BolgeXeber.Com » Ölkə » GDU-da «gizli dinləmə» qalmaqalı

GDU-da «gizli dinləmə» qalmaqalı

6-07-2015, 10:20
Oxunub: 3 099 GDU-da «gizli dinləmə» qalmaqalıİldırım Qasımov rektorun tapşırığı ilə bütün müəllimləri dinlədiyi iddia edilir, işin icraçısı isə Mahir Nağıyevdir

Gəncə Dövlət Universitetində (GDU) qəribə hadisələr baş verir. JAM.AZ-a daxil olan məlumata görə, ali təhsil ocağı haqqında mətbuatda mütəmadi olaraq məlumatların yer alması artıq rektor Yusif Yusifovu ciddi şəkildə narahat etməyə başlayıb.

Və bu səbəbdəndir ki, rektorun bunun qarşısını almaq üçün bəzi addımlar atdığı iddia olunur. Həmin iddialardan biri isə universitetdə təhsil alan müəllimlərin gizli yolla dinlənilməsi ilə bağlıdır. Jam.az-a verilən məlumata görə, Yusif Yusifovun tapşırığı əsasında bu işi GDU-nun dekanı, rektorun «pul yığanı» kimi ad çıxarmış İldırım Qasımov həyata keçirir. İşin icraçısı qismində isə adı bir neçə gün əvvəl qalmaqala qarışmış kafedra müdiri Mahir Nağıyevin olduğu deyilir.

Xatırladaq ki, Mahir Nağıyev Heydər Əliyevin portiretini hazırlamış Sərəncam müəlliməyə qarşı zorakılıq edərək, onu döymüşdü. Məsələ isə rektor tərəfindən ört-basdır edilir. Hətta döyülən Sərəncam xanıma təzyiqlər edilir ki, şikayətini geri götürsün.

Həmin məlumatda vurğulanır ki, Mahir Nağıyev əldə etdiyi bütün məlumatları dekan İldırım Qasımova çatdırır. Amma bu prosesi hansı şəkildə həyata keçirdiyi məlum deyil. Yəni, bunun dinləmə qurğuları vasitəsi ilə reallaşdırıldığı və ya müəllimlərin arasına «casus» yerləşdirilməsi yolu ilə həyata keçirildiyi hələlik dəqiqləşməyib.

Nəzərinizə çatdıraq ki, ayrı-ayrı adamları gizli yolla dinləmək səlahiyyəti yalnız xüsusi xidmət orqanlarına məxsusdur. Başqa bir qurumun belə bir fəaliyyətlə məşğul olması qanunla qadağandır və bunun üçün heç də az olmayan cəzalar mövcuddur.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
BOLGEXEBER.COM