BolgeXeber.Com » Ölkə » Aslan İsmayılovdan AZAL prezidentinə sərt ittihamlar

Aslan İsmayılovdan AZAL prezidentinə sərt ittihamlar

19-08-2015, 10:11
Oxunub: 3 361 Aslan İsmayılovdan AZAL prezidentinə sərt ittihamlar“Cahangir Əsgərov Azərbaycan vətəndaşlarına baha qiymətə bilet satır, burada pul qazanır, amma ölkədə heç nəyi yoxdur. Bu adamın malı, mülkü xaricdədir”

İyulun sonlarında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər) avqust ayından etibarən açılacağını elan etdi. Avqust ayı sona çatmaq üzrədir. Ümumi bir araşdırma aparıb elan olunan aşağı qiymətə bilet alan sərnişinləri aradıq. AZAL-ın xidmətindən istifadə etmiş sərnişinlər dedilər ki, belə ucuz bilet almaq istəyiblər, amma tapmayıblar. Kassalarda onlara deyiblər ki, artıq bilet yoxdur.

Belə olduğu təqdirdə haqlı sual yaranır: bəs elan olunan istiqamətlər üzrə ucuz biletləri kim alır? Belə biletlər, ümumiyyətlə, satışa çıxarılırmı?

AZAL-ın mətbuat xidmətinə müraciət edib suallarımıza cavab almağa çalışdıq. Xidmətin telefonlarına israrlı zənglərimiz cavabsız qaldı.

AZAL-ın qiymət siyasətinə qarşı kampaniyanın müəllifi olan tanınmış hüquqşünas Aslan İsmayılova müraciət edib qiymət endirimi haqda fikirlərini soruşduq.

A.İsmayılov AZAL rəsmilərinin elan etdiyi qiymət azalmasının faktiki olaraq baş vermədiyini, biletlərin qiymətinin dəyişmədiyini söylədi: “AZAL-ın saytında ucuz biletlər haqda məlumat var. Lakin kassaya yaxınlaşıb həmin bileti almaq istəyirsən, deyirlər ki, artıq bu bilet yoxdur. Faktiki olaraq ucuz bileti tapıb almaq mümkün olmur. Ucuz bilet almış kimisə tanımıram. AZAL yeni bir mexanizm işə salıb, həmin biletləri özlərinə yaxın turfirmalara verib yenə baha qiymətə satdırırlar. Adını da qoyurlar ki, guya vətəndaşlar özləri alıblar”.

“AZAL prezidenti Azərbaycan dilində danışanlara ikinci sort adamlar kimi baxır”


A.İsmayılov deyir ki, AZAL-ın qiymət oyunbazlığı, sadəcə, vətəndaşların aldadılması deyil: “Atılan addımlar AZAL prezidenti Cahangir Əsgərovun öz korrupsiyasını ört-basdır etməyə hesablanıb. Qiymətlərin aşağı salınması görüntüsünü yaratmaq üçün fırıldağa əl atdı və Moskvaya, Türkiyəyə bir tərəfə təyyarə biletinin qiymətinin 99 avroya endirildiyini bəyan etdi. Məlum oldu ki, belə ”qiymət endirimi" faktiki olaraq əvvəlki bilet qiymətindən baha edir. Yəni bir tərəfə 99 avro, geri dönməyə 99 avro və üstəlik baqaja görə 50 avro ödənilməlidir. Bu barədə yazdıq, onu ifşa etdik. Cahangir Əsgərov elan etdi ki, qiymətləri 30 faiz azaldır. Faktiki isə qiymət azalmayıb. AZAL baha qiymətdən imtina etməyib. Həmin qiymətlərdir".

Tanınmış hüquqşünas deyir ki, C.Əsgərov baha qiymətə bilet satmaqla yanaşı vətəndaşlara şər atmaqdan da çəkinmir: “Cahangir Əsgərov deyir ki, guya Azərbaycan vətəndaşları bahalı biletlər alır, ona görə də qiyməti endirmir. Faktiki olaraq isə problem AZAL prezidentinin inhisarçılığıdır. Cahangir Əsgərov ucuz sərnişin daşımaları həyata keçirən aviaşirkətləri Azərbaycana buraxmır. Bir müddət əvvəl Türk Hava Yollarının Azərbaycanda fəaliyyətini də dayandırmaq istəyirdi. İstəyi bu idi ki, Türk Hava Yollarının bircə reysini saxlasın, qalan reyslər isə AZAL-a verilsin. 2014-cü ilin sonunda Türk Hava Yollarının rəhbərliyi Azərbaycana gəlib Cahangir Əsgərovla böyük bir mübahisə etdi. Cahangir Əsgərov istəyini həyata keçirmək üçün israr etmişdi. Belə olanda ona demişdilər ki, AZAL İstanbula buraxılmayacaq. Bundan sonra o, geri çəkildi. Lakin şərt qoydu ki, Türk Hava Yollarının təyyarələrinin biletləri AZAL biletlərindən ucuz olmamalıdır. Cahangir Əsgərov ucuz sərnişin daşımaları ilə məşğul olan aviaşirkətlər -Wizzair, PEGASUS-u da Azərbaycana buraxmır. Bu vəziyyətdən Azərbaycanda qazanan Cahangir Əsgərov, ölkə kimi isə Gürcüstandır. Xaricə getmək istəyən Azərbaycan əhalisinin yarısından çoxu Gürcüstana gedərək oradakı aviaşirkətlərin ucuz biletlərini almaqla istədikləri ölkəyə uçurlar. Bu yaxınlarda Gürcüstanda idim. Orada sorğu apardım. Hər iki vətəndaşımızdan biri dedi ki, Tiflisə xarici ölkəyə uçmaq üçün gəlib. Cahangir Əsgərov baha qiymətə bilet satmaqla Azərbaycan vətəndaşlarına zülm edir. Azərbaycan büdcəsinə gedən milyonların da Gürcüstan büdcəsinə axınına yol açır. Bu inhisarçılıqdan böyük pullar qazanır”.

Tanınmış hüquqşünas C.Əsgərovun Azərbaycan vətəndaşına münasibətinə də toxundu: “Cahangir Əsgərov Azərbaycan vətəndaşlarına baha qiymətə bilet satır, burada pul qazanır, amma ölkədə heç nəyi yoxdur. Bu adamın malı, mülkü xaricdədir. Onu Azərbaycan vətəndaşının narazı olmağı, etiraz etməsi də əsla maraqlandırmır. O, Azərbaycan dilində danışmağı da özünə rəva bilmir. İş yerində hamı rus dilində danışanlardır. Cahangir Əsgərov Azərbaycan dilində danışanlara ikinci sort adamlar kimi baxır, öz işçilərini ən ağır sözlərlə təhqir edir. Mənə bu barədə yazanlar var”.

A.İsmayılov vəziyyətdən çıxış yolunu C.Əsgərovun tutduğu postdan uzaqlaşdırılmasında gördüyünü söylədi: “Cahangir Əsgərov kimi azərbaycanlıları sevməyənlər vəzifədə olmamalıdırlar. Bu sahədə inhisarçılıq götürülməli, dünyada aviadaşımalarla məşğul olan bütün şirkətlərə Azərbaycandan uçmağa şərait yaradılmalı və ən əsası hava limanı AZAL-ın tərkibindən çıxarılıb digər bir şirkətə icarəyə verilməlidir. Belədə hava limanı biletlərin qiymətindən deyil, uçuşların sayından qazanacaq. Belə olsa, Azərbaycanda təyyarə biletlərinin qiyməti enəcək, ölkəyə gələn turistlərin sayı da dəfələrlə artacaq. Bu gün bunun qarşısını alan AZAL-ın rəhbər işçilərinin, başda Cahangir Əsgərov olmaqla, acgözlüyüdür”.

Qeyd edək ki, prezident İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırıqlar verib.

Bundan sonra Cahangir Əsgərov tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlandığını və aşağıda göstərilən istiqamətlər üzrə AZAL-ın aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər) yaradılacağını açıqlayıb:

- Bakı-Antalya-Bakı - bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə;
- Bakı-İstanbul-Bakı - bu ilin sentyabrcndan başlayaraq hər gün 1 uçuş;
- Bakı-Moskva-Bakı - bu ilin oktyabrından başlayaraq hər gün 2 uçuş;
- Bakı-Dubay-Bakı - bu ilin oktyabyrından başlayaraq hər gün bir uçuş.

Yeni reyslərin başlama tarixinin müxtəlif olması xidmət göstərilməsi üçün hava limanları ilə müqavilələrin imzalanması, xarici hava limanlarında icazələrin alınması kimi prosedur məsələlərlə əlaqədar olduğu da göstərilirdi.

Uçuşların “Embraer” təyyarələri ilə həyata keçirilməsinin də nəzərdə tutulduğu bildirilirdi. Qeyd olunurdu ki, bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.