BolgeXeber.Com » Ölkə » “Gir evə, qızla nə istəyirsən elə” - “Maklerlər bağı”ndan reportaj

“Gir evə, qızla nə istəyirsən elə” - “Maklerlər bağı”ndan reportaj

11-07-2015, 17:24
Oxunub: 7 381 “Gir evə, qızla nə istəyirsən elə” - “Maklerlər bağı”ndan reportaj"Ağzımı açdırma da, - səsi xırıldayır. – Onların hamısı maşşennikdi"

Maksim Qorkinin hekayələrindəki adamları həyatda da tapmaq olur. Ədəbiyyat onları görmək və bizə göstərmək üçün sadəcə bir vasitədir.

Məsələn, gəlin “Neftçilər” metrosunun yaxınlığındakı parkda dayanıb çörəkpulu qazanan adamlarla tanış olaq. Saat heykəlin qabağında istinin günündə kölgəlik yerə, müştəriyə ümidli maklerləri deyirəm. Burda vaxtilə müəllim işləmiş, ali təhsilli, dünya görmüş insanlar həyatın dibinə yuvarlanıb. Evə bir tikə çörəkpulu qazanmaq dərdi onları bura gətirib çıxarıb. Nə vaxtsa tarixə düşəcək bir adı var bu adamların məskəninin: “Maklerlər bağı”. Uzun, aşağıya doğru axan çayı xatırladır bu park.
“Gir evə, qızla nə istəyirsən elə” - “Maklerlər bağı”ndan reportaj


Kirayə həyat

Kirayə ev axtarışında olduğumu biləndə bir neçə nəfər yaxınlaşır. Ağız deyəni qulaq eşitmir: “Cavan oğlan, Zabratda 200 manata əntiqə bir ev var”, “Tələbəyə oxşayırsan, gəl sənə ucuz yer tapacam”, “Kimnən qalacaqsan?”, “Nə qədərə gücün çatır?” Tünlük artır, hərə öz evini tərifləyir, dağın başına qoyur, şirin dilini işə salır.

- 100 manata verirəm. Gəl bura. – bir yaşlı kişi məni qırağa çəkir.

- Dayı, hardadır o ev?

- De ha, burda, Neftçilər tərəfdə. İstəyirsən, gedək göstərim? Hamamı, tualeti, hər şeyi qaydasındadır. Bir otaqlıdır. 150-di, sənə 100-ə verirəm. – dartışdırmağa başlayır. - A kişi, narahat olma deyirəm də... Belə ev tapa bilməzsən heç yerdə. Papamın canı burdan 20 manat-zad qalacaq mənə. Ev yiyəsindən ucuza dedim e sənə.



Üzümə baxır, inanıb-inanmadığımı dəqiqləşdirmək istəyir. Onun dediyi ev burdan elə də uzaq deyil, vaxtilə gənc ailə qalıb, sonra rayona köçüblər. Qonşular da çox mehriban, qonaqpərvər, əl tutan, səxavətli. Dayı kirimək bilmir, dil qəfəsə qoymadan üyüdüb tökür.

- Peşman olmazsan. – qulağıma əyilir. – burdakılara inanma. Hamısı fırıldağın yekəsidir. Özlərinə pul qalsın deyə çox deyirlər. Sən də baxıram saf uşaqsan, aldanarsan...
“Gir evə, qızla nə istəyirsən elə” - “Maklerlər bağı”ndan reportaj


Satışda ev var

- Ay bala, bəri dur görüm.

Kök, balacaboy bir qadın məni xilas edir. Dayı əlini yelləməkdə olsun, mən də bu başı bağlı, orta yaşlı xanıma qulaq asım. Əlindəki kağıza “Ev satılır. Qaraçuxurda. 65 min” yazılıb.

- Ev almaq istəyirsənmi?

Kirayə istəyirdim, qəfil bu sualdan diksindim. Yəqin geyim-kecimimdən, danışığımdan varlı-hallı biri hesab edib. Onun gözlərindəki ümid işığı yalan satmağıma kömək edir:

- Hə, ay xala, ev istəyirəm.

- Təksən?

- Hə.

- Gəl, gedək göstərim. Öz evimdi. Makler-zad deyiləm. Təmiz adamam, inan. Məcbur qalıb satıram. Oğlumu evləndirməliyəm. Gözəl evdi, iki mərtəbəli həyət evi. Üst mərtəbə tam remontludu, alt mərtəbəsində az-maz iş qalıb. Razılaşsan 45 minə düşərəm.

65 mindən qəfil bu qədər düşməsi mənə təəccüblü gəlir. Deyəsən, qarımış qızını başından eləmək istəyənlər kimi bu evi də kimə gəldi, neçəyə gəldi satmaq niyyətindədir. Ona görə danışığını şirin salır, üzümə gülümsəyir, məni qarmağa keçirmək üçün kölgəliyə çəkib daha ciddi söhbət edir:

- Sən nə qədər verə bilərsən?

- Vallah, xala 35 minə ancaq... – ağlıma gələn ilk rəqəmi deyirəm.

- Çıx yuxarı, çox azdı...

- Xala, bundan artığım yoxdu.

- Evlisən?

- Yox, subay.

- Nömrəmi götür, bir şey fikirləşərik.


“Onların hamısı maşşenikdi”

Bu vaxt bir kişi siqaret istəyir, çıxarıb verirəm.

- Mən makler deyiləm, oğlum. Bura məcburən çıxmışam. Bir həyət evim var, onu satmalıyam.

- Maklerlərə niyə demirsiz, dayı?

Üzü çönür, dişinin dibindən çıxanı deməməkdən ötrü siqaretinə qullab vurur.

- Ağzımı açdırma da, - səsi xırıldayır. – Onların hamısı maşşennikdi. Səndən ev götürürlər, sonra onu beş qat qiymətinə satırlar. Bir dəfə başıma gəlib. Ondan sonra tövbə demişəm. Deməli, bir nəfərə deyib ki, sotu 3500-ə verirəm, o da gəlib həyətimə. Halbuki mən 1500 demişdim. O adamı da qovdum, makleri də. İndi heç kimə inam yoxdur. Həm də, oğlum, mənə sroçnu pul lazımdı. Oğlum iflic olub.

Bir anlıq aramızda sükut çabalayır. Ona təsəlliverici sözlər deyirəm, hiss edirəm ki, danışdıqlarım heç özümü də aldatmağa bəs eləməz. Oğlu ayağından, qollarından qıc olub, yeriyə, hərəkət edə bilməyib. Nə qədər dava-dərman, həkim, xeyir eləməyib.

- Son çarə, Almaniyadır. Ona görə evi satıram. Tək oğlumdur. Nə olar, mənə kömək elə, sənin də hörmətini eləyərəm.

Nəsə deməyimə imkan vermədən davam edir:

- Dostundan, tanışından kim varsa, ev axtaran, denən. Ala bu da nömrəm, yaz.

İki nömrə verir, “Nizami Məştağa” deyə qeyd edirəm. Sağollaşıb getmək istəyirəm, o isə danışmağa davam edir, mənə son ümid kimi baxır, açığını deyim, ürəyimdə ona kömək edə bilməyəcəyimi anladığım üçün içim-içimi yeyir.


“Gir evə, qızla nə eləyirsən elə”

Bu dəfə cavan bir oğlan yaxınlaşır:

- Ev lazımdı, qaqa?

- Hə, amma saatlıq. – valı dəyişirəm.

- Neçə saata?

- İki-üç...

- Bomba bir evim var, Koroğlu metrosu tərəfdə, hamam, tualet, çiçək kimi...

- Neçəyə? – sözünü kəsirəm.

- 60 manat.

- Bahadı.

Aralanıram, bir azdan bir neçə adam qabağımı kəsir, aralarında bir xanım da var.

- Bu gün gələnlərin hamısı saatlıq ev istəyir. Nə məsələdir, görən? – Kök bir kişi qarnını tumarlayıb bığaltı qımışır.

Qaz kimi yırğalanan, bər-bəzəkli xanım səsini başına atır, gənclər pozulub, burda biz belə şeylər eləmirik, nə bilim nə... Qadını susdurmağa çalışır və uzaqlaşıram. İki cavan oğlan məni yarı yolda saxlayır:

- Qaqa, evi verərdim e, amma işverən o qədərdi. Sən indi qızla gedəcəksən. Birdən qonşulardan biri gördü, dedilər ev yiyəsinə, o da mənim mazqimi xarab eləyəcək.

Birinci danışdığım oğlan hardansa tünlükdən, yerdən çıxan qarışqa kimi pırtlayıb ortaya çıxır:

- A kişi, sənə ev verəcəm. 30 manat ver mənə. Gir qızla nə istəyirsən elə.

Mamlımatan, yeriyəndə qaz kimi dövrə vuran qadın səsini başına atır:

- Cəhənnəm olun, burdan. Ev verənin də, ora qızla girənin də... – bura yazılmayacaq söyüşlər söyür. – Buna bax, utanmır, qız gətirəcək. Camaatın evi nədir sizin üçün?

Oğlan gülümsünür, kürəyimə vurub deyir ki, qardaş, sənin işin alınmadı. Guya kor-peşman ordan aralanıram.

Yazıçı makler

Hə, burda bir də yazıçı var, adının çəkilməyini istəmir. Hətta şəkil çəkdirməyimizə də razı olmur. Gəlin, onun hekayəsinə qulaq asaq:

“Tiflis Dövlət Universitetində, rus filologiyasında oxumuşam. AYB-nin üzvüyəm. İki kitabım çıxıb. Bu işdən əvvəl bir neçə yerdə işləmişəm, çətinliklər çəkmişəm, hekayələrimi yazmışam. Gec evlənmişəm, 35 yaşında, özü də məcburən. Mən düşünürəm ki, evlilik yazıçıya mane olur.

Qız kəndçimiz idi, atam, anam məcbur elədi, razı oldum çarəsiz. Bir neçə il Gürcüstanda müəllim işləmişəm. Bakıya ailəmlə bir yerdə köçdük, elə o vaxtdan burda qalıram. Çap olunmağımda o vaxt elə də problem olmayıb. İlk dəfə “Pioner” jurnalında balaca bir şeirim gedib. Sonra da ard-arda dərc olunmuşam. Kitabım Bayatı mağazasında satışdadır. Özümü göstərmək, gözə soxmaq kimi iddiam yoxdur”.
“Gir evə, qızla nə istəyirsən elə” - “Maklerlər bağı”ndan reportaj

Sonra maklerliyə necə başladığını danışır:

“Maklerlik yəhudilərin peşəsi olub, sonra onlar köçdükdən sonra biz bu işə sahib çıxmışıq. Mən təsadüfən bu işə girmişəm. Ağacın yanında durmuşdum, bir kişi yaxınlaşdı ki, maklersən, dedim, hə. Makler gərək birincidən yalan deyə. Doğrusu, heç bilmirdim bu işi.

Bu kişinin evini sata bilmədim. Sonra bir qadın ev almaq istəyirdi, bir neçə maklerlə söhbət edirdi, mən də orda boynubükük oturmuşdum. Axırda dedim, ay bacı, məndə də ev var. O da dedi ki, bıy, ay camaat, pakistanlıya bax necə bizim dildə gözəl danışır. Mən də zarafatla dedim, pakistanlının evinə baxmaq istəyirsən deyəsən. Razılaşdı, getdik baxdı, evi bəyəndi, aldı, mənə də xidmət haqqı kimi 200 dollar verdi”.

Maklerlər bağından uzaqlaşanda anladım ki, bu həyatda çox adam öz həqiqi rolunu oynamır, hamı başqasının rolunu ifa etməyə məcburdur.

Lent.az