BolgeXeber.Com » Ölkə » Asif Əsgərov Səbaildəki “pulyığanlarını” əvəzləyir

Asif Əsgərov Səbaildəki “pulyığanlarını” əvəzləyir

30-06-2015, 12:01
Oxunub: 5 311 Asif Əsgərov Səbaildəki “pulyığanlarını” əvəzləyirBu işdə ona bacanağı Zaur Əliyevin kömək etdiyi iddia olunur

Paytaxtın Səbail rayonunda yerləşən “Dostluq” parkının ərazisindəki torpaq sahələrinin qeyri-qanuni satışı ilə bağlı gözlənilən həbslər davam edir. Bu xüsusda ölkə mətbuatında yayımlanan məlumatlara görə, bir neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Famil Quliyev və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulublar. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan qərarı qəbul edilib. E.Məmmədov və F.Quliyev istintaq təcridxanasına göndəriliblər. Qeyd edək ki, BŞBPİ əməkdaşlarının iyunun 15-də keçirdiyi əməliyyat tədbirləri nəticəsində “Dostluq” parkının ərazisinin qanunsuz zəbt olunması və orada şəxsi villaların tikilməsi faktı ilə əlaqədar aparılmış əməliyyat tədbirləri nəticəsində, bu ərazilərin müxtəlif şəxslərə satılmasında vasitəçilik etdiyi iddia olunan, 1972-ci il təvəllüdlü Tərlan Hüseynov adlı şəxs də həbs olunmuşdu. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. Hazırda o, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Lakin gözlənilir ki, həyata keçirilən həbslər heç də bununla məhdudlaşmayacaq. Redaksiyamıza daxil olan məlumata görə, 2-3 gün bundan əvvəl həmçinin Səbail bələdiyyəsinin bir əməkdaşı, bələdiyyə sədri Firdovsi Cəbrayılovun “sağ əli” hesab olunan Toma xanım da həbs olunub. Maraqlıdır ki, ölkə mətbuatında Firdovsi Cəbrayılovun özünün də son hadisələrlə bağlı olduqca şübhəli məqamda olmasına dair iddialar irəli sürülməkdədir. Bəzi mənbələr isə konkret olaraq iddia edirlər ki, məhz Firdovsi Cəbrayılovun imza atdığı qanunsuz işlər bələdiyyənin fəaliyyətinin bərbad hala düşməsi ilə nəticələnib: “Səbail bələdiyyəsi səlahiyyətindəki işləri yerinə yetirməkdə acizdir. Minlərlə sakinə xidmət etməli olan qurum öz fəaliyyətsizliyi ilə daha çox diqqəti cəlb edir. Paytaxtın mərkəzi rayonlarından hesab edilən Səbaildə, bələdiyyənin öz üzərinə düşən işləri layiqincə yerinə yetirə bilməməsi problemsiz ötüşmür. Bələdiyyənin büdcəsi daim boş qalır. Halbuki, il ərzində vergilər hesabına yerli özünüidarə orqanının büdcəsinə külli miqdarda vəsait toplanır. Digər tərəfdən də hər il müəyyən məbləğdə dotasiyalar ayrılır. Sədr həmin vəsaitlərin abadlıq işlərinə xərcləndiyini deyir, amma bələdiyyənin büdcəsinə toplanan vəsaitlərin müəyyən hissəsi təyinatı üzrə istifadə edilmir. Firdovsi müəllim özündən əvvəlki sədrlərin səhvlərini təkrarlamaqla məşğuldur”. Səbail bələdiyyəsinin əməkdaşı Toma xanımın həbsi isə, bilavasitə “Dostluq” parkı ərazisində həyat keçirilmiş qanunsuz torpaq satışlarında da Firdovsi Cəbrayılovun iştirakı olmasına dair ehtimalları təsiq edə bilər. Belə olduğu halda isə, çox güman ki, bələdiyyə sədrinin bu vəziəyə gəlmək üçün Səbail RİH-nin başçısı Asif Əsgərova 500 min manat verməsi barədə irəli sürdüyü iddialar da yenidən diqqət mərkəzinə çəkilə bilər.Bu arada isə, mətbuata Səbail rayonu ərazisində icra başçısının “pulyığanları” kimi tanınan funksionerlərin kimlikləri ilə bağlı yeni açıqlamalar təqdim olunmaqdadır. Bu xüsusda redaksiyamıza daxil olan növbəti məlumatda, Səbail RİH-nin İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin müdiri Pərvanə Kazımzadə barədə maraqlı açıqlamalar təqdim olunub. Qeyd edək ki, Pərvanə xanım Bakı Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Fidumə Hüseynovanın kadrı hesab olunur. Belə ki, F.Hüseynova Binəqədi RİH-nin başçısı olduğu müddətdə, Pərvanə xanım da onun köməkçisi vəzifəsində çalışırmış. Bir müddət sonra, BŞİH-ə təyinat alan Fidumə xanım öz köməkçisini də meriyaya gətirir. Lakin Pərvanə xanım Binəqədi RİH-də əldə etdiyi “peşə vərdişləri”ni BŞİH-də nümayiş etdirməkdə bir qədər tələskənliyə yol verir. Onun hansısa bir maxinasiyası elə fəsadlara yol açır ki, hətta iş vaxtının olmamasına rəğmən, bu kadrın vəzifədən kənarlaşdırılması yönümündə rəhbərlik səviyyəsində təcili tədbir görülür. Mənbə bildirir ki, həmin vaxt səhər saatlarında işə gələn Pərvanə xanım mühafizəçi polislər tərəfindən BŞİH-nin binasına buraxılmır. Səbəbini soruşduqda isə, ona izah olunur ki, bu barədə şəxsən Hacıbala Abutalıbovun göstərişi var. Hətta deyilənə görə, Pərvanə xanımın öz iş otağından şəxsi əşyalarını götürməsi belə, bu barədə məhz Fidumə Hüseynovanın rəhbərlikdən xahişindən sonra mümkün olub. Lakin bu insidentdən bir müddət sonra Pərvanə Kazımzadə artıq Səbail RİH-də İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin müdiri vəzifəsinə təyinat ala bilir. Mənbələrin iddialarına görə, bu gün Pərvanə xanım rayonda fəaliyyət göstərən və onun rəhbərlik etdiyi şöbənin nüfuz dairəsinə hər hansı bir xüsusda aid edilə biləcək bütün müəssisə və təşkilatlardan aylıq haqq yığımlarını böyük “uğurla” həyata keçirir. Lakin Səbail rayonunda müxtəlif məqsədlər üçün və ilk növbədə qanunsuz tikinti işlərinə görə həyata keçirilən pul yığımlarından danışarkən, təbii ki, ilk növbədə Səbail RİH başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyevin fəaliyyəti araşdırılmalıdır. Artıq xəbər verildiyi kimi, bir çox mənbələrin iddiasına görə məhz Zaur Əliyev həbs olunmuş Tərlan Hüseynovun “Dostluq” parkının ərazisində satılan torpaqların sənədləşməsində demək olar ki, bütün hallarda iş gördüyü şəxs olmuşdur. Bundan başqa isə aldığımız məlumatlarda Zaur Əliyevin başçı Asif Əsgərovla qohumluq əlaqələrinə güvənərək, rayon ərazisinin böyük bir hissəsində pul yığımları üzərində əsil monopoliyanı necə yarada bilməsinə dair maraqlı açıqlamalar təqdim olunur. Məsələn, bildirilir ki, bir müddət əvvəl rayonun mərkəzə daha yaxın ərazilərində tikinti işlərinə görə pul yığımlarını Səbail RİH başçısının müavini Yavər Allahverdiyev Həmzə adlı bir əməkdaşın vasitəsilə həyata keçirirdi. Lakin tezliklə Zaur Əliyev Həmzəni nəinkli bu “biznesdən”, hətta ümumiyyətlə Səbail rayonundan uzaqlaşdıra bildi. Aldığımız məlumata görə, Həmzə hal-hazırda artıq Xəzər rayonunda öz xidmətlərini təklif edə bilir. Həmçinin Zaurun “çörəyinə bais olduğu” şəxslərdən daha biri kimi də 8saylı Mənzil Kommunal İstismar Sahəsinin baş mühəndisi Çingizxan Qasımovu göstərmək olar. Aldığımız digər bir məlumatda isə, mənbələr yaxın vaxtlarda Badamdar qəsəbə bələdiyyəsinin sədri Həbib Əsədovun da istefa vermə ehtimalını kifayət qədər yüksək qiymətləndirirlər. Məsələ bundadır ki, Həbib Əsədov qəsəbədə gedən proseslərə Səbail RİH-nin başçısı Asif Əsgərovun tapşırığı ilə nəzarət edir və bütün olanlar barədə birbaşa başçıya məruzə edir. Bu isə bəzi hallarda Zaur Əliyevi öz bacanağı olan Asif Əsgərovla qarşı-qarşıya qoyur. Məsələn, Badamdar qəsəbəsində qanunsuz tikintiyə “göz yumulması” üçün alınan məbləğ 30-50 min manat civarında “oynaya” bilər. Təbii ki, bu hal Zaur Əliyevə başçının kassasına müdaxilə etmək imkanları verir. Həbib Əsədovun məruzələri isə məhz belə imkanları bir qədər məhdudlaşdırır. Digər tərəfdən isə, bəzi mənbələr Asif Əsgərovun özünə sərf etməyən müəyyən kadrları qəsdən Zaur Əliyevlə qarşı-qarşıya qoyduğunu iddia edirlər. Vurğulanır ki, tərəflər arasında bu kimi ziddiyyətlərin yaranması, artıq Zaur Əliyevin qarşısında duran kadr üçün “yola tədarük görməyə” bir siqnal ola bilər...bizimdovr.az



Qarşı tərfin də mövqeyini öyrənməyə hazırıq.