BolgeXeber.Com » Ölkə » Bulvardakı baobab ağaclarının ikisi qurudu-FOTO

Bulvardakı baobab ağaclarının ikisi qurudu-FOTO

20-06-2015, 10:41
Oxunub: 10 609 Bulvardakı baobab ağaclarının ikisi qurudu-FOTOBakı bulvarında xarici ölkələrdən gətirilmiş çoxlu bahalı ağac var. Bu ağaclar arasında 5 baobab da diqqət çəkir. Onlardan 3-ü Paraşüt qülləsinin yaxınlığındadır və sağ-salamatdır.

Qışda şaxtadan qorunmaq üçün baobabları sellofana bükür, çiçəkləmə vaxtı gələndə açırlar.

Bu ağacların hər mövsüm yaşıl qalması və çiçəkləməsi o deməkdir ki, onlar əkildiyi torpağa uyğunlaşıb.

Ancaq bulvarın Kukla Teatrı tərəfinə düşən hissəsində əkilmiş iki baobab nə yaşıldır, nə də çiçəkləri var.

Yan-yörədəki yaşıllığı alaq otlarından qoruyan təmizlikçi deyir ki, bu iki baobab quruyub, ona görə çiçək açmır.

Düzdür, ağaca uzaqdan baxanda, üstündə xeyli çiçək görmək olur, amma... Amma sən demə, çiçəklər ağacın özünün deyil, sarmaşığın çiçəkləridir. Demək, “ağac yaşayır” aldanışı üçün iki baobabı sarmaşığa bürüyüblər...

Başqa bahalı ağaclar kimi baobablar da Bakı bulvarına 5 il əvvəl gətirilib. Mütəxəssislər elə o vaxt da bu ağacların yerli iqlimə uyğunlaşamayacağını deyir, bulvarda yerli və üstəlik, ucuz ağacların əkilməsini vacib sayırdılar.

Botanika Bağının mərhum direktoru Oruc İbadlı elə o vaxtlar “Azadlıq” radiosuna söyləmişdi ki, Afrikanın quraq savannalarına xarakterik olan 200 yaşlı baobablar Bakı küləyində yaşaya bilməz. Mərhum botanik bu ağacların bir neçə ildən sonra quruyacağını da vurğulamışdı. İndi o ağaclardan ikisi quruyub.


Ekoloq Telman Zeynalov gətirilmə ağacların yerli təbiətə uyğunlaşması üçün Bakıdakı Botanika Bağında azı 5 il adaptasiya dönəmi keçirməsini vacib sayır: “Bu ağaclar sellofan torbanın içində yaşamalıdır. Ayrıca qulluq olunmalı, uyğunlaşandan sonra onlar təbiətə çıxarılmalıdır. Ancaq milyonlarla pul verib gətiriblər, əkiblər və indi də çoxu quruyub. Hamının yadındadır, Şəhidlər Xiyabanına gedən yolda nə qədər evkalipt ağacı əkmişdilərsə, hamısı qurudu. Bir az şaxta olunca, hamısı qurudu. Baobablar da eləcə, nəmişlik görüncə quruyurlar”.

Ekoloqun fikrincə, qənaətcil davranmaq lazımdır, axı bu ağacların başqa ölkələrdən gətirilməsi, daşınması çox baha başa gəlir. Üstəlik, ağaclar quruyanda həmin pullar çölə atılmış olur.

Bəs baobablar niyə quruyub? Bu ağaclara nədən yetərincə qayğı göstərilməyib?

Bakı Bulvar İdarəsi rəisinin müavini Nazim Məcidov deyir ki, Bakı bulvarına xaricdən gətirilən 100 ağacdan biri quruya, ya qurumaya: “Ağaclar quruya, məhv ola bilər. Bu, gözlənilən haldır. Hər işdə bir risk olduğu kimi ağacların da xaricdən gətirilməsində, əkilməsində müəyyən risklər var. Dünyanın hər yerində belədir, bitkidir, tutmaya da bilər. O yer o bitkinin xoşuna gəlməyə də bilər. O bitki uyğunlaşmaya da bilər. Əlbəttə, düzgün qulluq olunmaması da bir səbəbdir. Bulvarda inkişafdan qalan ağacların olduğunu biz də bilirik”.

Botanika Bağının böyük elmi işçisi Asəf Mehrəliyev ağacların quruma səbəblərindən söz açır: “Yəqin gətiriləndə yaxşı çıxarılmayıb, yaxşı köçürülməyib. Bu, əkinlə bağlıdır. Qışda onlar şaxtadan da əziyyət çəkir. Bu ağaclar öz yerlərindən çıxarılanda xeyli və mümkün qədər çox torpaqla çıxarılmalıdır. Bəlkə də kökündə 1 ton torpaq olmalıdır. Bir də ola bilsin, çıxaranda kökü zədələnib, o üzdən quruyub”.

Nazim Məcidovun sözlərinə görə, qurumuş baobabların bulvardan götürülməsinə hələ qərar verməyiblər.

Bulvar İdarəsi rəsmiləri həmin ağacların neçəyə başa gəldiyini demirlər. Qeyri-rəsmi rəqəmlərə görə, baobabların Bakıya gətirilməsi, əkilməsi 30-40 min manata başa gəlib. Ekoloqlar deyirlər ki, qurumuş ağacları çox güman bir müddət sonra çıxarıb zibilliyə atacaqlar. Deməli, yalnız ağaclar deyil, onlara çəkilmiş o qədər xərc də zibil qutusuna atılmış olacaq...
BOLGEXEBER.COM
Bulvardakı baobab ağaclarının ikisi qurudu-FOTO
Bulvardakı baobab ağaclarının ikisi qurudu-FOTO
Bulvardakı baobab ağaclarının ikisi qurudu-FOTO