BolgeXeber.Com » Ölkə » “Mən harınlamış məmur övladı deyiləm”

“Mən harınlamış məmur övladı deyiləm”

12-06-2015, 10:24
Oxunub: 4 162 “Mən harınlamış məmur övladı deyiləm”"Polislər məni saxlayanda deyirəm ki, Əliağa Kürçaylının nəvəsiyəm. Amma məni buraxmırlar, əksinə cərimələyirlər"

Sərxoş halda avtomobil idarə edən, yol polisinə tabe olmayan, hələ bu azmış kimi dövlət məmuruna təzyiq göstərən tanınmışlar,vəzifəli şəxslər və onların yaxın qohumları ilə bağlı məlumatlar tez-tez gündəmə gəlir.

Ötən il mətbuat səhifələrində adı hallan şəxslərdən biri də xatırlayırsınızsa, Azərbaycanın tanınmış şairi, mərhum Əliağa Kürçaylının nəvəsi Əliağa Kürçaylı idi.

O, Bakıda idarə etdiyi “Porsche” ilə yol polisinə xəsarət yetirməklə gündəmə gəlmişdi. Mətbuat günlərlə onun bu əməlindən yazıb, tənqid edirdi.

Gec də olsa Əliağa Kürçaylı üzə çıxaraq haqqında deyilən ittihamlara cavab verdi. Bundan əlavə o, AzVision.az-a verdiyi müsahibədə bir sıra məqamlara da toxunub:

-Məlum hadisədən sonra sizi çox adam tanıyır. Təəssüf ki, yaxşı anlamda yox. Bəs, siz Əliağa Kürçaylı olaraq özünü oxucularımıza necə təqdim etmək istəyərdiniz?

- Sadəcə Əliağa Kürçaylı. Məncə bu qədər kifatətdir. Başqa təqdimata ehtiyac yoxdur, elə deyilmi? (gülür-red)

-Əlbəttə, bu sizin seçiminizdir. Hazırda hansı fəaliyyətlə məşğul olursunuz?

-İncəsənət sahəsindəyəm. Amma bir az fərqli istiqamətdə. Daha çox tədbirlər, konsert proqramlarının təşkili ilə məşğul oluram.

-Şair babanızın adını daşıyırsınız. Bəs, bu işlərlə yanaşı yaradıcı işlərlə məşğul olursunuzmu? Yəni, şeir yazmaq, kitab yazmaq kimi...

-Mənim sənətim dizaynerdir. Bu sənəti də bir yaradıcılıq olaraq görürəm. Mənim yaradıcılığım dizanerlikdən ibarətdir. Təəssüflər olsun ki, babamın yolunu davam etdirmirəm. Həmin yolu davam etdirmək məsələsi daha çox ilhamdan aslı olan bir şeydir. Mənə hələki elə təb gəlməyib.

- Babanızı necə xatırlayırsınız?

- Əfsuslar olsun ki, mən babamı sağlığında görməmişəm. Bu mənə qismət olmayıb. Buna görə də babamla bağlı hər hansı bir fikir söyləməyim də düzgün olmazdı. Çox vaxt elə olur ki, yanımda olan şəxslər kiməsə zəng vurub deyirlər ki, Əliağa Kürçaylının nəvəsi ilə oturub söhbət edirik. Bu zaman həmin adamlar çox şad olurlar.

-Amma çoxları sizi babanıza görə tanıyır. Bu ad sizin köməyinizə gəlirmi?

-Çox az hallarda adımdan istifadə edirəm. Amma hərdən yaşlı nəsil Əliağa Kürçaylı adını eşidəndə 5 saniyə sükut edilər. Və sonra deyirlər ki, bu oğlan Əliağa Kürçaylının nəvəsidir? Ən azından polislər məni saxlayanda deyirəm Əliağa Kürçaylının nəvəsiyəm. Amma məni buraxmırlar, qayda pozuntusu etmişəmsə, cərimələyirlər. Elə bir polis olmayıb ki, Əliağa Kürçaylı adına görə mənə desin ki, günahından bu dəfə keçirik. Hələ belə halla rastlaşmamışam.

- Mətbuatda sizinlə bağlı heç də yaxşı xəbərlər yazılmırdı. Hətta sizi məmur övladı kimi də təqdim edirdilər...

- Əsla, mən məmur övladı deyiləm. Bir onu deyə bilərəm ki, Əliağa Kürçaylı məmur balası deyil. Adi, sıravi bir insandır.

-Ötən ilin dekabr ayında Bakıda yol polisinə xəsarət yetirən “Porsche”nin sürücüsü olan Əliağa Kürçaylı bu hadisəni necə xatırlayır? Yaxud sizi necə cəzalandırdılar?

-Çox əfsuslar olsun ki, mühüm bir tədbirə tələsirdim. Ona görə qanun pozuntusuna yol verdim. Bu hərəkətimi isə kütləvi informasiya vasitələrində çox qlobal və ajiortajlı bir formada təqdim etdilər. Buna görə də mənim adım bəzi məmur balaları ilə bir yerdə hallandı. Qanun pozuntusu etmişdim. Bunu etiraf edirəm. Cəzamı da aldım. İndi hər şey normaldır. “Porsche”mi də öz halal zəhmətimlə almışam.

Eşitdiyimə görə guya mənə yeddi il həbs cəzası kəsmişdilər və hələ də cəza çəkirəm (Gülür-red).

Cəza pratokol və xəbərdarlıqla da ola bilər. Mətbuatda həmçinin 15 sutka həbs olunmağımla bağlı yazılar dərc olunmuşdu, hətta cəza da kəsmişdilər.

-Yaraladığınız polis əməkdaşı ilə münasibətiniz necədir?

-Həmin polis əməkdaşı ilə hərdən görüşüb söhbətləşirik. Ünsiyyətimiz çox xoş alınır. Dost olmuşuq.

-Avtomobilinizi necə idarə edirsiniz? Yüksək sürətə qarşı münasibətiniz necədir?

-Evə tələsdiyim zaman maşını sürətlə idarə edirəm. Çalışıram ki, sürət həddini aşmayım. Bu cəhdim hərdən öz səmərəsini verir. Bilərəkdən sürət həddini aşım deyə bir səhvə yol vermirəm. Bir məntəqədən digərinə çatmaq üçün bəzən avtomobili bərk sürürəm.

- Avtomobili yüksək sürətlə idarə etmənizlə bağlı mətbuatda və sosiala şəbəkələrdə yayılan yazılara münasibətiniz necədir? Sizin də bəziləri kimi harınladığınızı deyirlər. Bu doğrudurmu?

-Sosial şəbəkələrdə biri yazır ki, əcəb edir, digəri isə bunun əksini yazır. O biriləri isə deyirlər ki, harınlamışam. İnsanlar boş-boş yazırlar. Onlara fikir vermirəm. 16 yaşımdan bəri işləyirəm. Bu zaman hansı harınlaşmaqdan söhbət də getdiyini bilmirəm?
BOLGEXEBER.COM