BolgeXeber.Com » Ölkə »  "Rahatca oturmuşam. Yuxarıdan da sərin vurur"... - Metroda təzə söhbət

 "Rahatca oturmuşam. Yuxarıdan da sərin vurur"... - Metroda təzə söhbət

9-06-2015, 16:05
Oxunub: 3 922   "Rahatca oturmuşam. Yuxarıdan da sərin vurur"... - Metroda təzə söhbətBu gündən etibarən "Bakı Metropoliteni" QSC yeni metro qatarları xəttə buraxır. Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

N.Paşayevin sözlərinə görə, qatarların sınaq müddəti başa çatıb və yeni qatarlar artıq istifadəyə verilib: "Yeni qatarlar hazırda "Həzi Aslanov" - "İçəri Şəhər" xəttində normal qrafik üzrə hər biri öz marşrutunda işləyir. Yeni alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarəedilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla (380V-la) işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kwt idisə, bu qatarların mühərriklərinin gücü 170 kwt təşkil edir".

Musavat.com saytının reportyorunun müşahidələrinə görə, bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid imkanı mövcuddur. Vaqonlarda üç rejimdə - soyutma, havalandırma və isitmə rejimlərində çalışan klima sistem quraşdırılıb.

Vaqonun salonunda "hərəkətli sətir" sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları quraşdırılıb. Köhnə vaqonların sərnişintutma qabiliyyəti 308 sərnişin olduğu halda, yeni nəsil vaqonlarda bu göstərici 330 sərnişindir. Əvvəlki vaqonlarda pəncərə sistemləri sadə birlaylı olduğu halda, indiki vaqonlar ikilaylı paket tiplidir ki, bu da salonda sərnişinlər üçün daha yüksək komfort şərait yaradır.

Daimi metro istifadəçisi kimi deyə bilərəm ki, yeni qatarlarda yüksək komfort var. Bir neçə stansiya yol getdik, amma qəti şəkildə qulaq batıran səs, silkələnmə hiss etmədik. Vaqonlarda kondisionerin olması, bu isti havalarda sərnişinlər üçün ən gözəl hədiyyədir.

Yeni vaqonların arasında birbaşa keçidin olması da, ola biləcək sıxlıqların qarşısını alacaq. Belə ki, bəzən vaqonlardan birində sərnişin sıxlığı yaranır, digərlərində isə oturmaq üçün belə yerlər olur. Vaqonlararası keçid sayəsində sərnişinlər sıxlıq olan vaqondan, digər vaqona keçə biləcəklər.

Yeni qatarlardan istifadə edən sərnişinlərlə söhbətləşdik və onlardan təzə qatarlarla bağlı fikirlərini soruşduq. Bakı sakini Elnur Seyidov yeni qatarları çox bəyəndiyini və digərlər qatarların da yenilənməsi lazım olduğunu dedi: "Gördüyünüz kimi, rahat, sakit, sərin şəkildə gedirik. Bundan gözəl nə ola bilər? Amma indi bunun geri qayıtmağı da var. Köhnə, səs-küylü qatarla qayıdacağam. 3 qatar azdır, hamısını dəyişmək lazımdır. Bunun üçün ölkəmizin imkanı da var. Hamısı yenilənsə əla olar. Bakıda getdikcə insanların sayı çoxalır. Bunu da nəzərə almaq lazımdır".

Yeni qatardan istifadə edən digər şəhər sakini Aydın adlı şəxs deyir ki, yeni qatarlar hər cəhətdən digərlərindən üstündür: "Açığı mən çox bəyəndim. "Həzi Aslanov" stansiyasında qatara mindim. Birinci vaqonda sıxlıq var idi. Vaqonlarası keçidlə gəldim 4-cü vaqona. Rahatca oturmuşam. Yuxarıdan da sərin vurur. Hətta o qədər rahatdır ki, indi məni yuxu tutacaq. Qorxuram vaxtında düşə bilməyim, görüşə gecikim (gülür -red)". Bolgexeber.com