BolgeXeber.Com » Ölkə » 5 saylı Doğum Evində nə baş verir?

5 saylı Doğum Evində nə baş verir?

25-07-2015, 15:21
Oxunub: 6 459 5 saylı Doğum Evində nə baş verir?Hamilə qadınlar aldadılaraq qeysəriyyə əməliyyatına cəlb edilirlər

Son illər ana və uşaq ölümlərinin sayı artmaqda davam edir. Demək olar ki, artıq ana və uşaq ölümü cəmiyyət üçün adiləşib. Təəssüf ki, bunun qarşısını almaq müşkül məsələyə çevrilib. Ana və uşaq ölümlərinə müxtəlif səbəblər göstərilsə də, ən əsas səbəb həkim məsuliyyətsizliyi, həkim laqeydliyi və həkim savadsızlığıdır. Səbail rayonu ərazisində yerləşən 5 saylı Doğum Eviylə bağlı redaksiyamıza şikayətlər daxil olur. Belə ki, sözügedən xəstəxanada vəziyyət dözülməz hala çatıb. Qeyd edək ki, bu xəstəxanada ana və uşaq ölümləri tez-tez baş verir. Lakin hər dəfəsində də baş həkim məsuliyyətdən yayınır. Günahı öləndə görərək özlərini sudan quru çıxarırlar. Baş verən neqativ hallar səbəbindən bu vaxta qədər heç bir baş həkim məsuliyyətə cəlb olunmadığına görə bu kimi hadisələr hələ də davam etməkdədir. Nə vaxta qədər ölümə səbəb olan həkimlərlə bağlı lazımi tədbirlər görülməyəcək, o vaxta qədər də ana və uşaq ölümlərinin sayı azalmayacaq. Təəssüf ki, dövlət qurumları ana və uşaq ölümlərində çox vaxt birtərəfli mövqe tuturlar. Maraqlıdır ki, ana olmağa hazırlaşan qadının problemi varsa, niyə "savadlı" həkimlər əvvəlcədən bunu bilib aradan qaldırmırlar. Həkim deməsə, qadın xəstəliyini haradan biləcək? Ona görə də öləni günahlandırmaq düzgün deyil. Ölümə bais olan adamlar həkimlərdir. Təəssüf ki, onlar da layiqli cəzalarını almırlar. Belə həkimlərdən biri də 5 saylı Doğum Evinin baş həkimidir. Onunla bağlı konkret tədbirlər görülməlidir.

Bizə verilən məlumata görə, sözügedən xəstəxananın baş həkimi hamilə qadınlara səhhətində problem var deyib qeysəriyyə əməliyyatına razılaşdırır. Son zamanlar ölüm hallarının artmasından ehtiyatlanan hamilə qadınlar isə baş həkimin təklifinə ikiəlli hə deyirlər. Bu da hər kəsə bəllidir ki, qeysəriyyə əməliyyatıyla doğuş təbii doğuşdan qat-qat bahadır. Ona görə də əlavə qazanc əldə etmək məqsədilə qadınları qeysəriyyə üsuluyla doğuşa alırlar.

Son zamanlar körpələrdə bağırsaq dolanması müşahidə edilməkdədir. Bağırsaq dolanması nadir qarşılanan bir vəziyyət deyil. Körpələrin təxminən 20-25% -də doğum əsnasında, bağırsağın boyuna bir dəfə dolandığı görülməkdədir. Hər 500 doğuşdan birində isə bağırsağın iki dəfə dolanmış olması görülür. Hətta bəzən bir ananın körpəsində bağırsaq 5 dəfə boyuna, bir dəfə də körpənin gövdəsinə dolanmış görülə bilər, bu vaxt təbii ki, qeysəriyyə doğuşu edilməkdədir. Ancaq bəzi savadlı həkimlər bunu təbii doğuş zamanı aradan qaldırmaq imkanına malik olurlar. Görünür həmin xəstəxanada həkimlər ya savadsız olublar, ya da özlərinə nə sərf edibsə, onu ediblər.

Xəstəxanada lazımi tibbi avadanlıqlar isə yox səviyyəsindədir. Bu da xəstələrin işini daha da çətinləşdirir. Baxmayaraq ki, dövlət büdcəsindən xəstəxanaya kifayət qədər vəsait ayrılır, sözügedən tibb ocağı isə lazımi avadanlıqlarla təmin olunmur. Bu da vəsaitlərin təyinatı üzrə xərclənmədiyinin göstəricisidir. Ona görə də müvafiq qurumlar sözügedən xəstəxanayla bağlı ciddi ölçü götürməlidir. Qeyd edək ki, Doğum Evinin baş həkimiylə 491-04-35 nömrəsiylə əlaqə saxlayıb deyilənlərə aydınlıq gətirməyə çalışsaq da, zənglərimizə cavab verən tapılmadı.gundelik-baku.com