BolgeXeber.Com » Ölkə » Ağdam Mədəniyyət və Turizm Şöbəsində özbaşınalıq

Ağdam Mədəniyyət və Turizm Şöbəsində özbaşınalıq

14-08-2015, 11:25
Oxunub: 5 338 Ağdam Mədəniyyət və Turizm Şöbəsində özbaşınalıqŞahin Qasımov hər an vəzifədən uzaqlaşdırıla bilər

Ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən mədəni-maarif müəsisələrinin sayı xeyli çoxalıb. Lakin Mədəniyyət və Turizm Nazirliyinin yerlərdəki şöbələrinin fəaliyyəti heç kəsi qane etmir. Nazirliyin yerlərdəki şöbələrindən biri də Ağdam Mədəniyyət və Turizm Şöbəsidir. Sözügedən mədəniyyət və turizm şöbəsinin müdiri Şahin Qasımovun fəaliyyəti heç kəsi razı salmır.

Vətəndaşları narahat edən məsələlərdən biri odur ki, Ağdam Mədəniyyət və Turizm şöbəsinə tabe olan mədəniyyət müəssisələrində, kitabxanalarda, mədəniyyət evlərində, eləcə də klublarda çalışanların əmək haqları vaxtlı-vaxtında verilmir. Bir çox işçilər var ki, onların sadəcə adları işdə gedir. İşçilərin adlarına alınan əmək haqları isə idarə rəhbərliyinə çatır. Eyni zamanda idarə rəhbərliyinin başqa bir qazanc mənbəyi isə kitabxanaların, mədəniyyət evlərinin və klubların cari təmiridir.

Sözügedən idarənin fəaliyyətindən heç əsər-əlamət yoxdur. Hətta mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin da Ağdam Mədəniyyət və Turizm Şöbəsində yaşanan neqativ hallardan xəbərdar olduğu görünür. Belə ki, bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası zamanı kollegiyanın qərarı ilə Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şahin Qasımova töhmət elan olunub. Lakin bu qərarı çətin ki, şöbə müdiri üçün cəza hesab etmək olar. Əksinə, rayon ictimaiyyətinin Şahin Qasımovun vəzifədən alınacağı və hətta bəlkə də məsuliyyətə cəlb ediləcəyinə dair gözləntilərdə olduğu bir məqamda, şöbə müdiri sanki bir "qulaqçəkmə" olaraq, töhmətlə canını qurtarır. Bizə verilən məlumata görə, Ağdam rayon Mədəniyyət və Turizm Şöbəsinin qanunsuz fəaliyyəti qurumun nəzdində fəaliyyət göstərən musiqi məktəblərində, klublarda və digər analoji müəssisələrdə də çoxsaylı problemlərin yaranmasına səbəb olur.

Bu gün Şahin Qasımovun rəhbərlik etdiyi şöbənin tabeliyində 16 mədəniyyət evi, 14 klub, 51 kitabxana, 3 muzey və 11 uşaq musiqi məktəbində 781 nəfər ixtisaslı mütəxəssis çalışır.

Etibarlı mənbələrin verdiyi məlumata görə, Şahin Qasımov rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələri və turizm şöbələrindən haqq tələb edir. Onları işdən çıxaracağıyla hədələyir. Ona görə də Ağdamdakı mədəniyyət ocaqları və turizm şöbələri şöbə müdirinin tələbini canla-başına yerinə yetirirlər. Əks halda işsizlik təhlükəsiylə üz-üzə qala bilərlər. Ağdam Şəhər Mədəniyyət və Turizm Şöbəsində qanunsuzluq və özbaşınalıqlar açıq-aşkar özünü büruzə verməkdədir.

Əldə etdiyimiz məlumata görə, turizmin və mədəniyyətin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur.

Lakin Mədəniyyət və Turizm Nazirliyinin son kollegiya iclasında qəbul olunmuş qərarlar, artıq bu sahədə də ciddi islahatlara start veriləcəyindən xəbər verir. Ümid edək ki, Bu sahədə aparılan islahatlar müsbət nəticəsini verəcəkdir.
gundelik-baku.com