BolgeXeber.Com » Ölkə » Kollec direktoru tələbələrdən yığdığı pulları kredit verir - Belə də olurmuş...

Kollec direktoru tələbələrdən yığdığı pulları kredit verir - Belə də olurmuş...

11-07-2015, 12:53
Oxunub: 6 009 Kollec direktoru tələbələrdən yığdığı pulları kredit verir - Belə də olurmuş...Qəzetimizin ötən saylarında dərc olunmuş tənqidi materiallarda 2 saylı Bakı Baza Tibb Kollecində baş verən neqativ hallardan bəhs edilirdi

Həmin materiallardan birində biz xüsusi olaraq vurğulamışdıq ki, hələ bir neçə il bundan əvvəl də ölkə mətbuatının səhifələrində kollecdə baş verən neqativ hallar və burda çalışan bəzi şöbə müdirlərinin qanunsuz əməlləri barədə yazılar dərc olunmaqda idi. Həmçinin qeyd olunmuşdu ki, o zaman bildirilən iradlarla qismən də olsa razılaşan direktor Dilarə Məmmədəliyeva işində nöqsanlara yol verən şöbə müdirlərini cəzalandıracağını da bəyan etmişdi. Lakin bütün bu vədlərə baxmayaraq, kollecdə köhnə problemlər bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Kollecdəki mənbələr bildirir ki, Dilarə Məmmədəliyevanın bu müddət ərzində həyata keçirdiyi “islahatları” heç də mütərəqqi adlandırmaq olmaz. Belə ki, kollecdə elə əvvəllər olduğu kimi, bu gün də qiymətləndirmə zamanı tələbələrin savadından daha çox, onların maddi durumlarına fikir verilir. Məsələn, bu gün 2 saylı Tibb Kollecində sessiyanı “uğurla” başa vurmağın qiyməti artıq 500 manat məbləğində müəyyənləşdirilib. Kollecə yeni qəbul olmuş tələbələr növbəti dərs ili başlayandan tələbə biletlərini və qiymət kitabçalarını almaq üçün get-gələ salınırlar. Bəzi imkanlı tələbələr isə rüşvət müqabilində dərslərdən azad olunurlar ki, bu da birbaşa müəssisədə davamiyyətin aşağı düşməsi ilə müşayiət olunur. Öz növbəsində bu hal da əlbəttə ki, kollecdə tədrisin səviyyəsinə öz mənfi təsirini göstərməyə bilməz. Daxil olan məlumatlarda həmçinin Bakı 2 saylı Baza Tibb Kollecində oxuyan tələbələrin praktikaya gedib-getməmələrindən asılı olmayaraq, təcrübə müddətinin sonunda onlardan müəyyən məbləğdə pulun tələb olunması qeyd edilir. Bakı 2 saylı Baza Tibb Kollecində təhsillə yanaşı təlim-tərbiyənin də səviyyəsinin qənaətbəxş olmadığını dilə gətirən mənbənin sözlərinə görə, kollecdə normal dərs deyən cəmi 5-10 nəfər müəllim var. Qalanları isə ancaq nə yolla olursa-olsun, tələbələrdən əlavə pul çıxarmağı düşünürlər. Artıq qeyd olunduğu kimi, bütün bu yığımlardan əldə eilən vəsaitlər isə ilk növbədə kollec direktorunun biznes şəbəkəsinin genişləndirilməsinə xərclənir. İddialara görə, məhz burada yığılan pullarla D.Məmmədəliyeva özünə 6-cı mikrorayonda gözəllik salonu və lombard açıb.Biz bundan əvvəl də şəhər və rayonlarımızda fəaliyyət göstərən kolleclərin bir çoxunda kök salmış neqativ hallardan bəhs edən tənqidi materiallar dərc etmişik. Həmin yazılarda biz hər dəfə belə bir fikri də xüsusi olaraq vurğulamışıq ki, kollec sistemi təhsil sahəsinin ayrılmaz və çox önəmli bir hissəsidir. Məhz elə bu səbəbdən də bu gün olkəmizdə təhsil və səhiyyə sahələrində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər və tibbi təhsil sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Hər zaman yadda saxlamaq lazımdır ki, bu sahədə əldə olunan uğur və nailiyyətlər ümumilikdə təhsilmizin və səhiyyəmizin inkişafına böyük təkan verir. Bununla belə hələ də bu tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara tez-tez rast gəlmək olur. Bakı 2 saylı Tibb Kollecində yer almış neqativ hallar da məhz bu deyilənləri təsdiq edən təzahürlər kimi diqqəti cəlb edir. Məlumatlarda qeyd olunur ki, kollecdə rüşvətin kök salması səbəbindən tələbə-müəllim münasibətləri də etik qaydalardan xeyli uzaqlaşıb. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti tamamilə dəyişib. Həmçinin, onlar davranışlarında da mənfiyə doğru xeyli sərbəstləşiblər. Yəni, bu və ya digər fənn üzrə imtahandan pulla qiymət almağın mümkünlüyünü görən tələbə artıq dərslərdə iştirak etməyə də maraq göstərmir. Bütün bunlara baxmayaraq kollec rəhbərliyinin yol verdiyi özbaşnalıqlar və çeşidli qanun pozuntuları hələ də Səhiyyə Nazirliyinin diqqətini cəlb edə bilmir...