BolgeXeber.Com » Ölkə » Sabirabadda baş həkim özü "xəstəlik mənbəyidir"... - NARAZILIQ VAR...

Sabirabadda baş həkim özü "xəstəlik mənbəyidir"... - NARAZILIQ VAR...

24-07-2015, 17:46
Oxunub: 3 775 Sabirabadda baş həkim özü "xəstəlik mənbəyidir"... - NARAZILIQ VAR...Sabirabad Rayon Mərkəzi Xəstəxanasında az sayda peşəkar kadr var.

Son zamanlar başverənlər göstərir ki, Azərbaycan səhiyyəsinin vəziyyəti günü-gündən pisləşir. Paytaxt daxil olmaqla regionlarda səhiyyənin vəziyyəti heç də ürəkaçan deyil. Artıq xeyli vaxtdır ki, bu sahədə olan problemləri işıqlandıraraq diqqətinizə çatdırırıq. Məqsədimiz isə tibb sahəsindəki mövcud problemlərin aidiyyəti qurumlar tərəfindən həllinə nail olmaqdır. Lakin çox təəssüf ki, bu sahədəki çatışmazlıqlar həddən artıq çox olduğundan yazmaqla bitmir. Bu gün səhiyyəmizdə ən aktual problemlərdən biri son illər ana və uşaq ölümlərinin baş verməsidir. Artıq hər gün ana və uşaq ölümü faktına rast gəlirik. Xüsusilə də ana və uşaq ölümü regionlarda baş verir. Ana və uşaq ölümü ən çox Sabirabad rayonunda baş verir. Son zamanlar bu rayonda ana və uşaq ölümü halları pik səviyyəyə çatıb. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovdur.

Bu şəxsdən öncə də rayon səhiyyəsinin vəziyyəti heç də ürəkaçan deyildi. Rayon sakinləri ümid edirdilər ki, Əziz Mikayılovun rəhbərliyi zamanı tibb sahəsində mövcud problemlər az da olsa həllini tapacaq. Lakin bu şəxsin rəhbər təyin olunmasından sonra vəziyyət heç də yaxşılığa doğru dəyişmədi. Əksinə bərbad vəziyyətdə olan rayon səhiyyəsini daha da pisləşdirdi. Adıçəkilən rayonun səhiyyə sistemindəki çatışmazlıqlarla bağlı cumhuriyyet.az-ı bilgiləndirən rayon sakinlərindən biri bildirdi ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Digər tərəfdən Əziz Mikayılov dərman preparatlarının satın alınması əsasında dövət tərəfindən ayrılan vəsaitləri mənimsəyir. Bundan əlavə, rayon mərkəzi xəstəxananı lazımi tibbi avadanlıqlarla təmin etmir.

Bu gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin ən böyük problemlərindən biri də peşəkar olmayan şəxslərin adıçəkilən tibb ocağında fəaliyyət göstərməsidir. Həmin şəxslər xəstəxanaya işə düzəlmək üçün Əziz Mikayılova “şirinlik” veriblər. Bundan başqa xəstəxana heyəti Əziz Mikayılovu saymırlar. Orada çalışan həkimlər xəstələrə istədikləri qiyməti oxuyurlar. Ona görə də Sabirabad səhiyyəsi uçuruma sürüklənir. Baş verən bütün neqativ halların səbəbi isə xəstəxanada hökm sürən özbaşınalıq, qanunsuzluq və rüşvətxorluqdur. Kim nə istəyir edir. Bir sözlə, bəzi həkimlər xəstəxanada “at” oynadırlar. Bir neçə həkim bir-biri ilə hətta yola belə getmirlər.

Saatlı rayonundan olan adının çəkilməsini istəməyən xəstə yaxınları deyirlər ki, rüşvəti onlardan ödəniş adı ilə alırlar. Etiraz edənlərə isə baş həkim Əziz Mikayılovun göstərişinin olduğunu bildirirlər. Hətta narazılıq edənlərə deyirlər ki, rayonda yeni xəstəxana binası tikilir. Tikinti işləri yarımçıq qaldığına görə, toplanan «ödənişlər» də tikintinin davam etdirilməsi üçün sərf olunur. Sabirabadda yerləşən Periental Mərkəzin baş həkimi isə Günay Xəlilova da narazılara əzbərlik cavabları verir. Qeyd edək ki, Tibb Universitetinin məzunu olan Günay Xəlilova bu vəzifəsinə qədər heç bir yerdə yüksək həkim postu daşımayıb. Onun atası 2005-ci ildə Sabirabad 63 saylı seçki dairəsindən deputatlığa namizəd olub. Və həmin seçkilərdə külli miqdarda pul xərcləyən imkanlı şəxs kimi ad çıxarıb. Söhbət Mirzəcan Xəlilovdan gedir ki, bu şəxs də «Azərsu» Açıq Səhmdar Cəmiyyətində yüksək vəzifədə işləyir. Məlumatlara əsasən baş həkim Əziz Mikayılovla Günay Xəlilovanın atası Mirzəcan Xəlilov arasında hətta biznes ortaqlığı da var. Onların Kür çayının sahilində bir neçə şadlıq evi və restoranlarının olduğu söylənilir. Yeri gəlmişkən qeyd edək ki, ötən ilin mayın 23-də Sabirabad Periental Mərkəzinin baş həkimi Vüsal Məmmədov rüşvət alan zaman videosu yayılmışdı. Sonradan Vüsal Məmmədov Səhiyyə Nazirliyinin qərarı ilə işindən azad edildi. Və artıq 1 ilə yaxındır ki, Günay Xəlilova həmin mərkəzə rəhbərlik edir.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında az sayda peşəkar kadr var. Adıçəkilən xəstəxanada həkimlər süni doğuşa üstünlük verirlər ki, pasiyent başqa həkimin növbəsində doğmasın. Lakin hər kəsə bəllidir ki, bu, uşağın qüsurlu doğulmasına səbəb olur. Bu həmçinin cinayət hesab olunur. Rayondakı etibarlı mənbələrdəncumhuriyyet.az-a verilən bilgilərə görə, xəstəxananın doğum evində ginekoloq-həkimlərin səhvi üzündən yeni doğulan körpələrin əksəriyyəti ölürlər. Belə ki, xəstəxanaya müraciət edən hamilə qadınlar normal doğuş üsulu ilə dünyaya uşaq gətirmək istədikləri halda, həkimlər onları qeysəriyyə üsulu ilə doğmağa məcbur edirlər. Bu yolun ağrısız və asan olduğunu düşünən həkimlər, doğuşu həyata keçirən vaxt uşaqların ölümünə səbəb olurlar. Mənbənin sözlərinə görə, həkimlərin səhvindən bir neçə ailə gözüyaşlı qalıb. Həkimlər törətdikləri cinayətlərin üzə çıxmaması üçün özlərindən bəhanələr gətirirlər. Guya ki, doğuş zamanı uşaq ananın bağırsaqlarına dolanıb boğulub, yaxud da hava çatışmazlığı olub. Bu bəhanələr Sabirabad MRX-nin doğum evində sanki şablon şəklinə düşüb. Xəstəxanada təkcə uşaqların ölümünə rast gəlinmir. Doğum zamanı hamilə qadınlar da həyatlarını itirirlər. Həkimlərin düzgün aparmadığı əməliyyatda analığa namizədlər dünyadan köçürlər. Bir sözlə, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkimlər puldan başqa heçnə düşünmürlər. İnsan həyatı onlar üçün o qədər də əhəmiyyətli deyil.Əziz Mikoyılov yanındakı məlumat verəni tanıyırmı?

Ümid edirik ki, Səhiyyə Nazirliyi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında baş verən neqativ halları araşdıracaq və yoluna qoyacaq. Qaraşı tərəfin mövqeyin dərc etməyə şərait yarada bilərik.