BolgeXeber.Com » Ölkə » Cahangir Hacıyevin batan "Yeddi təpə"si: Qərar gələn ay veriləcək - FOTOLAR

Cahangir Hacıyevin batan "Yeddi təpə"si: Qərar gələn ay veriləcək - FOTOLAR

20-08-2015, 20:24
Oxunub: 3 438 Cahangir Hacıyevin batan "Yeddi təpə"si: Qərar gələn ay veriləcək - FOTOLAR7 Hills" ("7 təpə") layihəsinin marketinq meneceri Nərmin Quliyeva bu yaşayış kompleksinin aqibətinə dair bəzi məqamları aydınlaşdırıb

Bolgexeber.com-un məlumatına görə, virtualaz.org saytının redaksiyası ilə əlaqə saxlayan N.Quliyeva deyib ki, Mədət Rüstəmovun hazırda "7 Hills" layihəsinə heç bir aidiyyəti yoxdur.

"Layihə başlayanda o, özünün menecment komandası ilə birlikdə layihənin idarəedicisi kimi gəlmişdi. Lakin Beynəlxalq Bankla bağlı problemlər yaranandan və tikinti ləngiyəndən sonra Mədət Rüstəmov layihədən uzaqlaşdı. Hazırda onun "7 Hills" layihəsinə heç bir bağlılığı yoxdur"- deyə menecer bildirdi.

N.Quliyeva onu da bildirdi ki, M.Rüstəmov "Yeni Həyat" şirkətlər qrupunun Direktorlar Şurasının sədri yox, üzvü olub. Və "7 Hills" şirkətinə hazırda Nicat Kərimov başçılıq edir. Şirkətin təsisçiləri haqda isə məlumat açıqlanmır.

"İstəsəniz bu haqda Vergilər Nazirliyinə sorğu ilə müraciət edə bilərsiniz"- menecer deyib.

Layihənin taleyinə gəldikdə isə N. Quliyeva bildirdi ki, "7 Hills" layihəsi Azərbaycan Beynəlxalq Bankı ilə birbaşa əməkdaşlıq çərçivəsində həyata keçirilən layihədir: "7 Hills" mənzil-tikinti kooperativi (MTK) ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC arasında birgə fəaliyyət haqqında 22 dekabr, 2014-cü ildə bağlanmış müqaviləyə əsasən layihənin satışı üçün müştərilərin ipoteka krediti vasitəsilə maliyyələşdirilməsi və ümumiyyətlə layihənin tikintisinin maliyyələşdirilməsi barəsində bankla razılığa gəlinib. Lakin bankda baş verən struktur dəyişiklikləri nəticəsində bu proses dayandırılıb".

Menecerin sözlərinə görə, "7 Hills" layihəsi çərçivəsində yığılmış ödənişlərin bir qismi bankdakı hesabda dondurulub: "Bununla əlaqədar olaraq tikintinin həyata keçirilməsində 3 aylıq ləngimə əmələ gəlib. Buna baxmayaraq sahibkarların hesabına tikintidə bəzi işlər aparılıb və layihənin sənədləşdirilməsi işləri qismən başa çatdırılıb. Hazırda layihənin dayandırılması barədə MTK-nın təsisçiləri tərəfindən hər hansı bir qərar verilməyib. Eyni zamanda layihənin maliyyələşdirilməsi ilə bağlı bankla danışıqlar davam etdirilir. Layihədə ləngimə olsa belə, müştərilər tərəfindən ödənilmiş vəsaitlərdə problemdən söhbət belə gedə bilməz.

MTK-nın təsisçiləri tərəfindən verilmiş qərara əsasən, alınmış mənzilləri geri qaytarmaq istəyən müştərilərin müraciətlərinə baxılaraq ödənişlərin hissə-hissə geri qaytarılması nəzərdə tutulub.

Bunun üçün hal-hazırda müraciətlərə baxılır, analiz edilərək ödəmə qrafiki tərtib olunur. Bu əməliyyat hazırda təsisçilərin vəsaiti hesabına həyata keçirilir. Bankda dondurulmuş vəsaitdən istifadə edilməsi barədə hələ razılığa gəlinməyib".

N.Quliyeva virtualaz.org saytına onu da bildirib ki, "7 Hills" layihəsinin gələcək taleyi, tikinti işlərinin nə vaxt başlayacağı ilə bağlı rəsmi açıqlama sentyabr ayında veriləcək. Onun sözlərinə görə, layihə üzrə tərəfdaş Beynəlxalq Bank olaraq qalır və "Bank Technique" ilə əməkdaşlıq müvəqqəti xarakter daşımaqla ancaq müştərilərdən ödənişləri qəbul etmək üçün idi.
Cahangir Hacıyevin batan "Yeddi təpə"si: Qərar gələn ay veriləcək - FOTOLAR
Cahangir Hacıyevin batan "Yeddi təpə"si: Qərar gələn ay veriləcək - FOTOLAR