BolgeXeber.Com » Ölkə » Gəncə Vaqon Deposunda əcaib oyunbazlıqlar... - Cavid Qurbanov isə reaksiyasızlıq nümayiş etdirir...

Gəncə Vaqon Deposunda əcaib oyunbazlıqlar... - Cavid Qurbanov isə reaksiyasızlıq nümayiş etdirir...

15-08-2015, 10:45
Oxunub: 3 243 Gəncə Vaqon Deposunda əcaib oyunbazlıqlar... - Cavid Qurbanov isə reaksiyasızlıq nümayiş etdirir..."Məhz bu məmurun Gəncə Vaqon Deposuna rəis vəzifəsinə gəlişindən sonra, burada yalnız və yalnız problemlər yaşanır...”

Bu günlərdə təqdim etdiyimiz materialda “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində fəaliyyət göstərən Gəncə Vaqon Deposunun fəaliyyətində bir sıra nöqsanların olduğu iddia olunan məlumatlar öz əksini tapmışdı. Müəssisədə çalışan və burada yaranmış vəziyyətdən son dərəcə əziyyət çəkən işçilərdən aldığımız açıqlamalarda Gəncə Vaqon Deposunun rəisi Bəşir Əsədovun yol verdiyi özbaşınalıqlardan və ciddi qanun pozuntularından bəhs olunur. Bildirilir ki, deponun rəisi ilk növbədə ölkənin Əmək Məcəlləsinin tələblərini mütəmadi olaraq kobud şəkildə pozur. Belə ki, müəssisədə çalışan fəhlələr qanunvericilikdə nəzərdə tutulduğundan xeyli artıq işləməyə məcbur edilirlər: “İşçilərin əmək şəraiti çox ağırdır. Bəzi hallarda Bəşir Əsədov onları iş saatından artıq işlədir, amma bunun müqabilində işçilərə əlavə əməkhaqqı verilmir. Həmçinin Bəşir Əsədov rəis vəzifəsinə təyin olunduqdan sonra müəssisənin işçiləri istirahət günləri də işə çağırılırlar. Bu isə birbaşa Əmək Məcəlləsinin və eyni zamanda da işçi hüquqlarının pozulması deməkdir. Bir sözlə, Gəncə Vaqon Deposunda vəziyyət kritik həddə çatıb. Belə vəziyyətin yaranmasının əsas səbəbi isə budur ki, Bəşir müəllim öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilmir. Məhz bu məmurun Gəncə Vaqon Deposuna rəis vəzifəsinə gəlişindən sonra, burada yalnız və yalnız problemlər yaşanır...” Bundan başqa isə aldığımız məlumatlarda müəssisənin resurslarından və ayrılan dövlət vəsaitlərindən də məqsədyönlü istifadə olunmadığı vurğulanır. Nəticədə isə təbii ki, deponun fəaliyyət səmərəliliyi xeyli aşağı düşür. İddialara görə, xüsusilə yük vaqonlarının təmir işlərində bir çox maliyyə maxinasiyalarına yol verilir ki, bu maxinasiyalar da son nəticədə dövlət vəsaitlərinin mənimsənilməsilə müşahidə olunurlar. Digər tərəfdən də, maliyyə resurslarının mənimsənilməsi səbəbindən təmir üçün tələb olunan bir çox detal və ehtiyyat hissələrinin təchizatında axsamalar baş verir. Bu isə öz növbəsində vaqonların təmirdən sonrakı istismarı dövründə böyük risklərin yaranmasına səbəb olur. Bu xüsusda məlumatlarda bildirilir: “Depoda aparılan təmir işlərinin keyfiyyəti də çox aşağıdır. Vaqonların təmiri zamanı külli miqdarda vəsait təyinatdan kənar işlərə sərf edilir. Depo rəhbərliyi rəsmi sənədləşmələrdə təmir işlərinə sərf olunan xərcləri süni şəkildə şişirdərək mənimsəmələrə şərait yaradır. Digər tərəfdən isə, artıq istismara yarasız hissələrin dəyişdirilməsi üçün tələb olunan yeni detal və ehtiyyat hissələri verilmir. Gəncə Vaqon Deposunda əsasən yük vaqonlarının təmir işlərinin həyata keçirildiyindən, burada daha çox büdcə vəsaitləri mənimsəməyə şərait yaranır. Qulluq sahəsi Böyük Kəsik-Ucar, Balakən-Yevlax, Ağstafa-Qazax, Yevlax-Bərdə dəmir yol stansiyaları olan Gəncə Vaqon Deposu tərəfindən il ərzində yüzlərlə vaqonun əsaslı və cari təmir işləri aparılır ki, bunun da nəticəsində deponun rəisi Bəşir Əsədovun şəxsi büdcəsinə külli miqdarda vəsait daxil olur. Bu faktların hər birini araşdırmaq lazımdır...” Amma, deyəsən bütün bu məsələləri yaxın vaxtlarda ətraflı araşdırmaq elə də asan olmayacaq. Daha doğrusu araşdırma aparmaq olacaq, lakin bu zaman Bəşir Əsədovun iştirakını təmin etmək bir qədər çətin olacaq. Məsələ bundadır ki, son aldığımız məlumatlarda mənbələr depo rəisinin qəfil “yoxa çıxdığını” iddia edirlər. Bildirilir ki, artıq bir neçə gündür ki, Bəşir Əsədov işə çıxmır. Həmçinin onun harada olduğunu müəyyənləşdirmək və onunla əlaqə saxlamaq da mümkün deyil. Ehtimal edilir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi daxil olan məlumatlarda irəli sürülən ittihamları nəzərə alaraq, Gəncə Vaqon Deposunda ətraflı yoxlamalar keçirmək qərarına gəlib. Bundan xəbər tutan Bəşir Əsədov isə, bu yoxlama dövründə özünün “hərəkət taktikasını” müəyyənləşdirmək imkanı əldə etmək üçün müvəqqəti “itmək” qərarına gəlib.

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq