BolgeXeber.Com » Ölkə » "Soliton" keyfiyyətsiz məhsullarıyla hegemonluq edir - NARAZILIQ VAR...

"Soliton" keyfiyyətsiz məhsullarıyla hegemonluq edir - NARAZILIQ VAR...

8-08-2015, 11:08
Oxunub: 5 322 "Soliton" keyfiyyətsiz məhsullarıyla hegemonluq edir - NARAZILIQ VAR...İstehlakçıların əksəriyyəti öz hüquqlarından xəbərsiz olduqlarından heç bir addım ata bilmirlər

Bu gün ölkədə istehlakçı hüquqlarının pozulması halları hədsiz çoxalıb. Baxmayaraq ki, istehlakçıların hüquqlarının pozulmaması istiqamətində müəyyən addımlar atılır, lakin bu sahədə görüləsi işlər hələ də çoxdur. Demək olar ki, istehlakçılara istər ərzaq istər geyim dükanlarında, istərsə də elektrik malları satan dükanlarda keyfiyyətsiz məhsullar satılır. İstehlakçıların əksəriyyəti öz hüquqlarından xəbərsiz olduqlarından heç bir addım ata bilmirlər. Üzləşdikləri qanunsuzluğa qarşı hansı tədbirlər görəcəklərini bilmirlər. Ona görə də bu gün istehlakçıların hüquqlarının pozulması halları həddindən artıq çoxdur. Bu sahədə müəyyən tədbirlərin görülməsi vacibdir.

Düzdür, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də bu sahədə araşdırmalar aparır. Lakin buna baxmayaraq hər gün minlərlə istehlakçı aldadılır, hüquqları pozulur. Təəssüf ki, mediada bu cür işbazlarla bağlı informasiyalar getsə də, vətəndaşlar bu məsələdə diqqətli olmurlar. Redaksiyamıza daxil olan növbəti şikayət "Soliton" Mağazalar Şəbəkəsi tərəfindən istehlakçının hüquqlarının pozulmasıyla bağlıdır. Şikayətdə bildirilir ki, sözügedən mağazalar şəbəkəsi işçilərinin hüquqlarını pozur. Tez -tez işçi dəyişən "Soliton" Mağazalar Şəbəkəsi işçilərlə əmək müqaviləsi bağlamır. Ürəyi istəyəndə də işçini dərhal işdən qovur. İşçi isə əmək müqaviləsi bağlanmadığına görə hüquqlarını müdafiə edə bilmir. Müvafiq qurumlara da müraciət etsə, ortada heç bir hüquqi sənəd olmadığı üçün isçinin hüquqlarını müdafiə etmək mümkün olmur. Hətta sözügedən mağazalar şəbəkəsində müştərilərə qarşı xidmət də sıfra bərabərdir.

Bundan başqa müştərilər hər ay kredit borclarını adıçəkilən şəbəkənin mağazalarına ödəyirlər ki, bu da "Soliton" mağazalar şəbəkəsinə vergidən yayınmaq üçün tam şərait yaradır.

Bundan başqa sözügedən mağaza keyfiyyətsiz məhsullarıyla bazarda at oynadır. Kredit vasitəsiylə keyfiyyətsiz məhsulları vətəndaşlara sırıyırlar. Məhsul o qədər keyfiyyətsiz olur ki, hətta onu ucuz qiymətə də satırlar. Müştərilər isə məhsulun ucuzluğuna aldanaraq bu cür işbazların toruna düşürlər.

Kreditlə satılan mallardan daha çox şikayətlər gəlir. Saxta malları müştərilərə kreditlə şirnikləndirib satırlar. Təəssüf ki, ölkəyə keyfiyyətsiz məhsulların daxil olmasının qarşısını almaq mümkün olmayıb. Qeyd edək ki, Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi qanunvericiliyin tələblərinə uyğun əsasən, ölkə ərazisində istehsal olunan və ölkəyə idxal olunan bütün növ məhsul, mal və xidmətlərin normativ sənədin tələblərinə uyğunluğuna dövlət nəzarətini həyata keçirir. Qurumun vəzifəsi ölkə ərazisində mənşəyi bilinməyən, keyfiyyətsiz, təhlükəli, normativ sənədlərə uyğun olmayan məhsulların satışını dayandırmaq, idxalının qarşısını almaqdır. Bu da keyfiyyətsiz, saxta cihazların bədbəxt hadisələrə səbəb olması barədə ehtimalların qarşısını almaq məqsədi daşıyır. Azərbaycanda qüvvədə olan "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda malın keyfiyyəti, istehlakçının aldadılması və onun hüquqlarının pozulması kimi məsələlərə istehsalçının deyil, satıcının cavabdeh olduğu birmənalı qeyd olunub. Bu səbəbdən satıcının istehsalçı ilə müqaviləsində hər iki tərəfin məsuliyyəti dəqiq müəyyən edilməlidir. İstehlakçının hüquqlarının pozulduğu bütün hallara satıcı cavabdehdir. İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən sonra satıcının məsuliyyəti daha da artırılıb. Belə ki, keyfiyyətsiz xidmətə görə satıcının cəriməsi 3000 manatdan 5000 manatadək müəyyən edilib. Hətta istehlakçıya düzgün informasiya verməməyə görə satıcı qanun qarşısında cavabdehlik daşıyır. İstehlakçıların hüquqları kütləvi pozulduğu təqdirdə isə, maddi məsul şəxs 3 il müddətinə həbs cəzasına məhkum edilə, yaxud 5000 manatdan 9000 manatadək cərimələnə bilər.\\gundelik-baku.com\\
Qarşı tərəfi də dinləyə bilərik.