BolgeXeber.Com » Ölkə » Tofiq Salmanovun xarici “qastrolları”

Tofiq Salmanovun xarici “qastrolları”

29-06-2015, 18:59
Oxunub: 3 229 Tofiq Salmanovun xarici “qastrolları”Rəhbərlik tərəfindən hətta müəllim heyətindən müxtəlif pul yığımlarının həyata keçirilməsi və bu məqsədlə artıq dərs saatlarının yazılması halları isə vəziyyəti daha da gərginləşdirir

Qəzetimizin ötən saylarında biz ölkənin ayrı-ayrı musiqi təhsili müəssisələrində yer almış özbaşınalıqlar barədə aldığımız məlumatlar əsasında bir neçə dəfə tənqidi məqalələr dərc etmişik. Yeni aldığımız məlumatlardan isə belə qənaətə gəlmək olur ki, paytaxtın Xətai rayonu, Keşlə qəsəbəsində, M.Əmirxanov 19 ünvanında yerləşən S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin direktoru Tofiq Salmanovun fəaliyyəti təkcə bu məktəbdə təhsil alan uşaqların valideynlərinin deyil, müəssisənin bəzi əməkdaşlarının da ciddi narazılıqlarına səbəb olub. Təqdim edilən açıqlamalarda direktorun törətdiyi özbaşnalıqlar, işində yol verdiyi ciddi nöqsanlara dair konkret faktlar öz əksini tapmışdır. Həmin məlumatlarda göstərilir ki, qeyri-qanuni şagird qəbulu, icbari qaydada həyata keçirilən pul yığımları məktəbin nüfuzunu aşağı salmaqla yanaşı tədrisin keyfiyyətinə də mənfi təsirini göstərir. Rəhbərlik tərəfindən hətta müəllim heyətindən müxtəlif pul yığımlarının həyata keçirilməsi və bu məqsədlə artıq dərs saatlarının yazılması halları isə vəziyyəti daha da gərginləşdirir. Daxil olan məlumatlarda həmçinin vurğulanır ki, vəzifəsinin öhdəsindən gəlməyi bacarmayan Tofiq Salmanovun nəzarətsizliyi və işdə yaratdığı qeyri-səmimi atmosferin nəticəsində kollektivdə davamiyyət göstəricisi də son dərəcədə aşağı düşmüşdür. Məlumatları təqdim edən mənbə bildirir ki, məktəbdə “ölü canlar” təcrübəsi də geniş tətbiq olunur. Bu heyətin aylıq əmək haqqları köçürülən maaş kartlarının isə demək olar ki, hamısı məhz direktorun əlindədir. Onun bu kartlardan hər ay əldə etdiyi gəlir kifayət qədər böyük məbləğlərdə ifadə olunur. Bundan başqa isə, məktəbdə “ölü canlar” qismində qeydiyyata alınmış müəllimlərdən başqa, real əmək fəaliyyətində olan müəllimlərin də hər birindən ayda müəyyən məbləğdə qeyri-qanuni haqq tutulur ki, bu pullar da bilavasitə məktəb direktoru tərəfindən mənimsənilir. Məlumatlara görə, məktəbdə ixtisaslar üzrə hazırlığın vəziyyəti, mövcud tədris şəraiti, maddi-texniki baza və sairə məqamlara dair vəziyyət də qeyri-qənaətbəxşdir. Eyni zamanda da məktəbin fəaliyyətini əks etdirən rəsmi sənədlərdə bir çox saxtakarlıqlara yol verilir. Redaksiyamıza təqdim olunan məlumatlarda bu da bildirilir ki, məktəbdə ixtisaslar üzrə hazırlığın vəziyyəti, mövcud tədris şəraiti, maddi-texniki baza və sairə məqamlara dair vəziyyət də qeyri-qənaətbəxşdir. Halbuki bütün bu neqativ halların mövcudluğu bu məktəbin əksər əməkdaşlarının fədakar əməyi ilə qətiyyən uzlaşmayan bir haldır. Təəssüflər olsun ki, bu gün ölkənin bir çox orta tədris müəssisələrində oxşar situasiyalar arzuolunmaz dərəcədə çox tez-tez müşahidə olunmaqdadır. Mənbənin sözlərinə görə isə, Tofiq Salmanovun rəhbərlik etdiyi uşaq musiqi məktəbi də avtoritar formada idarə olunan və bir neçə məmurun əlavə gəlir mənbəyi kimi fəaliyyət göstərən həmin müəssisələrdən birinə artıq çoxdan çevrilmişdir. Əlbəttə, istənilən tədris müəssisəsində olduğu kim bu məktəbin də həm istedadlı şagirdləri, həm də öz işini sevən, peşəkar müəllimləri vardır. Əslində buranın faktiki fəaliyyəti də məhz həmin insanların zəhməti ilə təmin olunur. Çünki Tofiq Salmanov tədris ili ərzində bir neçə dəfə xarici ölkələrə səfər edir. Həm də bu səfərlər şəxsi xarakter daşısa da, Tofiq müəllim heç məzuniyyətə çıxmağa da lüzum görmür. Direktorun səfərdə olduğu müddət ərzində isə, aldığı əmək haqqı olduğu kimi, yenə də onun maaş kartına köçürülür. Digər tərəfdən isə, əlimizdə olan müəyyən sənədlər və fotoşəkillər Tofiq Salmanovun xarici səfərlərinin müəyyən təfərrüatları barədə daha maraqlı ehtimallar ortaya qoymuş olurlar. Bəzi dəqiqləşdirmələrdən sonra, həmin təfərrüatlar barədə oxucularımızı da məlumatlandıracağıq...