BolgeXeber.Com » Ölkə » Pirşağı sakinləri pulsuz tibbi müayinə oluna bilmirlər

Pirşağı sakinləri pulsuz tibbi müayinə oluna bilmirlər

13-08-2015, 16:31
Oxunub: 1 572 Pirşağı sakinləri pulsuz tibbi müayinə oluna bilmirlərBu tibb ocağında yaralı barmağa bint sarıyan tapılmaz

Bu gün ölkəmizdə fəaliyyət göstərən bəzi tibb müəssisələrində hökm sürən özbaşınalıqlar vətəndaşların haqlı narazılıqlarına əsas verir. Qəribədir ki, dövlət tərəfindən məhz bu sahənin inkişafına, əhalinin pulsuz səhiyyə xidmətləri ilə təminatına diqqəti getdikcə artsa da, bu sahədə olan nöqsanlar hələ də azalmaq bilmir. Bir çox dövlət tibb müəssisələrində yol verilən rüşvətxorluq və digər korrupsiya halları xüsusilə kasıb təbəqənin maraqlarına ciddi zərbə vurmaqla yanaşı, ölkə rəhbərliyinin bu sahədə yürütdüyü siyasətin də tamamilə ziddinədir. Bununla belə, ölkənin səhiyyə sistemində neqativ hallara qarşı mübarizə hələ də istənilən səviyyədə aparılmır. Artıq ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz qeyd etmişik ki, bu gün bir çox dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin aşağı keyfiyyəti və bunun müqabilində irəli sürülən qeyri-qanuni pul tələbləri ən çox ictimai narazılıqlara səbəb olan məqamlardandır. Biz dəfələrlə bu xüsusda aparılan müzakirələrə qatılaraq vurğulamışıq ki, hazırda istər paytaxt Bakda, istərsə də rayon və bölgələrimizdə fəaliyyət göstərən və dövlət büdcəsindən maliyyəşən bir çox tibb müəssisələri hələ də ölkə qanunlarından daha çox özlərinin yazılmamış daxili “qanunlarına” riayət edirlər. O cümlədən, redaksiyamıza daxil olan məlumatlarda paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 36 saylı şəhər poliklinikasının baş həkimi Ramidə İbrahimovanın öz fəaliyyətində yol verdiyi saxtakarlıq hallarına dair konkret faktlar təqdim olunur. İlk növbədə poliklinikada yaranmış vəziyyətdən şikayətlənən xəstələr, həmin tibb müəssisəsinin rəhbərliyini saxta arayışların verilməsində ittiham edirlər. Bu barədə məlumatlarda deyilir ki, 36 saylı poliklinikada xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsil kommersiya fəaliyyətinə çevrilib. Bu barədə məlumatlarda deyilir ki, poliklinikada müəyyən olunmuş məbləği ödəməklə, heç bir müayinədən belə keçmədən, tələb oluynan istənilən arayışı dərhal almaq olur. Digər tərəfdən isə, pul ödəmədikdə, bu poliklinikada həqiqi xəstəlik səbəbindən belə bülleten açdırmaq və ya sağlamlıq haqda arayış almaq demək olar ki, mümkünsüzdür. Aldığımız digər bir məlumatda isə Ramidə İbrahimovanın bəzi vətəndaşlara Tibbi Sosial Ekspert Komissiyalarına təqdim etmək üçün verdiyi əlillik barədə arayışın alınması üçün irəli sürülən tələblərdən bəhs edilir. Bildirilir ki, bir illik müddətə verilən belə arayışı almaq üçün baş həkimə “xəstə”nin şəxsiyyət vəsiqəsinin surətini və 250-300 manat civarında pul vermək kifayətdir. Həmçinin aldığımız açıqlamalarda vurğulanır ki, xəstələr bu poliklinikanın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Bundan imtina edən xəstələr isə nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. Bütün həkim və laborator müayinələri, istənilən tibbi prosedurlar və hətta bint, pambıq, plastr və sairə kimi ucuz tibbi ləvazimatlar üçün belə xəstələrdən pul tələb edilir. Ödəniş olmayacağı təqdirdə isə, xəstələrin nə müayinələri, nə də onlara doğru-dürüst müalicə təyin olunması mümkün deyil. Daxil olan digər bir məlumatda isə bildirilir ki, 36 saylı poliklinikanın baş həkimi bu tibb müəssisəsinin kadrlar üzrə mufəttişi ilə əlbir olaraq, ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə adı olub, özü olmayan bu işçilərin əməkhaqlarını mənimsəyirlər.Sonda belə bir məqama da toxunmaq istərdik ki, axır bir neçə gün ərzində redaksiyamıza 36 saylı poliklinikanın fəaliyyətinə dair tənqidi materialların dərcini dayandırmaq xahişi ilə müxtəlif şəxslər tərəfindən müraciətlər olunub.Bununla bağlı bir daha bəyan edirik, qəzetimizin səhifələrində tənqid hədəfinə çevrilməməyin yeganə və ən etibarlı yolu nöqsanları aradan qaldırmaq və şikayətlərə əsas verməməkdir. Bizim isə, heç bir müəssisə, idarə və ya təşkilat rəhbəri ilə şəxsi qərəzimiz yoxdur və ola da bilməz.bizimdovr.az



Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.