BolgeXeber.Com » Ölkə » Daha bir tikinti şirkəti fırıldaqçı çıxdı - Prezidentə şikayət olundu

Daha bir tikinti şirkəti fırıldaqçı çıxdı - Prezidentə şikayət olundu

16-07-2015, 12:07
Oxunub: 3 637 Daha bir tikinti şirkəti fırıldaqçı çıxdı - Prezidentə şikayət olundu"İllərdir əziyyət çəkib ev almışıq, indi kimsə gəlib mənzilimizə sahiblənmək istəyir"

Məlum olduğu kimi, son illər mənzil fırıldağı ilə məşğul olan tikinti şirkətlərinin sayı xeyli artıb. Vətəndaşların etibarından sui-istifadə edən MTK və MMC rəhbərləri bir mənzili bir neçə şəxsə satmaqla özbaşınalıq törədirlər. Təəssüf ki, əksər hallarda belə fırıldaqdan əziyyət çəkən insanların şikayəti araşdırılmır və nəticədə onlara külli miqdarda maddi ziyan dəyir. Dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi döngə 3, ev 14-də qeydiyyatda olan, Xətai rayonu Neapol küçəsi 26 a ünvanında yaşayan Qədimov Rəşad Həsən oğlu da mənzil problemi ilə üzləşib. Şikayətçi deyir ki, 2011-ci ildə 36 min manat ödəyərək Neapol küçəsi 26 a ünvanında "Fateh-N" MMC tərəfindən inşa olunan hündürmərtəbəli binadan 108,4 kvadratmetr sahəsi olan mənzil alıb. Tikinti işləri aparılan ərəfədə şirkətin sahibi Ələsgər Ömərov vəfat edib və bundan sonra MMC yiyəsiz qalıb: "Binadan aldığım mənzilin pulunu tam ödəmişəm. 2011-ci ilin sonunda mənzili təmir edib ora köçdük. Hazırda həmin mənzildə yaşayırıq. Şirkətin sahibi Ələsgər müəllimin sağlığında hər şey öz qaydasında gedirdi. O öləndən sonra binada təmir-tikinti işləri yarımçıq qaldı. Binanın bütün kommunal problemlərini şəxsi vəsaitimiz hesabına yoluna qoymuşuq. Su, kanalizasiya çəkmişik, lift quraşdırmışıq və sair. Bina camaatı acınacaqlı vəziyyətdə yaşayır. Ələsgər Ömərov dünyasını dəyişəndən az müddət sonra Etibar Həsənov adında biri peyda oldu. İddia etdi ki, bizim yaşadığımız və daha 10 mənzil ona məxsusdur. Bildirdi ki, binanın yerində əvvəllər ona məxsus sex, avtoyuma məntəqəsi və qaraj olub. MMC tərəfindən ona vəd edilib ki, həmin obyektlərin əvəzində Etibar Həsənova 11 mənzil veriləcək. Maraqlıdır ki, bu şəxs şirkətin sahibi rəhmətə gedəndən sonra ortalığa çıxıb". R.Qədimovun sözlərinə görə, Etibar Həsənov "Fateh-N" MMC-yə qarşı Xətai Rayon Məhkəməsində iddia qaldırıb. Hakim Misirzadə Namidar Əlövsət oğlunun sədrliyi ilə 23 iyun 2015-ci ildə açıq məhkəmə prosesi keçirilib: ""Fateh-N" MMC-yə və qeyrilərinə qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzillərə sahiblik və istifadə hüquqlarının tanınması, mənzillərdən çıxarma, mənzillərin təhvil verilməsi iddiası ortaya qoyulmuşdu. 14 nəfərin etirazına baxmayaraq, hakim bizim əleyhimizə qərar çıxardı. Bir ay müddətində apelyasiya şikayəti verməsək, işi icraata yönəldib mənzillərimizi boşaldacaqlar. Etibar Həsənovun məhkəmədə qaldırdığı iddianın heç bir əsası yoxdur. Çünki "Fateh-N" MMC ilə onun arasındakı məsələ hələ illər öncə yoluna qoyulub. Ələsgər Ömərovun ölməsini fürsət bilən Etibar Həsənov saxta yollarla yaşadığımız mənzilləri ələ keçirməyə çalışır. Xətai Rayon Məhkəməsinin hakimi Namidar Misirzadə ədalətsiz qərar çıxarmaqla ona yardım etmiş oldu".

Daha sonra Rəşad Qədimovun anası Tamara Qədimova yaranmış problemlə bağlı etirazını dilə gətirdi: "Hazırda yaşadığımız mənzil mənim adımadır. Oranı alanda Ramil Şükürov, Mahir Kərimov, Elşad, İsa və Orduxan adlı şəxslər binanın qarşısında söhbət edirdilər. Biz ev axtarırdıq. Binanın qarşısına çatanda gördük ki, bu şəxslər söhbət edirlər. Onlar mənzil axtardığımızı görüb bizə yaxınlaşdılar və bildirdilər ki, binada boş ev var. Mənzilin probleminin olub-olmamasını soruşduqda "yoxdur" cavabını verdilər. Pulu sayıb Ramil Şükürova verdim. Bütün sənədlərdə Mahir Kərimovun imzası qeyd olunurdu. O "Fateh-N" MMC-nin icraçı direktoru idi. Bu şəxslər hamısı bir-biri ilə əlaqəlidir. Binada qoca, uşaq, cavan adam yaşayır. Camaat stressdən birtəhər olub. İllərdir əziyyət çəkib ev almışıq, indi kimsə gəlib mənzilimizə sahiblənmək istəyir. Xətai Rayon Məhkəməsinin hakimi Namidar Misirzadə 15 dəqiqə ərzində Etibar Həsənovun lehinə qərar çıxardı. Harda görülüb ki, hakim belə qısa vaxt ərzində qərar qəbul etsin? Hakim 14 nəfərin etirazına məhəl qoymadı. Məhkəmədə Mahir Kərimov da iştirak edirdi. Onlar əvvəlcədən bu işi düzüb qoşmuşdular. Etibar Həsənov hakimi "görməsəydi" xeyrinə qərar çıxartdıra bilməzdi. Hakim açıq-aşkar şəkildə bizim hüquqlarımızı və ölkəmizin qanunlarını pozdu. Mənim həyat yoldaşımın babası Həsən bəy Qazıyev olub. Həyat yoldaşımın da adı Həsən bəy Qazıyev idi. Mən sizin vasitənizlə cənab prezident İlham Əliyevdən və birinci xanım Mehriban Əliyevadan kömək istəyirəm. Yaşadığımız binanın yiyəsi yoxdur. Bir qrup şəxs qeyri-qanuni şəkildə mənzillərimizi ələ keçirib pul qazanmaq istəyir. Biz heç kimə mənzil verən deyilik. İndiyə qədər binadakı bütün işləri öz pulumuzla görmüşük. Niyə Etibar Həsənov Ələsgər Ömərov sağ olanda məhkəmə iddiası qaldırmırdı? Prezidentimizdən xahiş edirəm ki, yaşadığımz binanın dövlətin balansına keçirilməsi üçün göstəriş versin. MMC-nin nümayəndəsi Mahir Kərimov Ali Məhkəmədə işləyən qardaşı Fərhad Kərimova güvənir. Buna görə də Etibar Həsənovla birlikdə bizə qarşı belə kampaniya aparır. Bu qanunsuzluğa göz yuma bilmərik". Ümid edirik ki, aidiyyəti dövlət qurumlarının rəsmiləri vətəndaşların şikayətini tezliklə araşdıracaq və onların hüququnu müdafiə edəcək.gundelik-baku.com

Yazıda adı çəkilən bütün şəxsləri də dinləməyə hazırıq.