BolgeXeber.Com » Ölkə » Bakı zooparkının direktorundan müraciət: “O pinqvini görsəniz...”

Bakı zooparkının direktorundan müraciət: “O pinqvini görsəniz...”

19-06-2015, 10:15
Oxunub: 4 773 Bakı zooparkının direktorundan müraciət: “O pinqvini görsəniz...”“Tiflis zooparkının direktoru mənə zəng edib deyir ki, eşitmişik, pinqvin siz tərəfə üzüb, tutmusunuzmu. Deyirəm, vallah-billah, görməmişik, elə siz gəlmişkən, müraciət edirəm ki, kim pinqivini görübsə, bizə xəbər versin”

Bakı zooparkının direktoru Azər Hüseynov belə deyir və əlavə edir ki, Tiflisdəki həmkarı pinqvinin Qırmızı Körpüyə - Gürcüstanın Azərbaycanla sərhədinədək üzdüyünü eşidincə dayanmayıb, sərhədə gəlib... Hər yeri ələk-vələk eləsələr də onu tapmayıblar.

A.Hüseynov deyir ki, Tiflisdəki daşqınlardan sonra Bakı zooparkı ora ilə əlaqə saxlayıb: “Hadisədən xəbər tutan kimi zəng elədim Tiflis zooparkının rəhbərliyinə, amma heç kim telefona cavab vermədi. Yalnız ertəsi gün danışa bildim. Dedim ki, bilirəm, indi zooparkda vəziyyət yaxşı deyil, qəfəsləriniz dağılıb, heyvanxananı müvəqqəti bizim zooparka köçürə bilərsiniz”.

Azər Hüseynovun sözlərinə görə, o, dəvətini Gürcüstana çatdırıb, di gəl, bunun reallaşması ondan asılı deyil. Axı hər iki zoopark dövlətə məxsusdur və bircə heyvanın da yerini özbaşına dəyişdirmək mümkün deyil.

Deyirlər şər deməsən, xeyir gəlməz. İşdi-şayəd, Tiflis daşqınları kimi bir təbii fəlakət baş versə, Bakı zooparkının hansı ehtiyat planı var?

Azər Hüseynov deyir ki, Bakı zooparkının daşqınla üzləşmək təhlükəsi yoxdur, çünki zoopark dəniz səviyyəsindən də yüksəkdə yerləşir: “Biz qəfəsləri düzəldəndə tikinti şərtlərinə, qəfəsin möhkəmliyi ilə bağlı qaydalara əməl edirik. Yəni zooparkdan heyvanın qaçması mümkün deyil. Amma Allah eləməsin, bir zəlzələ olsa, neyləyərik? Bax, onu bilmirəm. 8-10 ballıq zəlzələyə binalar davam gətirməz. Tiflisə gəlincə, orada zooparkın yanından çay keçir, yırtıcı heyvanlar da aşağıda - dərədə olduqlarından su basıb onları. Yalnız dağdakı heyvanlar salamat qalıb”.

Direktoru iş başında yaxalamışdıq: pələngə qəfəs düzəldirdilər. Əvvəlki ilə müqayisədə yenisi lap “villa”ya bənzəyirdi. Amma pələngi yolun o tayından bəri gətirməliydilər axı.

“Onu buraya necə gətirəcəksiniz?” - deyə soruşanda Azər Hüseynov zarafatından qalmır: “Qulağından tutub çəkəcəyik bu qəfəsə”.

Düzdür, o dəqiqə də ciddiləşir və əlavə edir: “Yırtıcı heyvanlar zarafatı sevmir. Uyğun qurğular var”.

Tiflis zooparkından qaçan heyvanları sadalayanda sayları da diqqət çəkmişdi: 6 pələng, 6 şir, 13 canavar, 7 ayı, üstəlik, begemot və pinqvin.

Azər Hüseynov “Azadlıq”a deyir ki, Tiflis zooparkı 12, Bakıdakı heyvanxana 2 hektar ərazidə yerlşir. Sahə 6 dəfə az olsa da bu 2 hektar ərazidəki yırtıcıların sayı az deyil - 5 aslan, 5 ayı, pələng, yaquar, bəbir, bir Nil timsahı Bakı zooparkının bəzəyidir: “Uşaqlara oyun guşəsi hazirlayırıq. Bir aya istifadəyə veriləcək. İstəyirik uşaqlar balaca yaşlarından canlı aləmi yaxşı öyrənsinlər, dovşanla, keçi balaları ilə ünsiyyətləri olsun və xətasız-bəlasız, heyvanlarla oynasınlar”.

Direktorun sözlərinə görə, begemotu, pinqvini olmasa da adı “Qırmızı kitab”a düşən Orta Asiya tısbağaları Bakı zooparkında saylarını artırıb. Elə tülkü və porsuq da: “Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik ki, artırdığımız heyvanları təbiətə buraxaq. İndi bunun yerləri müəyyənləşdirirlər”.

Tiflis zooparkından Bakıya yaquar gətirilib. Həmin heyvan yuvasından çıxmasa da onu seyr edə bildik. Üstəlik, oynaqlaşan ayılara, özünü günə verən aslanlara da doyunca baxdıq. Bir tülkü balası da ağzındakı ət tikəsi, öz balaca qəfəsində fır-fır fırlanır, oynamaqdan yorulmurdu. Elə bil “bacarırsansa, gəl bu tikəni əlimdən al” deyirdi...

Yeri gəlmişkən, bakılı kenqurularımız da var. Xaricdən gətirilən kenqurular balalayıb.

Bir şey adamın qanını qaraldır - zooparkdakı qəfəslərin yanından keçəndə adam pis qoxudan diksinir.

Direktor deyir ki, meymunu gündə 5 dəfə də çimizdirsən də ondan meymun iyi gələcək.

Əlbəttə, heyvandan özünəməxsus iy gəlməsi təbiidir, ancaq sən demə, başqa səbəb də varmış.

Azər Hüseynovun sözlərinə görə, yer darlığından qəfəsləri yaxın yerləşdirməyə məcbur qalırlar. Bu isə ətrafa yayılan pis qoxunu kəskinləşdirir...

Zooparka nəvəsini gəzdirməyə gətirən Fəxrəddin Quliyev heyvanların təbii şəraitdə saxlanmasını istəyir: “Mən başqa ölkələrin də zooparklarında olmuşam. Bakı zooparkına kasıb deməzdim, amma yeri geniş olsaydı, heyvanlar təbii şəraitdə yaşayar, heç qəfəsdə saxlandıqlarını da hiss etməzdilər”.

Zooparkın daha geniş əraziyə köçürülməsi vaxtaşırı medianın da gündəminə gəlir. Direktor bu barədə heç nə bilmədiyini söyləyir: “Bu söhbətlərlə əlimizi-qolumuzu işdən soyuda bilmərik, hələ çox yenilik edəcəyik!”.

Deyir və yenilikləri gözləməyimizi istəyir.
BOLGEXEBER.COM