuna görə həmin vəzifəyə müsabiqə ya müsahibə elan olunmalı və qalib namizəd həmin vəzifəyə təyin olunmalıdır. Əvəzində 2014-cü ilin oktyabrında Respublikanın ən ucqar rayonu olan Yardımlı rayonuna elan olunan müsahibədə iştirak edib və heç bir rəqibi olmayıb. Sonra nazirlik tərəfindən Yasamal rayon Mərkəzinə rəsmiləşdirilib.

A.Mahmudov qeyd edib ki, bu cür işə təyinat dövlət qulluğuna təhqirdir: “Həmin yerə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya xətti ilə vakansiya elan olunmalıdır. Gülnarə Salahova mərkəzin xadiməsi Süleymanova Yazgülü öyrədib nazirliyə şikayətə göndərməklə keçmiş müdirin işdən çıxarılmasına nail olub.

Özü direktor vəzifəsini icra etməyə başlayan kimi ilk işi mərkəzdə rüşvət bazarını genişləndirməklə bağlı olub. Belə ki, Gülnarə Salahova daha çox rüşvət toplamaq üçün mərkəzdə ünvanlı sosial yardıma dəxli olmayan digər şöbələrin işçilərini də vətəndaşlardan ünvanlı sosial yardım sənədlərini qəbul etmək və rüşvət toplamaq işinə cəlb edib”.

Şikayətçi bildirir ki, hər ayın 15-20-si arası işçilərdən alacağı rüşvətin hesabatını toplayır və sosial yardım kartlarına pul keçən kimi işçilərdən pulu tələb edir: “Bu işdə ona idarənin baş mühasibi İlkin Cəfərov yaxından kömək edir.

Mərkəzdə mühasibat uçotu sektorunun işçilərinin bildirdiyinə görə İlkin Cəfərov hələ 2010-cu ilin iyun, iyul, avqust aylarında 200 min pulu 13-cü ay kimi ünvanlı sosial yardım kartlarına köçürüb, keçmiş direktorla birgə mənimsəyib.

Buna baxmayaraq o, bu günə qədər mərkəzdə baş mühasib işləyir. Gülnarə Salahova da bunu bildiyindən gördüyü işləri İlkin Cəfərovun əli ilə həyata keçirir”.

DİA.AZ-a bu yöndən daxil olan informasiyalardan aydın olur ki, Yasamal ƏSMM-də baş verən bu özbaşınalıqlar artıq “yuxarıların” da diqqətini cəlb etdiyindən təftiş və araşdırma qərarı verilib. Mənbənin söylədikləri: “Hələlik bu məsələ ictimailəşdirilməsə də, ciddi araşdırma aparılır. Cəzalananlar mütləq olacaq”...